Türk kimliyini və türk dilini inkar edən İran hakimiyyətinin Güney Azərbaycana qarşı basqıları davam edir. Bölgədə Güney Azərbaycan türkləri övladlarına istədikləri kimi ad verə bilmirlər.
Hafta.az-ın yazdığına görə, GünAz TV-də gündəmə gətirilən xəbərdə deyilir ki, Ərdəbil Əhali Müdirliyi ailəsi tərəfindən “Ayhan” adı qoyulan Güney Azərbaycan türkü körpəyə şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.
Körpə Ayxanın atası Səccad Rəşidi “Vətəndaşlıq Qeydiyyatı İdarəsi deyir ki, Ayhan adı İran adları siyahısında olmadığı üçün ona doğum haqqında şəhadətnamə verə bilməzlər” deyib. Bundan əlavə, ata Səccad Rəşidi sonradan daha bir neçə türk adı üçün sənəd almaq istədiklərini, lakin Ərdəbil Əhali Müdirliyinin bu adları da qəbul etmədiyini bildirib.
Güney Azərbaycanda İran qayda-qanunlarına əsasən yeni doğulan körpələrə ancaq İranın qəbul etdiyi siyahıdan seçilən adlar üçün sənəd verilir. Vətəndaşlıq Qeydiyyatı İdarəsi siyahıda olmayan adları “yad” adlar hesab edir və onların İran kimliyinə zidd olduğunu bildirir.