Hazırkı amnistiya layihəsinin təsir dairəsi daha genişdir – hüquq müdafiəçisi

11:24 04.11.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

8 Noyabr – Zəfər Günü ilə bağlı amnistiya gözlənilir. Milli Məclis “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsini  müzakirə edib. Prezident tərəfindən Milli Məclisə təqdim olunan amnistiya sənədi preambula və 4 hissədən ibarətdir. Orada amnistiya tətbiq edilən şəxslərin dairəsi, amnistiyanın tətbiqinə məhdudiyyətlər, Amnistiya aktının hüquqi qüvvəsi və amnistiyanın tətbiqi qaydaları öz əksini tapıb. Bu amnistiyanı şərtləndirən vacib məqam onun Zəfər Gününə – 8 Noyabr tarixinə həsr olunmasıdır və müzakirəyə çıxarılan sənəd indiki dövrün ən böyük Amnistiya aktı hesab olunur.

 8 Noyabr – Zəfər Günü münasibətilə elan ediləcək budəfəki amnistiya Azərbaycan cəmiyyətində insan hüquq və haqlarına hansı töhfəni vermiş olacaq?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə hafta.az-a açıqlamasında bildirib ki, Prezidentin imzası ilə Milli Məclisə daxil olmuş “8 Noyabr – Zəfər Günü ilə bağlı amnistiyanın elan edilməsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib.

Onun sözlərinə görə, hazırkı qanun layihəsi əvvəlkilərdən daha geniş dairəni əhatə edəcək.  Ç.Qənizadə bildirib ki, bundan öncə verilən Amnistiya aktı  2016-cı ildə I vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Milli Məclisə təqdim edilmişdi və 10 min nəfəri əhatə etmişdi.

“Hazırkı amnistiya layihəsinin təsir dairəsi daha genişdir.  Amnistiya sənədində vacib olan şərtlərə baxdıqda görürük ki, daha çox insanlara şamil ediləcək.  Burada Qarabağ döyüşləri zamanı şəhid olanların ailə üzvləri, yaralılar,  eyni zamanda, Xocalı faciəsi zamanı zərər çəkən insanlar, torpaqlarımızın işğalı nəticəsində zərər çəkən insanların ailə üzvləri, II Dünya müharibəsində iştirak edənlərin ailə üzvləri,  eyni zamanda Çernobl qəzasında iştirak edənlərin özləri və yaxınları və müəyyən yaş qrupu, yaş həddi tətbiq edilməsi ilə bağlı bəndlər bunu göstərir. İndi amnistiyaya düşənlərin sayı ilə bağlı müxtəlif fikirlər var. Bir çox hallarda bunun 15 min olacağı deyilir və bu da mümkündür. Qanun layihəsi hazırlanmamışdan öncə Prezident Administrasiyasının müvafiq qurumlarında  geniş araşdırma aparılıb. Təbii ki, bu maddələrin təsir dairəsinə düşən məhkumların sayı,  azadlıqdan məhrum etmədən cəza çəkən şəxslərin sayı və dairəsi müəyyənləşdirilib. Ona görə də ola bilər ki, 15 min məhkum bu Amnistiya aktının humanizm dəyərlərindən bəhrələnsin”.

Ç.Qənizadə məsələyə “Bir məhkumun sevinci,  təkcə onun sevinci deyil” prizmasından yanaşaraq, bu amnistiyanın hər bir məhkumun ailə üzvlərinə, dostlarına, qohumlarına sevinc bəxş edəcəyinə diqqət çəkib. Onun fikrincə, bunu nəzərə alsaq, 100 minlərlə insanın sevincinə səbəb olacaq bir Amnistiya aktı imzalanacaq.

“Cənab Prezident həmişə xalqımzı özünün humanist qərarları ilə sevindirir. Ötən aylarda da 600 nəfər məhkum olmuş insanımız əfv fərmanının təsiri altına düşmüşdü.  İndi də Amnistiya aktının verilməsi ilə çox sayda insanın sevincinə sevinc bəxş ediləcək. 100 minlərlə insan həm qələbəmiz münasibətilə, həm də amnistiyada azadlığın təmin edilməsi ilə bərabər sevinəcək. Hüquq müdafiəçiləri cənab Prezidentin bu qərarlarını həmişə müsbət dəyərləndirib, alqışlayıb. Bir daha alqışlayırıq! Təşəkkür edirik ki, belə bir həssas vaxtda, həm qarşıdan gələn bayram sevinci,  ümumiyyətlə, ölkədə il ərzində baş verən proseslər, torpaqlarımızn işğaldan azad olunması, şəhidlərimizin olması  və insanların pandemiya dövründə psixoloji gərginlik yaşaması fonunda belə bir gözəl addım atıldı. Bu addımın atılması insanlara sakitlik, sabitlik və sevinc gətirəcək”.