Hər bələdiyyə üçün illik dotasiya 10 min 950 manatdır - Deputat

12:05 13.02.2026
Yazını böyüt
Yazını kiçilt

“Hesabatla tanışlıq göstərir ki, 2025-ci il yanvarın 29-da keçirilən seçkilərdən sonra bələdiyyələrin fəaliyyətində nəzərəçarpacaq dəyişikliklər baş verib. Bu, xüsusilə bələdiyyələrin büdcədənkənar maliyyə resurslarını cəlb etməsində özünü göstərir”.

Hafta.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov bu gün Milli MəclisƏdliyyə Nazirliyinin bələdiyyələrlə bağlı hazırladığı hesabat məruzəsinə münasibət bildirərkən səsləndirib.

Deputat qeyd edib ki, 2025-ci ildə dövlət büdcəsindən yerli büdcələrə 7,5 milyon manat dotasiya ayrılıb. Birləşmədən sonra ölkə üzrə 685 bələdiyyənin fəaliyyət göstərdiyini nəzərə alsaq, orta hesabla hər bələdiyyə üçün illik dotasiya məbləği 10 min 950 manat, aylıq isə 912 manat təşkil edir.

Onun sözlərinə görə, bu göstərici bələdiyyələrin imkanlarının genişləndirilməsi üçün maliyyə təminatının daha da gücləndirilməsinə ehtiyac olduğunu göstərir:

“Təbii ki, büdcədənkənar maliyyə mənbələrinin şaxələndirilməsi bu kontekstdə vacibdir”.

V.Bayramov əlavə edib ki, hesabatdan göründüyü kimi, ötən il bələdiyyələrin torpaq və əmlak vergisi üzrə daxilolmaları 26 faiz artıb.

Deputat vurğulayıb ki, dotasiyaların məbləğinin müəyyənləşdirilməsi və bölüşdürülməsi hazırda əsasən kəmiyyət meyarlarına əsaslanır:

“Halbuki, bələdiyyələrin fəaliyyəti də daxil olmaqla, keyfiyyət meyarlarından istifadəyə ehtiyac var. Dövlət büdcəsindən vəsaitlərin bölüşdürülməsi daha çox keyfiyyət indikatorları əsasında həyata keçirilməlidir”.

O, maliyyə təminatı ilə bağlı digər vacib məqama da diqqət çəkib. Bildirib ki, dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi ilə yerli gəlirlərin məbləği arasında kəskin fərq olmamalıdır.

“Hesabatdan da görünür ki, bələdiyyələr mövcud iqtisadi potensialdan tam istifadə etmirlər. Bu isə onların büdcədən asılılığını gücləndirir”.

Tahirə Qafarlı