Hindistanda mağarada rus qadın və 2 qızı aşkar edilib

19:01 12.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Hindistan polisi Karnataka ştatında meşədəki mağarada ətraf aləmdən təcrid olunmuş vəziyyətdə qalan rus qadını və onun 2 azyaşlı qızını aşkarlayıb.

Hafta.az xəbər verir ki, onlar polisin Uttara Kannada rayonunun Qokarna qəsəbəsində dağ-meşəlik ərazidə patrul xidməti zamanı tapılıb.

Məlum olub ki, Rusiya vətəndaşı Nina Kutina bir neçə il əvvəl biznes vizası ilə Hindistana gəlib. Hinduizm və hind ənənələrinə maraq göstərən qadın 6 və 4 yaşında olan övladları ilə birlikdə Qokarna qəsəbəsinə gələrək, ibadət məqsədilə meşədəki mağarada məskunlaşıb.

Yerli polisinin açıqlamasında deyilir ki, qadın və övladlarının təcrid olunmuş vəziyyətdə, ərzaq və su ehtiyatı məhdud şəraitdə, vəhşi təbiətdə sağ qalmaları təəccüb doğurur.

Nina Kutina polislərin pasport və viza statusu ilə bağlı suallarına cavab verməkdən yayınsa da, araşdırma zamanı müəyyən olub ki, rusiyalı qadının vizası 2018-ci ildə başa çatıb. Onun sonrakı müddətdə Hindistanda qanunsuz yaşamasının səbəbləri araşdırılır. Müvəqqəti sığınacağa yerləşdirilən qadının və övladlarının deportasiyası üçün müvafiq proses icra olunur.