Hindistanda 70-ci Konstitusiya günü qeyd olunub. Hindistanın ölkəmizdəki səfirliyi bu günün qeyd olunması münasibətilə səfirlikdə tədbir təşkil edib. Millət vəkili, Azərbaycan-Hindistan parlamentlərarası dostluq qrupunun üzvü Rüfət Quliyevin də iştirak etdiyi tədbirə Bakıdakı hind icmasının üzvləri də qatılıb.
Hafta.az yazır ki, tədbirdə çıxış edən Hindistan səfiri B.Vanlalvavna, hər bir hindistanlının sosial, iqtisadi və siyasi həyatını əhatə edən, ədalət, azadlıq və bərabərliyə təminat verən Konstitusiyasının mahiyyətindən söz açıb, onun mühüm xüsusiyyəti olan təməl vəzifələrə toxunub.
Deputat Rüfət Quliyev 1,3 milyarddan çox əhalisi olan Hindistanın çox zəngin demokratik ənənələrə malik olduğunu vurğulayaraq, Hindistan Konstitusiyasının dünyadakı konstitusiyaların ən yaxşı xüsusiyyətlərini qəbul etdiyini nəzərə çatdırıb. O həmçinin, 900 milyondan çox seçicinin qeydiyyatdan keçdiyi, 11 milyon seçki üzrə səlahiyyətlilərin cəlb olunduğu, 1 milyon səsvermə məntəqəsinin yaradıldığı və 2,3 milyon elektron səsvermə maşınının istifadə olunduğu Hindistanda keçirilən ümumi parlament seçkilərinin çox böyük demokratik proses olduğunu bildirib.
Hindistan demokratiyası mahiyyət etibarilə bütün vətəndaşların qanun qarşısında bərabər olduğunu ehtiva edən bərabərlik prinsipinə əsaslanır. O, multikulturalizmə qucaq açaraq dini, təbəqə, etiqad və irqi ayrı-seçkiliyə heç bir əsas vermir.
Konstitusiya Hindistanın siyasi quruluşununun əsasını qoyan təməl qanundur. 22 hissə, 12 fəsildə verilən 395 maddədən ibarət olan Hindistan Konstitusiyası, dünyanın ən uzun yazılı konstitusiyasıdır. Bu Konstitusiya dünya konstitusiyalarının ən yaxşı xüsusiyyətlərini qəbul edərək Hindistana uyğun şəkildə dəyişdirib. Noyabrın 12-də Konstitusiya gününü qeyd edən Azərbaycan, demokratik dəyərlərin dəstəklənməsi, qanunverici, icraedici və məhkəmə səlahiyyətlərinin bölünməsi, vətəndaşların müəyyən təməl hüquqlarına və müvafiq vəzifələrinə təminat verilməsi kimi Hindistan konstitusiyasında qeyd olunan bir çox ən yaxşı xüsusiyyətləri bölüşür.
Hindistan höküməti Konstitusiya gününün qeyd olunması münasibətilə bir il ərzində tədbirlərin keçirilməsinə qərar verib. Bu müddət ərzində Hindistanın ölkəmizdəki səfirliyi də bir sıra tədbirlər keçirməyi planlaşdırır.