İnflyasiya: dünyada və Azərbaycanda - Aktual

11:22 14.09.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Son bir ildə dünya ölkələrində inflyasiya göstəricisi nisbətən azalsa da,  bəzi ölkələrdə proses yenidən sürətlənib. Məsələn, qonşu Türkiyədə 2023-cü ilin avqust ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ilin eyni dövrü ilə müqayisədə 58,94 faiz artıb. Türkiyə Statistika İdarəsinin məlumatına görə, ən çox qiymət artımı restoran və mehmanxanalarda xidmətlərdə qeydə alınıb – 89,31faiz. Bundan başqa, ötən ilin avqust ayı ilə müqayisədə ərzaq və içkilərin qiymətləri 72,86 faiz, məişət əşyalarının qiymətləri 58,85 faiz, nəqliyyat xidmətlərinin qiymətləri 70,24 faiz bahalaşıb. Ən az bahalaşma isə mənzillərin qiymətində qeydə alınıb. Son bir ildə mənzillərin qiymətləri 24,97 faiz artıb. İyulda Türkiyədə inflyasiya avqust ayı ilə müqayisədə aşağı olub – 47,8 faiz.

Hazırda Türkiyə dünyanın ən yüksək inflyasiya səviyyəsinə malik 7-ci ölkəsi hesab olunur. İnflyasiya baxımından Türkiyə Venesuela (398%), Liviya (251%), Suriya (139%), Argentina (113%), Zimbabve (77%) və Sudandan (63%) sonra yeddinci yerdədir. Azərbaycan isə bu siyahıda 11,7 faizlə 34-cü yerdə qərarlaşıb.

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2023-cü ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) 2022-ci ilin yanvar-avqust aylarına nisbətən 11,7 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 13,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 10,6 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 10,2 faiz artıb. 2023-cü ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya (iyul) nisbətən 0,4 faiz azalıb, əvvəlki ilin avqust ayına nisbətən 8 faiz artıb. 2023-cü ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,9 faiz azalıb, əvvəlki ilin avqust ayına nisbətən 7,4 faiz yüksəlib.

Xatırladaq ki, 2023-cü ilin yanvar-iyul aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-iyul aylarına nisbətən 12,2 faiz artmışdı. 2023-cü ilin iyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,7 faiz azalmış, əvvəlki ilin iyul ayına nisbətən 9,4 faiz artmışdı.

Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, bahalaşma isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Məlumat üçün qeyd edək ki, 2022-ci ildə Azərbaycanda orta illik inflyasiya 13,9 faiz təşkil edib. İlin əvvəlinə nisbətən inflyasiya bir qədər zəifləsə də, ikirəqəmli olaraq qalmaqda davam etmiş, həm daxili, həm də xarici amillər inflyasiyaya təsir edib.

Prezident İlham Əliyev çıxışlarının birində inflyasiyanın ikirəqəmli olmasının narahatlıq doğurduğunu, ilin sonuna qədər onun birrəqəmli səviyyəyə düşə biləcəyinə ümid etdiyini vurğulayıb. 

Dövlət başçısı, eyni zamanda, inflyasiyanın ikirəqəmli olmasını təbii amillərlə yanaşı, subyektiv səbəblərlə də əlaqələndirib və hökumətin bunu ciddi araşdıraraq ilin sonuna qədər atı­lacaq addımlarla bağlı təkliflər verməsi­nin zəruriliyini bildirib. “Çünki Azərbay­canın,bütövlükdə, iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyə­sində olması, əlbəttə ki, arzuolunan de­yil”,– deyə ölkə rəhbəri qeyd edib.

