Hindistandan Azərbaycana dərman ixracı 96 faiz artıb

21:30 13.10.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Hindistanın ölkəmizdəki səfirliyi əczaçılıq məhsulları üzrə vebinar təşkil edib. Vebinar Hindistanın müstəqilliyinin 75-ci il dönümü ilə bağlı keçirilən tədbirlər çərçivəsində, Əczaçılıq Məhsullarının İxracının Təşviqi Şurası (Pharmexcil) ilə birgə “Əczaçılıq sektorunda Hindistan - Azərbaycan əməkdaşlığı” mövzusunda təşkil olunub.

Hafta.az-ın yazdığına görə, tədbirdə 130-dan çox iştirakçı, o cümlədən Azərbaycanın müvafiq dövlət qurumlarının, Pharmexcil, Hindistan Səfirliyinin, Hindistan və Azərbaycanın aparıcı əczaçılıq şirkətlərinin nümayəndələri iştirak edib.

Hindistanın Azərbaycandakı səfiri B.Vanlalvavna açılış nitqi ilə çıxış edərək ölkəsinin əczaçılıq sənayesinin qlobal əczaçılıq sektorunda hakim mövqedə olduğunu bildirib. İştirakçılara yeni əməkdaşlıq imkanları barədə məlumat verən səfir, Hindistanda hər gün 8 milyon RT-PCR testinin istehsal olunduğunu bildirib. O əlavə edib ki, Hindistanın 200-ə yaxın əczaçılıq məhsulu Azərbaycanda artıq qeydiyyatdan keçib.

Səfir, Hindistanın sağlam iqtisadi artım nümayiş etdirdiyini və Beynəlxalq Valyuta Fondunun bu maliyyə ilində Hindistan iqtisadiyyatı üçün 9,5 faiz artım olacağını proqnozlaşdırdığını bildirib. Onun sözlərinə görə, bu iqtisadi artımın səbəbi Hindistan iqtisadiyyatında aparılan son islahatlar, o cümlədən yeni vergi qanunlarının təqdim olunması, İstehsal ilə əlaqəli Təşviq Proqramları, İnkişaf üzrə Maliyyə İnstitutunun qurulması, əmək qanunlarının qəbul olunması, aktivlərin monetizasiyası proqramının işə salınması, telekommunikasiya sektorunda investisiya siyasətinin liberallaşdırılması və sair ola bilər.

Tədbirdə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitika Ekspertiza Mərkəzinin Qeydiyyat və Ekspertiza şöbəsinin müdiri Həmid Qurbanov Azərbaycanda dərman qeydiyyatı prosesi barədə təqdimatla çıxış edib. Tarif Şurasının Baş Məsləhətçisi Vüsal Dəmirov Azərbaycanda dərman qiymətlərinin tənzimlənməsi barədə danışıb.

Daha sonra, İcbari Tibbi Siğorta Agentliyinin Satınalma və təchizat şöbəsinin müdiri Rəşidə Abdullayeva Azərbaycanda əczaçılıq məhsullarının dövlət satınalması prosesi barədə məlumat verib.

Pharmexcil-in Tənzimləmə Məsələləri üzrə Direktoru Lakşmi Prasanna “Hindistan Əczaçılıq Sənayesi və onun dünyaya töhvəsi” mövzusunda təqdimatı zamanı Hindistan əczaçılıq formulalarının ixracının həcminə görə 3-cü, dəyərinə görə 10-cu yer tutduğunu və dünyanın aparıcı 20 qlobal generik dərman istehsalı şirkətinin 8-inin Hindistan şirkəti olduğunu bildirib. Eyni zamanda, o, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ilkin kvalifikasiya olunmuş aktiv əczaçılıq maddələrinin (API) 90 faizinı Hindistanın təmin etdiyini nəzərə çatdırıb.

Tədbir zamanı, "Macromedicine konsaltinq" şirkətinin nümayəndəsi Ülviyyə Azməmmədova Azərbaycanda dərman sənayesi sahəsində bazar imkanları barədə danışıb. "Avromed" şirkətinin İdxal üzrə Meneceri Orxan Quliyev, "Avromed"in Hindistanın dərman şirkətləri ilə əməkdaşlıq imkanları barədə təqdimat edib. Hər iki tərəfin iştirakçıları faydalı müzakirələr apararaq, gələcək əməkdaşlıq imkanlarını araşdırıblar.

Nəzərə çatdırılıb ki, 2020-ci ilin aprel ayından bu ilin mart ayınadək Hindistanın dərman məhsullarının qlobal ixracı 24,5 milyard dollar təşkil edib. Hindistan "Dünya Əczaçılığı" olaraq, 200-dən çox ölkəni generik dərmanlarla təmin edir, həmçinin ÜST-ün peyvənd tələbatının 70 faizi Hindistandan alınır. Hindistan öz əhalisinə artıq 960 milyondan çox COVİD-19 peyvəndi vurub və 90-dan çox ölkəni 66 milyon doza COVİD vaksini ilə təmin edib. 2021-ci ilin yanvar-iyul ayları ərzində Hindistan Azərbaycana ötən ilin eyni dövrü ilə müqayisədə 96 faizdən çox artımla 15,8 milyon dollar dəyərində dərman məhsulları ixrac edib. Bu dövrdə Hindistanın Azərbaycanın dərman bazarındakı payı 5,3 faizədək yüksəlib.