Nəhayət, qərar verildi, Rusiyadan Türkiyəyə təyyarə reysləri açılır. Bu, sadəcə təyyarələrin uçması deyil, həm də Rusiya vətəndaşlarının kütləvi şəkildə Türkiyənin kurort məkanlarına tətilə axışması deməkdir.
Rusiya yazda koronavirus təhlükəsini bəhanə edərək qardaş ölkəyə uçuşları dayandırmışdı. Əslində isə heç kimə sir deyildi ki, həmin qərar sırf siyasi xarakterli idi. O günlərdə Ukrayna Ordusu Türkiyədən “Bayraqdar TB2” almaq barədə saziş imzalamışdı. Moskva isə dəfələrlə Türkiyəyə eşitdirirdi ki, Ukraynaya silah-sursat satmasın. Rusiyanın Türkiyənin maraqlarına qarşı uzun illərdir Suriyada, Liviyada, lap elə Ermənistanda lövbər salmasına Ankara səsini çıxarmadı. Türkiyənin düşmənlərinə, hətta dövlətlərə deyil, PKK, PYD kimi terror təşkilatlarına silah-sursat satan, terrorçuların yardımına döyüşçülər göndərən Rusiya heç vaxt Türkiyənin maraqlarına məhəl qoymadı. Elə isə Ankaradan “Ukraynaya silah satma” deməsinin mənası nə idi? Təbii ki, Türkiyədən qaneedici cavab almayanda, Rusiya türk iqtisadiyyatının əsas hərəkətverici sahələrindən olan turizm sektoruna bu yolla zərər vurmağa çalışdı. Eynən ötən il pomidor idxalına yasaq qoyduğu kimi…

Moskvanın bəhanəsi nə olur-olsun, həyatına rəng qatmaq istəyən sadə rus vətəndaşlar Türkiyəni görmək ümidini itirmədilər. Rusiya Turizmçilər Assosiasiyasının məlumatına görə, əvvəldən Türkiyədə otel otağı bron edən, ümumiyyətlə, bu ölkədə istirahət üçün təyyarə bileti sifariş edən vətəndaşların 62 faizi nəinki Moskvanın yasaq qərarından sonra Türkiyəyə getmək fikrindən vaz keçdi, əksinə, öz sifarişlərinin sadəcə vaxtını uzatmaqla mövqelərində inad etdilər. Bundan sonra dəfələrlə turizm şirkətləri hökumətə çağırış etdi, Turizmçilər Assosiasiyasının rəhbərliyi Kremlin qarşısında məsələ qaldırdı, turoperatorların 40-50 milyard rubl arasında ziyana uğradıqlarını bildirdilər və tələb etdilər ki, Türkiyəyə aviauçuşlar bərpa edilsin. Öncə may ayının 27-də uçuşlar bərpa olunacaq deyilsə də, bu, baş vermədi – vaxtı iyunun 22-dək uzatdılar. Bu dəfə isə Moskva yeni bəhanə tapa bilmədi. Əslində tapmağa çalışdı. Necə? Ötən günlər qardaş ölkədə turizm sektorunda koronavirus pandemiyasına qarşı görülən tədbirləri yerindəcə yoxlamaq üçün İstanbula gedən rusiyalı mütəxəssislər təklif edilən otellərə deyil, təsadüfən qarşılarına çıxan turist məkanlarına baş vurublar, amma şoka düşüblər: hər yerdə vəziyyət eyni olub – turistlərin xəstəliyə qarşı təhlükəsizliyi yüksək səviyyədə təşkil olunub.
Budur, sabahdan Moskva və Sankt Peterburq olmaqla, ölkənin əksər iri şəhərlərindən Türkiyəyə təyyarələr uçmağa başlayacaq. Son məlumata görə, hər gün Rusiyadan Türkiyəyə 140 təyyarə uçacaq. Bu da ortalama hesabla gündə 20-25 min rus turistin Türkiyəyə gəlməsi demək olacaq. Nəzərə alsaq ki, sadəcə yay mövsümü 1 oktyabr tarixinədəkdir, deməli, Rusiyadan Türkiyəyə minimum 3 milyon turist səfər edəcək.
