Heydər Oruc: “İranla yeni nüvə sazişi bağlanarsa, Türkiyə təşəbbüsü ələ keçirə bilər”

09:06 15.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın mayın 16-da İstanbulda 2015-ci ildə imzalanmış nüvə sazişinin Avropa tərəfləri, yəni Böyük Britaniya, Fransa və Almaniya (E3) ilə danışıqlar aparacağı, kritik görüşdə İranın nüvə proqramı və sanksiyaların ləğvi müzakirə olunacağı bildirilib.

Hafta.az-ın yazdığına görə, tərəflər arasında texniki təmaslardan sonra keçiriləcək bu görüş nüvə sazişinin canlandırılması istiqamətində mühüm addım hesab olunur.

Danışıqlar zamanı İranın uranın zənginləşdirilməsi üzrə fəaliyyətinin hazırkı vəziyyəti və Avropa ölkələrinin sazişə qayıtması prosesinin müzakirə ediləcəyi gözlənilir. Tərəflər ABŞ-ın 2018-ci ildə sazişdən çıxmasından sonra dalana dirənmiş diplomatik prosesi canlandırmaq üçün səylərini davam etdirir.

Yaxın Şərq məsələləri üzrə eksprt Heydər Oruc hadisələrlə bağlı danışarkən deyib ki, İranla BMT-nin 5 daimi üzvü və Almaniya (P5+1) arasında 2015-ci ildə imzalanmış Əhatəli Birgə Fəaliyyət Planı (nüvə sazişi) Trampın 2018-ci ildə sazişdən çıxması ilə köhnəlib və sonradan da qüvvədən düşüb. Co Bayden dövründə bəzi razılaşmalara səy göstərilsə də, İsrailin prosesi zəhərləməsi səbəbiylə status-kvo dəyişdirilə bilmədi.

Heydər Oruc əlavə edib ki, Tramp yenidən prezident seçildikdən sonra bir çox məsələlərdə olduğu kimi İranla danışıqlarda da bəzi inkişaflar yaşanmağa başlayıb. “Əslində Trampın kabinetində İsrailə yaxın olan bir çox fiqur Trampa İranın nüvə obyektlərinə zərbə endirməyi və ya rejimi dəyişdirməyi məsləhət görsə də, Trampın İranın nüvə silahı əldə etməkdən vaz keçəcəyi təqdirdə yeni razılığın əldə oluna biləcəyi ilə bağlı açıqlamaları prosesi canlandırıb. Bu kontekstdə aparılan nəbz yoxlamalarından sonra, dolayı yolla da olsa, Omanın ev sahibliyi ilə ABŞ və İran nümayəndə heyətləri arasında ilk təmaslar aprelin 13-də baş tutdu. Daha sonra danışıqlar Romada davam etdi və əldə edilən irəliləyişlər sayəsində texniki səviyyəli danışıqlara başlanıldığı açıqlandı. Bu həftə danışıqların dördüncü raundunun keçirilməsi planlaşdırılır. Proses bu cür davam edərsə, tərəflər qısa müddətdə yeni müqavilə imzalamağa hazır olacaqlar”, - deyib Oruc.

Ekspert bildirib ki, əslində 2015-ci il razılaşmasının tərəfləri olan Avropa nəhənglərinin (E3) birbaşa prosesdə iştirakı təsadüf olunmayıb. Çünki ABŞ bu mövzuda addım atmasa, E3 ölkələrinin İranla danışıqlarının çox fayda verməyəcəyi hamıya məlum idi. Trampla Netanyahu arasında fikir ayrılığı, E3 ölkələrinin İstanbulda İranla danışıqlar masasına oturacağı xəbəri sürpriz oldu.

Bu inkişafın yalnız E3 ölkələrinin təşəbbüsü ilə baş verdiyini, yəni ABŞ-ın prosesdən xəbərsiz olduğunu düşünmək real deyil. Ona görə də bu görüşün ABŞ-ın iştirakı və təşviqi ilə keçirildiyini proqnozlaşdırmaq daha rasional seçim olardı.

Heydər Oruc deyib: “Ancaq indiki mərhələdə E3 ölkələri ilə İran arasında hər hansı mətnin çıxacağını gözləmək düzgün olmazdı. Buna baxmayaraq, görüşün keçirilməsi və məkan olaraq İstanbulun seçilməsi çox vacibdir. Avropa ölkələrinin Ərdoğanın Trampla yaxınlığından yararlanmaq istəyəcəkləri və Türkiyənin Avropanın təhlükəsizlik arxitekturasına daxil edilməsi prosesi başlaya biləcəyi təxmin edilir. Çünki bu şərtlər daxilində, yəqin ki, Türkiyənin də prosesə cəlb olunması mümkün olardı və İranla yeni nüvə sazişi bağlanarsa, Türkiyə təşəbbüsü ələ keçirə bilər”.