Prezident İlham Əliyevin bu sözlərindən sonra Baş nazir Əli Əsədovun imzaladığı müvafiq sərəncam əsasında ölkədə inflya­siyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və key­fiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq siste­minin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi məqsədilə işçi qrup yaradılıb. Na­zirlər Kabineti Aparatının rəhbəri həmin qrupun rəhbəri təyin olu­nub. İşçi qrupa ölkədə inflyasiya proseslərinin təhlili üzrə işlərin daha da gücləndirilməsi və qiymət monitorinqinin təkmilləşdirilməsi istiqamətində tədbirlər görməsi, həmin tədbirlərin nəticəsi barədə ayda bir dəfə hesabatın Azərbay­can hökumətinə təqdim olunması tapşırılıb.

Azərbaycan Hesablama Palatasının "2023-cü il dövlət büdcəsinin icrasına dair yarımillik məlumatla bağlı xülasəsi"ndə də deyilir ki,

inflyasiyanın ilin əvvəli ilə müqayisədə sürəti bir qədər zəifləyib: “İstehlak səbətinə daxil olan bütün alt qruplar üzrə qiymət artımı ikirəqəmli qalmaqda davam edib, baxılan dövrdə də ən yüksək bahalaşma ərzaq məhsulları üzrə qeydə alınıb (15,1 faiz). İyun ayında əvvəlki aya nəzərən 0.9 faizlik deflyasiya müşahidə edilib”.

Altı aylıq dövrdə orta illik inflyasiyanın ikirəqəmli qalması həm xarici, həm də daxili amillərlə izah edilir: ““Belə ki, yanvar-iyun aylarında idxal olunan mallar orta illik qiymətləndirmədə 18,9 faiz bahalaşıb, Azərbaycan Mərkəzi Bankı tərəfindən sterilizasiya əməliyyatlarının tətbiqi fonunda manatla pul bazası iyun ayının sonunda illik ifadədə 17,6 faiz artıb. Baxılan dövr ərzində istehsalçı qiymət indekslərində də artım izlənilib. Manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi idxal inflyasiyasını bir qədər neytrallaşdırıb və inflyativ proseslərə azaldıcı təsir edib”.

Məsələ ilə bağlı iqtisadçı ekspert Rəşad Həsənov deyib ki, hazırda inflyasiyaya təsir edən faktorları aşağıdakı kimi qruplaşdırmaq olar. “Birincisi qeyri-müəyyən konyukturdan qaynaqlanan psixoloji amillər hansı ki, özünü inflyasiya gözləntilərində büruzə verir. İnflyasiya gözləntisinin yüksək olması bütün tərəflərin davranışlarında yüksək qiymət artımlarına uyğunlaşma cəhdləri ilə müşahidə edilir. Bu isə öz növbəsində qiymətlərin artımına təkan verir. Digər məqam, idxaldan asılılıqdır. Stastik təhlillərdən görünür ki, yerli məhsulların istehsal qiymətləri emal sahəsində 4.1 faiz, o cümlədən qida məhsullarında 6.7 faiz, kənd təsərüfatında 10.4 faiz bahalaşdığı halda idxal olunan məhsulların orta gömrük keçid qiymətlərində 18.9 faiz artım olub. Üçüncü səbəb kimi isə ekspansionist monetar və fiskal siyasəti qeyd etmək lazımdır. Həm büdcə xərcləmələrinin kəskin artımı və həm də Mərkəzi Bankın sterilizasiya fəaliyyəti pul kütləsinin artmasına və dolayısı ilə qiymətlərin mövcud səviyyəsinin istehlak meyilli təzyiqlə üzləşməsinə səbəb olur. Başqa bir məqam Azərbaycan bazarında qiymət elastiklliyinin zəif olmasıdır. Baxmayaraq ki, may-iyul aylarında ardıcıl olaraq deflyasiya müşahidə edilir, bununla belə yerli bazarın liberal olmaması, konservativ gömrük siyasəti, himayədarlıq inhisarçılıq amilləri qiymətlərin azalan istiqamətli dinamikasını zəiflədir. Yəni qiymətlər artan zaman daha rahat məcrada olduğu halda azalan zaman müqavimətlə üzləşir. Bu isə inflyasiya göstəricilərinin hədəfə uyğunlaşdırılması təşəbbüslərinə maneə yaradır”.