Hindistan - Azərbaycan üçün etibarlı buğda bazarı

11:39 21.04.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son illər dünyada ərzağın bahalaşması Rusiya-Ukrayna müharibəsi nəticəsində daha da sürətlənib. Əvvəllər qlobal istiləşmə fonunda kənd təsərrüfatı sahələrinin məhsuldarlığı azaldığı üçün, məhsul istehlakçıya daha yüksək qiymətə satırdı. Rusiyanın Ukrayna torpaqlarına hərbi təcavüzü isə bu prosesə bir az da antroogen təsir qatdı. Xüsusilə, müharibə ölkələrə sübut elədi ki, rifahı və iqtisadi sabitliyi qorumaq üçün daxili istehsalı maksimum inkişaf etdirmək, xaricdən idxalı bacardıqca azaltmaq lazımdır. Məsələn, dünyada gedən indiki təşvişoyadıcı proseslərdən bəlkə də ən az təsirlənən ölkələr uzun illərdir ABŞ-ın sanksiyalarından əziyyət çəkən, xarici dünya ilə əlaqələri zorla qoparılmış Şimali Koreya, İran, Kuba, Venesuela və sair kimi dövlətlərdir. Bu ölkələr xaricdən təcrid edildikləri üçün məhz daxili istehsalı şaxələndirərək gücləndirdikləri üçün, idxaldan asılılığı maksimuma endiriblər.

Bu yerdə bir haşiyə çıxım ki, BMT dünyada 1,7 milyard insanın aclıq təhlükəsi ilə üz-üzə qalacağı barədə xəbərdarlıq edib. Proses ancaq zəif inkişaf etmiş ölkələri deyil, eyni zamanda, güclü sənayeyə malik dövlətlərdə də ərzaq məhsullarının bahalaşmasını sürətləndirib. Məsələn, ABŞ-da illik inflyasiya 8,5 faizədək yüksəlib ki, bu da 1981-ci ildən bu yana ən yüksək göstəricidir. İngiltərədə də son 30 ildə ən yüksək inflyasiya qeydə alınıb və sair.

İndi bir çox dövlət öz inkişafını müasir texnologiyaların tətbiqində, hərbi sənayenin gücləndirilməsində və sair görür. Öncə əhalinin ərzaq təhlükəsizliyini təmin etmək lazımdır ki, digər layihələri asanlıqla həyata keçirməyə stimul olsun. Bunun üçün ilk növbədə strateji ərzaq növləri olan çörək, yağ, şəkər və sairin ehtiyyatı tam təmin olunmalıdır. Necə ki, Rusiya - Ukrayna savaşından sonra regionda və dünyada ən çox problem məhz çörək və yağ, xüsusilə də bitkimənşəli yağ sahəsində yaranıb. Yəni müharibə dünyaya bəlli edib ki, sən demə taxılın və yağın, heyvani qida çeşidlərinin, kartofun və sair əsas bazası məhz Rusiya və Ukrayna imiş.

Bu yerdə qeyd edim ki, Rusiya taxıl ixracına görə dünyada birincidir – ildə 8 milyard dollarlıq məhsul satır. Qlobal taxıl ixracında ilk beşliyə daxil olan Ukrayna bu sahədən 3,5 – 4 milyard dollar qazanc götürür. Qardaş ölkə və üçüncü böyük taxıl bazarımız olan Qazaxıstan isə hər il xaricə 1,2 milyard dollarlıq buğda satmaqla taxıl ixracatçılarının cədvəlində 9-cu pillədə qərar tutur. Göründüyü kimi, dünyada ən çox buğda ixrac edən ilk onluq ölkəsindən 3-ü xaricə satışı tamamilə dayandırıb, bir sıra digər ölkələrdə isə məhdudiyyətlər tətbiq olunur.

Bu yerdə sual yaranır: müharibə olmasaydı belə, bu ölkələr xarici siyasətdə diqtə edəsi olsaydılar, necə ki, zaman-zaman bunu edirlər, nə baş verərdi? Onu deyə bilərəm ki, heç şübhəsiz, keçmiş SSRİ coğrafiyasını və Avropanı hər şeyə məcbur edə bilərlər. Xüsusilə də Rusiya, hansı ki, onun uzun illər ərzində Türkiyə və Azərbaycana öz diqətlərini qəbul etdirmək üçün min cür bəhanələrlə ticari qadağalar, məhdudiyyətlər yaratdığnın şahidi olmuşuq. Məsələn, bir gün bəlli olur ki, pomidorda problem var, sahab meyvədə, o biri gün başqa məhsulda...

