Türkmənistandan olan iki gənc şair Qırğızıstanın Oş şəhərində keçirilən “Jaşıl aləm” beynəlxalq türk dünyası poeziya müsabiqə-festivalının laureatı olub.
Hafta.az-ın yazdığına görə, münsiflər heyətinin qərarı ilə festivalın 50-yə yaxın iştirakçısı arasında “Türkmənistan” qəzetinin məsul katibi Məhəmməd Bekgiyev və “Nəsil” qəzetinin şöbə müdiri Danatar Qalpakov laureat olublar və onlar Colon Mamıtov adına beynəlxalq medalla təltif ediliblər.

Festival çərçivəsində görkəmli türkmən mütəfəkkiri, Şərqin məşhur şairi Maqtımquli Fraqinin qırğız dilinə tərcümə olunmuş şeirlər toplusunun tərcüməçisi ilə konfrans keçirilib. Görkəmli söz ustadının şeirləri qırğız və türkmən dillərində oxunub.
TÜRKSOY-un baş katibi Sultan Rayev çıxışında türkmən ədəbiyyatının zənginliyini, Maqtımquli Fraqinin şeirlərinin dünya xalqlarını dostluğa, qardaşlığa, birliyə çağırdığını qeyd edib. O, ölkə rəhbərliyinin səyləri nəticəsində Türkmənistanda mədəni diplomatiyanın durmadan inkişaf etdiyini vurğulayıb.