İndi də "Marburq qızdırması" yayılır - YOLUXANLARIN 90 FAİZİ ÖLÜR

18:20 20.07.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Koronavirus epidemiyasının yenidən yayıldığı bir vaxtda dünya daha bir ölümcül xəstəliklə üz-üzə qalıb.

Hafta.az-ın yazdığına görə, Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru, doktor İfedayo Kendifa dünya ölkələrini çox qorxunc olan "Marburq qızdırması" ilə üz-üzə qaldığını bildirib. Qeyd edib ki, artıq bir gün əvvəl Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Nigeriya ilə qonşu olan Qanada "Marburq qızdırması"nın epidemiyaya çevrildiyini elan edib. 

Adetifa ölkədəki bütün səhiyyə ocaqlarına sözügedən xəstəliyin ötürülmə sürətinin yüksək olduğunu xatırladıb.

Məcburi səfərlər istisna olmaqla, ictimaiyyətə səfərdən çəkinməyi tövsiyə edən Adetifa deyib ki, ishal, qızdırma, ürəkbulanma və qusma kimi şübhəli əlamətləri özündə hiss edən hər kəs vaxt itirmədən həkimə müraciət etməlidir. 

Qeyd edək ki, Qanada "Marburq qızdırması"ndan artıq iki nəfər ölüb. İyulun əvvəlində Qananın Aşanti bölgəsində ölən həmin 2 nəfərə məhz "Marburq qızdırması" diaqnozu qoyulub. Xəstəliyi təsdiqləmək üçün Seneqaldakı laboratoriyaya nümunə göndərilib və nəticələr müsbət olub.

Qərbi Afrikada ilk dəfə 2021-ci ilin avqustunda görülən "Marburq qızdırması", 2014-2016 və 2021-ci illərdə görülən "Ebola" epidemiyasının da başlanğıc nöqtəsi olan Qvineyanın cənubundakı Gueckedu bölgəsində təsbit edilib.

Alimlər bildirir ki, "Marburq qızdırması"nda ölüm nisbəti 90 faizədək çata bilər. "Ebola"nın yaxın qohumu olduğu bildirilən Marburq virusu ilk dəfə 1967-ci ildə Almaniyanın Marburq şəhərindəki laboratoriyada aşkar edilib.

Meyvə yarasaları vasitəsilə yayılan "Marburq qızdırması" insanlar arasında bədən mayesi və ya yoluxmuş şəxslərin təması ilə də yayılır. İnfeksiyaya yoluxmuş insanlarda yüksək hərarət, şiddətli baş ağrısı, halsızlıq, qusma kimi təsirlər birdən-birə baş verir və 7 gün ərzində bir çox xəstələrdə ağır hemorragik simptomlar inkişaf edir.

Peyvəndi və ya xüsusi müalicəsi olmayan "Marburq qızdırması"ndan ölüm nisbəti yüzdə 23 - 90 faiz arasında dəyişir.

Virusun ilk aşkar edildiyi 1967-ci ildən bəri Cənubi və Şərqi Afrika, eləcə də Avropada 12 "Marburq qızdırması" hadisəsi qeydə alınıb.

2005-ci ildə Anqolada "Marburq qızdırması"na yoluxan 252 nəfərdən 220 nəfəri və ya 90 faizi vəfat etmişdi.