Bəs o zaman nə edək, Rusiyanın timsalında bir ölkədən asılılığı necə azaldaq? Çox asan. Dünyada çox ölkə taxıl ixrac edir. Məsələn, bu sahədə Hindistanla əlaqələri genişləndirə bilərik.

Bu arada, Rusiya və Ukraynanın məlum qərarları sonrası bu ölkələrin ənənəvi tərəfdaşları olan bir sıra Yaxın Şərq və Afrika ölkələri məhz Hindistanın taxıl bazarına üz tutublar. Məsələn, ötən həftə Misir kimi Rusiyanın ən sadiq və böyük tərəfdaşı taxıl idxalı üçün Hindistan tərəfi ilə danışıqlara start verib. Eləcə də qardaş Türkiyə, İran, Nigeriya, Sudan, Bosniya və Hersoqovinanın Hindistanla danışıqlara başladığı deyilir. İş o yerə çatıb ki, taxıla olan tələbatını ödəmək üçün hətta Çin də uzun illərdir, heç də yaxşı münasibətdə olmadığı Hindistanla bu müstəvidə görüşlər keçirir.

Bu yerdə sual yaranır ki, əhalisinin sayı 1,4 milyard nəfərə yaxınlaşan Hindistan necə ola bilər ki, dünyaya taxıl ixrac etsin? Baxaq: Hindistan hazırda ikinci iri buğda ixracatçısı olmaqla yanaşı, dünya taxıl ehtiyyatının 9 faizini verir. Hindistan əvvəllər də taxıl ixrac edib, amma müharibənin fəsadlarını fürsət bilib ehtiyyatından daha çox məhsulu xarici bazara çıxarmaq istəyir. Məlumata görə, Hindistan son bir il ərzində buğda ixracatını 2,1 milyon tondan öz tarixinin ən yüksək səviyyəsinə - 7,85 milyon tona çıxarıb və yaxın illərdə Hindistan ixracı 12 milyon tona çıxarmağı hədəfləyib. Özü də çox qısa vaxtda. Sadəcə, ötən il apreldən avqustadək əvvəlki ilin eyni dönəmi ilə müqayisədə ixracatı 50 faiz artıraraq 4 milyon ton buğda satıb. Təbii ki, Yaxın Şərq ölkələri belə potensialı görür və qiymətləndirməyə bilməzlər. Böyük ölçüdə Rusiya və Ukrayna buğdasından asılı olan Misir, İran, Banqladeş və İndoneziya kimi ölkələrə buğda satan Hindistan bir neçə gün əvvəl rəsmi Qahirə tərəfindən “vacib tədarükçü” kimi qiymətləndirilib.

Hə, bu arada, qardaş Türkiyə və ya Misir, İran kimi, Azərbaycan da artıq Hindistandan buğda idxalı ilə bağlı danışıqlar aparılır.

Onu da bilmək lazımdır ki, Hindistan adıçəkilən idxalçı ölkələrə həm çoğrafi baxımdan yaxındır (dəniz daşımaçılığı baxımından), həm də Hindistanın taxıl istehsalının artırılmasına verdiyi diqqəti nəzərə alaraq, özlərinə təhlükəsiz və potensial bazar tapmağa çalışırlar. Məsələn, Misir rəsmiləri görüş keçirərək Madhya Pradeş, Pəncab və Maharaştra əyalətləri ilə hind buğdasının idxalına dair razılığa gəliblər. Adının açıqlanmasını istəməyən səlahiyyətli şəxs “Hindu Business”a verdiyi açıqlamada deyib ki, Hindistan hazırda Misir, Türkiyə, Çin, Bosniya, Sudan, Nigeriya, İran və sair ölkələrlə buğda ixracına dair sazişlər bağlamağa yaxınlaşıb. O zaman Azərbaycanın adı niyə bu siyahıda olmasın? Axı tarixən olduğu kimi, indi də Azərbaycanın Hindistanla çox yüksək səviyyədə iqtisadi-ticari əlaqələri mövcuddur.

Bu yerdə xatırlatmaq lazımdır ki, Azərbaycanın illik buğda tələbatı 3,5 milyon tondur. Hansı ki, bunun 40 faizi məhz idxal hesabına ödənilir. İdxalda isə ən böyük pay yuxarıda qeyd etdiyimiz kimi, Rusiyaya məxsus olsa da, Ukrayna və Qazaxıstandan da böyük ölçüdə buğda və un tədarük etməkdəyik. İldə ümumilikdə 1 milyon tondan artıq buğda idxal olunur. Nəzərə alaq ki, hələ ötən il aldığımız buğdanın qiymətini 30 faiz qaldırmışdılar. Buna baxmayaraq, Azərbaycan buğda ehtiyatını ötən ilin sonundan başlayaraq indiyədək 4 dəfə artırıb və bu proses indi də davam edir. Amma yığılan ehtiyyat 10,2 milyon nəfər əhalisi olan Azərbaycana sonsuzadək yetəcəkmi, təbii ki, yox.

