Fərdi yaşayış evlərinin qazlaşdırılması necə həyata keçirilir?

15:10 03.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

- Fərdi yaşayış evinin qazlaşdırılması üçün vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməli, ərizə formasını doldurmalı və razılaşma protokolu ilə tanış olmalıdır. Fərdi yaşayış evinin ümumi saatlıq qaz tələbatı 10m3-dən yuxarı olduqda eyni zamanda layihənin hazırlanması məqsədilə texniki şərtin verilməsi üçün də (ödənişsizdir) vətəndaş “ASAN xidmət” və ya "ASAN kommunal" mərkəzlərinə müraciət etməlidir. İcraçı tərəfindən qazlaşdırılma mümkünlüyü yerində araşdırılır, işin həcmi müəyyən edilir və vətəndaşla İcraçı arasında müqavilə bağlanılır. Müqavilə əsasında vətəndaşın vəsaiti hesabına qazlaşdırılma işləri həyata keçirilir. Qazlaşdırılma işləri tamamlandıqdan, məişət qaz sayğacı quraşdırıldıqdan və istismara qəbul edildikdən sonra “Azəriqaz” İB tərəfindən ödənişsiz olaraq qaz sayğacı və abonent qeydiyyata alınır, “smart” qaz sayğacı quraşdırıldıqda abonentə smart kartı verilir, qazın alqı-satqısı barədə müqavilə bağlanılır və müvafiq qaydada təbii qazın verilməsi təmin olunur. Paylayıcı küçə qaz xətti olmayan və ya qaz təchizatı mənbəyindən aralı olan yaşayış sahələrindəki fərdi evlərin vətəndaşların öz vəsaiti hesabına qazlaşdırılması üçün vətəndaş ilk növbədə texniki şərti almaq üçün (ödənişsizdir) “Asan Xidmət” mərkəzinə müraciət etməlidir. Texniki şərt əsasında vətəndaşın öz vəsaiti hesabına layihə hazırlanmalı, müvafiq razılaşdırmalardan keçirilməli və icraçı (əlaqə rekvizitləri “ASAN xidmət” və "ASAN kommunal" mərkəzlərindən  əldə edilməlidir) tərəfindən küçə qaz xətti çəkilməli, “Azəriqaz” İB-nin struktur bölməsinin iştirakı ilə istismara qəbul edilməlidir. Küçə qaz xətti istismara qəbul edildikdən sonra fərdi evlərin qazlaşdırılması yuxarıda qeyd olunan qaydada həyata keçirilir.

***

- Hüquqi şəxslər tərəfindən icarəyə götürülmüş dövlət torpaqlarına görə torpaq vergisi üzrə öhdəlik yaranırmı?

- Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Vergi Məcəlləsinin 207.1.2-ci maddəsinin müddəalarına görə dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaqlar torpaq vergisindən azaddır. “Torpaq icarəsi haqqında” Qanununun 14-cü maddəsinə əsasən icarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır. Qeyd olunanlara əsasən bildirək ki, dövlət hakimiyyəti orqanlarının mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri torpaq vergisindən azaddır. Həmin torpaq sahələri hüquqi şəxslərə icarəyə verilən zaman icarəyəverən dövlət orqanı torpaq vergisinin tədiyyəçisi olmadığı üçün icarəyə götürən hüquqi şəxslər dövlətdən icarəyə götürülmüş torpaq sahəsinə görə icarə haqqı ödəməklə yanaşı, bu torpaq sahələrinə görə dövlət büdcəsinə torpaq vergisi ödəməli və vergi orqanına torpaq vergisinin bəyannaməsini təqdim etməlidirlər.

***

- Kirayə müqaviləsinin təsdiqi ilə bağlı hansı məbləğdə dövlət rüsumu ödənilir?

- Yaşayış sahəsinin kirayə verilməsi müqaviləsinin notariat qaydada təsdiqi ilə bağlı dövlət rüsumu 20 manat, xidmət haqqı 3 manat təşkil edir.

***

- Fərdi sahibkar 2019-cu ildən vergi uçotuna alınaraq kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğuldur. Vergidən azad olunan dövriyyə barədə bəyannamə verməməyə görə fərdi sahibkara maliyyə sanksiyası tətbiq oluna bilərmi?

- Mövcud qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq və vergi oqanına bəyannamə təqdim etmək vergi ödəyicisinin vəzifəsidir. Eyni zamanda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu ildən qüvvəyə minmiş 58.15-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə və ya azaldılmasına görə vergi ödəyicisinə bəyan edilməmiş və ya azaldılmış gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir (kənd təsərrüfatı məhsullarının istehsalçılarına münasibətdə 2020-ci il yanvarın 1-dən qüvvəyə minir). Bu maddənin müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən 2020-ci il yanvarın 1-dən etibarən vergidən azad olunan gəlirlərin bəyan edilməməsinə görə bəyan edilməmiş gəlirin (xərclər çıxılmadan) 6 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.