ABŞ-ın 2021-ci ilin avqustunda qoşunlarını çıxardıqdan sonra “Taliban”ın nəzarətinə keçən Əfqanıstandan İrana qaçanlar növbəti dəfə çətin vəziyyətə düşüblər. Milyonlarla əfqana ev sahibliyi edən İran deportasiya prosedurlarını sürətləndirib.
Hafta.az-ın yazdığına görə, BMT Miqrasiya Təşkilatının rəqəmlərinə görə, təkcə ötən ay 250 mindən çox əfqan öz ölkələrinə geri göndərilib.
BMT-nin iyunun 30-da dərc etdiyi hesabatda yanvarın 1-dən İrandan qayıdan əfqanların sayının 700 mini keçdiyi bildirilib.
“The Guardian” zorla deportasiya edilən əfqanların hekayələrini yazıb.
Sərhəd keçidində müxbirə danışan 40 yaşlı Səhər beş övladı ilə birlikdə ölkəsinə qayıtmağa məcbur olduğunu, lakin onların bundan sonra harada yaşayacaqları barədə heç bir fikri olmadığını söyləyib.
Səhər 10 ildən çox İranda yaşadığını, burada dərzi işlədiyini deyib. Bildirib ki, ötən həftə saxlanılıb və deportasiya olunmazdan əvvəl Şiraz yaxınlığındakı qaçqın düşərgəsinə göndərilib: "Paltarlarımızı belə yığa bilmirdik. Gecə yarısı gəldilər. Yalvardım ki, əşyalarımızı yığmağa iki gün vaxt versinlər, amma qulaq asmadılar. Bizi zibil kimi atdılar".
Səhər Əfqanıstan tərəfindəki sərhəd qapısına çatana qədər çox əziyyət çəkdiklərini söyləyib: "Şirazdan Zahidana qədər nəyimiz vardısa aldılar. Bank kartımda 15 milyon tümən (255 manat) var idi. Adi suyu və sadə bir sendviçi belə inanılmaz baha qiymətə satırdılar bizə. Pulu olmayanlar ac qaldılar".
Havanın temperaturunun 52 dərəcəyə çatdığı sərhəd bölgələrində çox sayda insanın istidən öldüyü də bildirilib.
“The Guardian” vurğulayır ki, Əfqanıstana kişi müşayiəti olmadan gedən qadınlar birbaşa “Taliban” qanunlarını pozur, çünki qadınların təkbaşına səyahət etməsi qadağandır. Bildirilib ki, “Taliban” yaşayış və nəqliyyatla bağlı yardım təklif edib, lakin şahidlər bunu təkzib ediblər.
Yeni doğulmuş körpəsi ilə qayıdan qadın ona yemək və sığınacaq təklif olunmadığını deyib: "Yanında kişi yoxdur" dedilər, şərtləri yerinə yetirmədim. Uşağım 4 gün əvvəl doğulub, hara getməliyəm?”.
Digər tərəfdən, İran rəsmiləri bildirirlər ki, son vaxtlar sürətlənən deportasiya prosedurlarının arxasındakı əsas səbəb təhlükəsizliklə bağlıdır. İsrailin hücumlarından sonra bəzi əfqanların təxribat və casusluqda ittiham olunması da ölkədəki mühacirlərə qarşı ictimai təzyiqi artırıb.
1979-cu ildə Sovet İttifaqının Əfqanıstanı işğal etməsindən sonra İrana başlayan qaçqın axını ABŞ-ın işğalı, vətəndaş müharibələri və qeyri-sabitlik səbəbindən təxminən 46 ildir davam edir.
Xüsusilə “Taliban” hakimiyyəti ələ keçirdikdən sonra Əfqanıstandan İrana çoxlu qeyri-qanuni mühacir axını olub. İran rəsmiləri ölkədə 6 milyona yaxın əfqan olduğunu və onlardan 2 milyondan çoxunun ölkədə icazəsiz yaşadığını bildirir.
Prezident Məsud Pezeşkian ötən il seçkiqabağı kampaniyası zamanı qeyri-qanuni miqrantların ölkədə narkotik və məşğulluq kimi ciddi sosial zərərlər törətdiyini və bu problemi həll edəcəklərini bildirmişdi.
İran nizamsız miqrasiyanın qarşısını almaq üçün 2023-cü ildə ölkənin şərq sərhədlərində 900 kilometr uzunluğunda divar inşa etməyə başlayıb.
İran mediasında da bu siyasətlərə etirazlar var. Miqrantlara qarşı ayrı-seçkiliyə qarşı çıxan 1300-dən çox iranlı və əfqan fəalın yazdığı məktubda deportasiyalara son qoyulması tələb olunub.