Bu arada, Rusiyanın bütün yasaqlarına rəğmən, artıq may ayınadək 1,5 milyon rus turist Türkiyədə olub.
Turistlər Türkiyəyə sadəcə yayda gəlmir, bugünədək səfər edənlər də var, mövsümdən sonrakı üç ayda da gedəcək. Bu da ehtimal verir ki, pandemiyanın acılı-ağrılı nəticələrinə baxmayaraq, bu il Rusiyadan qardaş ölkəyə ortalama 6 milyon, hətta 2019-cu ildə qeydə alınmış sayda - 7 milyon turist getsin. Hər halda, Rusyanın aviaşirkətləri sabahdan başlayaraq 26 şəhərdən Türkiyəyə gündəlik 140 təyyarə ilə uçuşlara start verəcək və qısa vaxtda gündəlik uçuşların sayını 140-dan 160-a çıxaracaqlar.

Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) sədri Sururi Çorabatır, artıq Moskvanın qərarından əvvəl daha gözəl xəbərlər aldıqlarını bildirib. Onun sözlərinə görə, son günlər rusiyalı turistlər tərəfindən Türkiyənin turizm məkanlarında yer axtaranların sayı 7 dəfə artıb.
Akdəniz Turizm Otelçiləri və Operatorları Birliyinin (AKTOB) sədri Erkan Yağcı yerli mətbuata açıqlamasında qeyd edib ki, Antalya pandemiya prosesi zamanı təhlükəsiz turizmə öndərlik etmiş şəhərlərdən biridir. Bunun nəticəsidir ki, pandemiyanın ən təsirli olduğu ötən il ərzində Antalyaya 3,5 milyon turist gəlib. “Sabahdan etibarən Rusiyanın bütün aviareysləri Türkiyəyə açması isə Antalyaya və ümumilikdə Türkiyə dövlətinə etimadın bariz nümunəsidir”, - Yağçı söyləyib.
Ruslar üçün Türkiyədə istirahət etmək çox sərfəlidir. Fikir verin: Türkiyəyə uçuşlar dayandırıldığı vaxt Moskva var qüvvəsi ilə insanları Misir, Kipr, Yunanıstan, Monteneqru və sair ölkələrə getməyə təşviq edirdi. İnsanlar səbirlərini basıb gözlədilər ki, Türkiyəyə uçuşlar nə vaxt açılacaq. Bunun bir səbəbi odur ki, Türkiyəyə yol nisbətən qısadır, əvəzsiz çimərlikləri, gözoxşayan yaşıl təbiəti, qədim tarixi abidələri, sosial və tibbi turizmi – hər nə desən var. İkincisi, Yunanıstanda, Avropada, lap elə Misirdə istirahət rus turistin cibinə daha çox ziyan vurur. Əvəzində yüksək keyfiyyətli xidmət verəcəkmi? Bu, sual altındadır. Moskvada yaşayan rus turistin Türkiyədə bir həftə istirahət etməsi cəmi 27 min rubla başa gəlir (600 manat). Bu pula gediş-dönüş təyyarə bileti, qalmaq üçün üçulduzlu otel səhər yeməyi ilə birlikdə, transfer və sağlıq sğortası daxildir. Üstəlik, rus turistlər qayıdarkən ciblərinə uyğun, ucuz qiymətə bazarlıq da edə bilirlər.
Məlumat üçün deyək ki, bu qədər pula Moskvadan Misirə sadəcə təyyarə biletini almaq olar. Yunanıstanda, Avropada otellərin, yemək-içməyin qiyməti isə olduqca bahadır. Vay o günə ki, kimsə buradan qayıdarkən yaxınlarına nə isə hədiyyə alsın, hər şey bahadır və turistin cibinə ikiqat ziyan vurur. Məhz bu səbəblər Türkiyəyə marağı daha da artırır.