Düzünə qalsa, Nazirlər Kabineti bildirir ki, strateji ərzaq məhsulları ilə bağlı Azərbaycanda qıtlıq təhlükəsi yoxdur. Hökumət istehlak bazarında tarazlığın qorunub saxlanılacağını bəyan edib. Bunlarla yanaşı, dünya bazarındakı qeyri-müəyyənlik ərzaq ehtiyatlarının daha da artırılmasını prioritetləşdirib.

Təbii ki, ən uyğun yol idxaldan asılılığı aradan qaldırılmaqdır. Bunun üçün ilk növbədə ölkə daxilində buğda istehsalını artırmaq, paralel olaraq isə idxal bazarını şaxələndirmək lazımdır. 2021-ci ildə ölkədə 595 min hektar ərazidə buğda əkilib. Praktik olaraq əkin sahələrinin 38 faizi buğda əkini üçün istifadə edilir. İllik buğda istehsalı isə 1,9 milyon tondur və son illər istehsalda cüzi olsa da artımlar müşahidə edilməkdir. İşğaldan azad olunan ərazilərimizin də buğda istehsalına xüsusi töhvə verəcəyi gözlənir.

Aydındır ki, dünyada bazarındakı qiymət artımları fonunda idxal infilyasiyası baş verir. Bu da ölkəyə idxal edilən ərzaq məhsullarının, o cümlədən buğdanın xərcini artırır. Bu baxımdan, hökumət anti-inflyasiya tədbirləri çərçivəsində strateji ərzaq məhsullarının qiymətlərini optimallaşdırmağa çalışır. Mövcud ehtiyatlar Ukrayna-Rusiya müharibəsi başladıqdan sonra çörəyin qiymətində sabitliyi qoruyub saxlamağa imkan verdi. Bununla belə, növbəti dövrlərdə qiymətin necə dəyişəcəyi dünya bazarındakı dəyişikliklərdən də birbaşa asılı olacaq.

Hindistanın dünya ölkələrinə buğda tədarükündə sıxıntı olmayacağı qənaətini yaradan Baş nazir Narendra Modi və iqtidar komandası fermerlərə və ümumiyyətlə kəndlilərə taxıl əkini üçün hər müstəvidə dəstək verir. Bunun sayəsindədir ki, ölkənin taxıl anbarlarında böyük ehtiyat yaranıb.

Bu arada, qeyd edək ki, Hindistan dünya üzrə buğda, eləcə də düyü ixracına görə ikinci ölkədir. Hazırda Dehli hökuməti yerli təbii şəraitə uyğun yeni və daha məhsuldar çeşidlərin axtarışındadır. Eyni zamanda, istehsal texnologiyasını, məhsuldar çeşidlərin toxum bazasını yaratmaq və zərərvericilərlə mübarizə metodlarını təşviq etmək müstəvisində addımlar atır ki, dünya taxıl bazarında öz yerini daha çox möhkəmləndirə bilsin.

Görülən işlərin nəticəsidir ki, son on il ərzində 32 milyon hektara yaxın ərazidə buğda səpilib. Bu sezon Hindistanda 112 milyon tona qədər taxıl yığımı nəzərdə tutulub ki, bu da ölkə tarixində rekorddur.

Sonda onu da qeyd edək ki, Azərbaycanın Hindistandan buğda idxalı ancaq büdcəyə qənaət imkanı yaradacaq. Hindistanın ixrac etdiyi taxıl digər ixracatçı ölkələrin, o cümlədən Rusiya və Ukrayna məhsulları ilə müqayisədə xeyli ucuz, Avstraliya, Kanada, Avropa ittifaqı ölkələri və ABŞ taxılı ilə müqayisədə isə çox aşağıdır. “S&P Global Platts”in analizinə görə Hindistanın ixrac qiyməti hər ton üçün 350-360 dollar civarındadır. Müqayisə üçün, Avstraliyada ağ buğdanın bir tonu aprelin 11-də 387 dollara, Avropa İttifaqında 11,5 faiz proteinli buğdanın qiyməti 394 dollara təklif olunub…