Avropa ərzaq böhranı ilə üz-üzə qalıb

10:51 23.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropada müşahidə olunan kəskin isti hava şəraiti nəticəsində təxminən 2 milyard avro dəyərində taxıl məhsulu məhv olub.

Hafta.az xəbər verir ki, bu barədə "Energy and Climate Intelligence Unit" (ECIU) təşkilatının təhlilinə istinadən "Financial Times" nəşri məlumat yayıb.

Məqalədə bildirilir ki, yeni hesabata əsasən, iyun ayında qeydə alınan yüksək temperatur Avropada dənli bitkilərin ümumi dəyərinin 2 milyard avrodan çox azalmasına səbəb olub. İsti hava şəraitindən ən çox zərər çəkən ölkələr isə Macarıstan və Fransa olub.

Nəşrin məlumatına görə, yüksək temperatur taxılın yetişməsinin ən həssas dövründə Almaniyanın cənubunda, Fransanın mərkəzi və cənub bölgələrində, həmçinin Polşa, Avstriya və Macarıstandakı buğda sahələrinə ciddi ziyan vurub.

"Energy and Climate Intelligence Unit" (ECIU) təşkilatının torpaq, kənd təsərrüfatı və ərzaq məsələləri üzrə eksperti Tom Lankaster bildirib ki, yaranmış vəziyyət fermerlərin gəlirlərini kəskin azaldacaq, onların maliyyə durumuna ciddi zərbə vuracaq və bütövlükdə Avropanın ərzaq təhlükəsizliyini təhdid edəcək.