Alternativ nəqliyyat vasitəsi kimi geniş yayılan elektrik skuterlərini Bakının müxtəlif küçələrində məişət tullantıları ətrafında görmək oradan gəlib-keçənləri təəccübləndirməyə bilməz.
Qeyd edək ki, bununla bağlı çox deyilirdi və əməkdaşımız özü də belə bir vəziyyətin - skuterin istifadədən sonra zibil qutularının yanına atıldığının şahidi olub.
Bu skuterlərin zibil qutularının yanında, antisanitariya şəraitində saxlanılması ciddi sual və narahatlıqlar doğurur. Belə şəraitdə qalan skuterlərin sükanı, əyləc qolları və ayaqaltı hissələrinin müxtəlif mikroorqanizmlərlə çirklənməsi qaçılmazdır. Skuterlərin hər istifadədən sonra hansı səviyyədə təmizləndiyi, ümumiyyətlə, təmizlənib-təmizlənmədiyi ictimaiyyət üçün açıq deyil. Skuterlərin kirayəsi ilə məşğul olanların isə bir cavabı var: “İctimai nəqliyyatlarda da antisanitariya qaydaları pozulur, o xəstəlik yaymırsa, çirkli skuterlər niyə xəstəlik yaysın ki?”.
Skuter istifadəçiləri də etiraf edirlər ki, bəzi hallarda skuterlərin üzərində palçıq, məişət tullantılarının izləri, kəskin qoxu, hətta zibil sularının ləkələri olur, amma buna əhəmiyyət vermirlər.
Həkimlər isə deyir ki, ümumiyyətlə, istər ictimai, istər digər nəqliyyatda mütəmadi dezinfeksiya işləri aparılmadıqda, xəstəliyin yoluxması mütləqdir.
Həkim-dermatoloq Bəxtiyar Paşayevlə söhbətimiz zamanı öyrəndik ki, əslində, skuterlər sonradan heç bir dezinfeksiya aparılmadan başqaları tərəfindən təkrar istifadə edildikdə, dəri xəstəlikləri, allergik reaksiyalar, hətta yoluxucu xəstəliklərin ötürülməsi riski yarana bilər.

Həkim deyir ki, bu cür vəziyyətdə olan nəqliyyat vasitəsinin təmizlənmədən yenidən istifadəyə verilməsi, xüsusilə uşaqlar və yaşlılar üçün əlavə risk yaradır:
“İnsanlarımızdan da çox şey asılıdır. Bilməlidilər ki, zibilliklərdə saxlanılan və heç bir sanitariya nəzarəti olmadan təkrar-təkrar istifadəyə verilən skuterlər rahatlıqdan çox potensial sağlamlıq təhlükəsinə çevrilə bilər. Ya istifadədən öncə təmizlənməsini tələb etsinlər, ya da açıq şəkildə çirkli səbəbdən istifadə etmək istəmədiklərini desinlər. Belə olduqda bəlkə də kirayə işinə baxanlar müştərini itirməmək üçün təmizlik, dezinfeksiya işlərinə diqqət ayırarlar”.
Nəqliyyat eksperti Eldəniz Cəfərov isə bildirir ki, elektrik skuterləri ekoloji və rahat nəqliyyat vasitəsi olsa da, onların nizamsız və antisanitar mühitdə saxlanılması, ümumiyyətlə, şəhər mədəniyyətinə ziddir.

“Bu, həm piyadalar üçün narahatlıq yaradır, həm də paytaxtın ümumi estetik görünüşünə mənfi təsir göstərir”, – ekspert vurğulayıb.
“Şəhər sakinləri bu məsələdə həm xidmət göstərən şirkətlərdən, həm də aidiyyəti qurumlardan daha məsuliyyətli yanaşma gözləyir. Ümumiyyətlə, unutmaq olmaz ki, ictimai istifadəyə verilən hər bir nəqliyyat vasitəsi yalnız rahat deyil, təhlükəsiz və gigiyenik də olmalıdır”, - ekspert əlavə edib.
Arzu Zeynallı