Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir – Sahibə Qafarova

12:49 08.05.2025 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş iclasın Ümummilli Lider Heydər Əliyevin doğum günü ərəfəsində keçirilməsi iclasımıza xüsusi əhəmiyyət verir. Prezident İlham Əliyevin sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması ölkəmizin həyatında üç mühüm dönüş nöqtəsinin tarixi əhəmiyyətini ifadə edir. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul edilməsi, İkinci Qarabağ müharibəsinin və antiterror əməliyyatının qələbələrlə başa çatdırılması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması xalqımızın taleyi ilə bağlı olan müstəsna əhəmiyyətli hadisələrdir”. Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugün kçirilən xüsusi iclasında spiker Sahibə Qafarova çıxışında bildirib.

S.Qafarova Qeyd edib ki, müasir Azərbaycanın tarixi Ulu Öndər Heydər Əliyevin milli qurtuluşun və davamlı inkişafın təcəssümünə çevrilmiş fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır.

“Ulu Öndər xalq və vətən yolunda göstərdiyi misilsiz xidmətləri ilə öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazıb. Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. Onun ölməz ideyaları bugünkü və gələcək nəsillərin əməllərində yaşayır və daim yaşayacaq”.

S.Qafarova Azərbaycanın keçdiyi tarixi yola və bu prosesdə ulu öndərin roluna diqqət çəkib.

“1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan mürəkkəb çağırışlar qarşısında qalmışdı. Dövlət idarəçiliyində yol verilən kobud səhvlər, həyatın bütün sahələrini bürüyən dərin böhran, Ermənistan silahlı qüvvələri tərəfindən torpaqlarımızın işğal edilməsi, milli həmrəyliyin pozulması, separatizm meyillərinin güclənməsi, vətəndaş müharibəsi təhlükəsinin yaranması müstəqil dövlətin varlığını ciddi təhlükə altına almışdı.

Məhz belə bir ağır şəraitdə xalqın təkidli tələbi ilə 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin ali dövlət hakimiyyətinə qayıtması, Ali Sovetin sədri və 4 ay sonra xalqın yekdil iradəsi ilə Prezident seçilməsi destruktiv proseslərin və hadisələrin qarşısını almağa, ölkədə vəziyyəti sabitləşdirməyə imkan verdi. Heydər Əliyev millətin taleyi üçün məsuliyyəti üzərinə götürdü və sarsılmaz iradəsi, zəngin dövlətçilik təcrübəsi və siyasi nüfuzu sayəsində qardaş qırğınının qarşısını almağa, xalqı Azərbaycançılıq ideyası ətrafında birləşdirməyə, dövlət müstəqilliyimizi xilas etməyə nail oldu.

Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri də onun rəhbərliyi ilə müstəqil dövlətimizin ilk Konstitusiyasının hazırlanmasıdır. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Konstitusiyamız dünyanın ən demokratik qanunları ilə müqayisə oluna bilər. Azərbaycanın əsas qanunu ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun proqram sənədidir. Bu fikrin düzgünlüyü özünü ilk növbədə onda göstərir ki, dövlətimiz bütövlükdə Konstitusiya əsasında qurulmuşdur və fəaliyyət göstərir.

Konstitusiyada hüquqi dövlətin əsas prinsiplərindən biri olan hakimiyyət bölgüsü geniş əks etdirilmiş, qanunvericilik hakimiyyətinin Milli Məclis tərəfindən həyata keçirilməsi müəyyən edilmişdir.

Bu baxımdan, eyni zamanda, Ulu Öndərin peşəkar qanunvericilik orqanının formalaşmasına verdiyi töhfələri nəzərə alaraq, biz qürurla söyləyirik ki, Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu, Konstitusiyamızın yaradıcısı olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir”-deyə spiker çıxışında qeyd edib.