İranda azərbaycanlılara qarşı yeni növ repressiya

11:36 31.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rəsmi Tehran ölkədə yaşayan Azərbaycan türklərinə türk adlarını qoymağı qadağan edir.

Hafta.az-ın yazdığına görə, sünni müsəlmanların böyük təzyiq altında olduğu İranda dövlət Azərbaycan türklərinin də istədiklərini almasına mane olur. İranın türk adlarına tətbiq etdiyi qadağalar və məhdudiyyətlər davam edərkən yenə qalmaqallı hadisə yaşanıb. Türk adlarına qarşı allergiyası olan və onları qəbul etməyən İran Əhali Müdirliyi türkcə “Volkan” adına kimlik verməkdən imtina edib. Əhali Müdirliyi Güney Azərbaycanda doğulan körpəyə “Volkan” adını verən ailənin istəyini qeydiyyata almayaraq ona şəxsiyyət vəsiqəsi verməyib.

Körpənin atası məsələdən məhkəməyə şikayət edib. Təbriz Mülki Məhkəməsi 12 may 2023-cü il tarixli sənəddə “Volkan yad addır” və İran mədəniyyəti ilə heç bir əlaqəsi olmadığını və dövlət tərəfindən tanınmadığını bildirib.

İran uzun müddətdir ki, türk adlarına qarşı “qadağa” siyasəti aparır. Bölgədə yaşayan türk ailələr övladlarına türk adları verdikləri üçün şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildiriblər. İran Siyahıyaalma Bürosunun Güney Azərbaycanda yaşayan türk ailələrinə şəxsiyyət vəsiqəsi verməkdən imtinası ailələr tərəfindən etirazla qarşılanıb. Bir çox ailə təzyiqi sosial media hesabından açıqlamalı olub. İranın Qeydiyyat İdarəsi təsdiqlənmiş adların siyahısını açıqlayıb və vətəndaşlardan övladları üçün bu adları seçmələrini istəyib. Valideynlər tərəfindən seçilmiş ad qeydiyyat şöbəsi tərəfindən təklif olunan siyahıdan kənardadırsa, seçilmiş ad baxılmaq üçün şöbənin direktorlar şurasına (ad komitəsinə) göndərilir və təsdiq edilmədikcə heç bir seçimə icazə verilmir.

Qızına Azərbaycan türkcəsində “oyanış”, “dirilmə” mənasını verən “Ayıl” adını vermək istəyən ailənin istəyi də nəticəsiz qalıb: İran hökuməti ona da şəxsiyyət vəsiqəsi verməyib. Eyni şəkildə İranın şimalındakı Şərqi Azərbaycan vilayətinin Mərənd Ali Məhkəməsi də yeni doğulan körpəyə “Türkay” adının verilə bilməyəcəyinə qərar verib və ailənin müraciətini rədd edib.

Ailələr öz mədəniyyətlərini yaşatmaq üçün övladlarına türk adları vermək istəsələr də, buna icazə verməyən şiə Tehran rəhbərliyi qanunlarda konkret maddə olmadığı halda bu əməli davam etdirir.

Siyasət rubrikasından digər xəbərlər