Gözünüz telefonda yox, yolda olsun

12:04 17.11.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev idmançı Hidayət Məhərrəmlinin sükan arxasında telefonla çəkiliş apararkən qəzaya düşməsi və bununla bağlı sosial şəbəkələrdə yayılan görüntülərə münasibət bildirib.

Hafta.az xəbər verir ki, Rövşən Tağıyev sükan arxasında telefondan istifadənin istənilən formasının - istər danışmağın, istər yazışmağın, istərsə də videoçəkiliş aparmağın - həm sürücünün öz həyatını, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini ciddi risk altına qoyduğunu qeyd edib.

Onun sözlərinə görə, cəmi bir neçə saniyəlik diqqət yayınması belə, yolun kənarında dayanan piyadanı, qarşıdan gələn nəqliyyat vasitəsini və ya qəfil yaranan hər hansı təhlükəni görməməyə səbəb olur:

"Sürücünün gözünü yoldan ayırdığı iki-üç saniyə ərzində avtomobilin onlarla metr nəzarətsiz irəliləməsi isə qəzaların başlıca səbəblərindən biridir".

Şöbə rəisi bildirib ki, sükanı tək əllə saxlayıb digər əllə telefonla video çəkmək birbaşa yol hərəkəti təhlükəsizliyinə təhdid yaradır və bu cür davranış bütün hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün real təhlükə mənbəyidir:

"Unutmayaq: sükan arxasında seçim sadədir - ya telefon, ya təhlükəsizlik".