İranda “varis böhranı” - TƏHLİL

12:01 08.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İranın ali dini rəhbəri Əli Xameneidən sonra bu ölkənin ruhani postuna kimin rəhbərlik edəcəyi ilə bağlı suallar hər bir iranlı kimi, bu ölkə ilə az-çox maraqlanan dünya ictimaiyyətini də hər zaman düşündürməkdədir. Son 10 ildə bir neçə dəfə gündəmə gələn bu məsələ, İslam Respublikasında yaşanan Məhsa Əmini olaylarından sonra yenidən müzakirə obyektinə çevrilməkdədir. İranın sayca ikinci dini lideri olan Xamenei 1989-cu ildən bu vəzifədədir.

İnqilabın lideri Ruhullah Xomeyninin ölümündən az sonra hakimiyyətə gələn Xamenei hazırda qocalığı və tibbi vəziyyəti baxımından pis-yaxşı vəzifəsini icra edə bilsə də, çoxlarının fikrincə, yaxın gələcəkdə İranı “varis böhranı” gözləyir.

Sabahın sualları

Heç şübhəsiz, ötən ilin mühüm gündəm məsələlərindən biri 22 yaşlı Məhsa Əmininin həbsdə ölməsi və ya öldürülməsindən sonra İranda keçirilən etirazlar idi. İran rəsmilərinin bildirdiyinə görə, etirazlarda polis və hökumət tərəfdarları da daxil olmaqla, 300-dən çox adam həlak olub. İran İnsan Haqları Təşkilatının məlumatına görə, hadisələrdə, ən azı, 448 nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb. Onlardan 29-u qadın, 60-ı isə uşaq olub.

Məlum kütləvi etirazlar beynəlxalq əlaqələr üzrə bir çox ekspertin diqqətini dünya neft ticarətinin böyük hissəsinin həyata keçirildiyi Fars körfəzi sahilindəki İrana yönəldib və bu ölkəni siyasi dəyişikliklərlə üzləşə biləcəyinə dair əlamətlər axtarmağa vadar edib. Demokratiya və daha açıq cəmiyyət tələb edən etirazçıların, əsasən də gənclərin 1979-cu ildə elan edilmiş İran İslam Respublikasının sonunu gətirəcəyi ilə bağlı suallar verilməyə başlayıb.

Lakin İranda baş verəcəyi gözlənilən dəyişiklik küləyi Tehranın sərt müdaxiləsi və etirazları yatırması ilə sona çatıb. Ölkədəki mövcud rejim və onun 84 yaşlı ali lideri Əli Xamenei hələlik səlahiyyətlərini qoruyub-saxlasa da, səhhətində müəyyən problemlər olduğu deyilir. “The New York Times” İrandan olan dörd mənbəyə əsaslanaraq ötən ilin sentyabr ayında ağır xəstəlik keçirən Xameneinin qatıldığı dini tədbirdə müşayiət edən insanlara dediyini yada salmışdı: o, Məşhəddə olarkən bu şəhərə son səfərinin ola biləcəyini söyləmişdi. Hazırda Xamenei öz postunda görünsə də, İranda bir çox yüksək vəzifəli şəxslərin ondan sonrakı prosesin necə işləyəcəyinə dair bəzi narahatlıqları var.

Qoca qurdlar

Çoxları Əli Xameneidən sonra İranın müəyyən dəyişikliklərə məruz qalacağını düşünsə də, əslində, bu vəziyyət kağız üzərində gözləniləndən fərqlidir. İslam Respublikasının ali rəhbəri seçmək üçün rəsmi sistemi kifayət qədər aydındır və ölkə konstitusiyasında yazılmış qanunvericiliyə uyğun olaraq həyata keçirilir. İranda seçilmiş dini liderlər ömürlük xidmət edirlər. Dini liderin ölümündən sonra Ekspertlər Məclisi toplanır və yeni rəhbəri müəyyənləşdirir. Namizədlərin irəli sürülməsindən sonra, Ekspertlər Məclisi uzun iclaslar keçirir və ölkə ilə bağlı mühüm qərarlar qəbul etmək səlahiyyətinə malik olan dini lideri seçir.

Yeri gəlmişkən, 8 ildə bir dəfə toplanan və 88 üzvü olan Məclisin müəyyən şərtlər yerinə yetirildikdə, mövcud dini lideri vəzifədən azad etmək səlahiyyəti də var.

Yeni dini liderin seçilməsi prosesinin addımları aydın olsa da, bu proses o qədər də sadə deyil. Ekspertlər Məclisinin 60 faizinin 70 və daha yuxarı yaşda olan üzvlərindən bir neçəsinin real siyasi təsirə malik olması, onların rejimin aparıcı siyasətçiləri, təhlükəsizlik və hərbi komandirlərinin vəkil mövqeyində çıxış etməsi mümkündür. Bu da yeni ali rəhbərin seçilməsinin Xameneidən sonrakı dövrdə mühüm hakimiyyət mübarizələrinə səhnə ola biləcəyini gücləndirir. Xameneidən sonrakı prosesdə son qalib, hətta prosesi ən dəqiq oxuyanlar üçün də sürpriz ola bilər. Yalnız dəqiq olan odur ki, Xameneinin ölümü qısa müddətə də olsa, böyük qeyri-müəyyənlik və xaos gətirəcək. Bir çox insanlar üçün 1980-ci illərdə İranda baş verən proseslərə baxmaq bunun üçün kifayət qədər səbəbdir.

Sürpriz gözləntilər

1980-ci illərin sonlarında Xameneinin Ayətullah Xomeynidən sonra İranın ali lideri olacağını düşünənlər az idi. Bu dövrdə çoxları tərəfindən təcrübəsiz görünən Xameneinin dini lider olmaq üçün konstitusiya tələblərini yerinə yetirə bilmədiyi düşünülürdü. 1988-ci ilin yanvarında yazdığı açıq məktubda hətta Xomeyni onun fikirlərinin “sözünə zidd” olduğunu və dini lider olmağı qanuniləşdirən dini doktrinanı səhv başa düşmədiyini söylədi. Ancaq zaman keçdikcə proses fərqli dönüş aldı.

1963-cü ildə Ayətullah Ruhullah Xomeyninin rəhbərlik etdiyi İslam Hərəkatına qoşulan və liderin çevrəsinin adlarından olan Xamenei 1981-ci ilin oktyabrında Prezident Məhəmməd Əli Rəcainin bomba partladılması nəticəsində həlak olmasından sonra keçirilən prezident seçkilərində namizədliyini verib və məhz Xomeyninin dəstəyi ilə 16 milyon səs alaraq İranın 3-cü prezidenti seçilib. O, 1985-ci ildə ikinci dəfə prezident seçilib və bu müddət ərzində İranın mövcud ali lideri Ayətullah Xomeyni ilə daha da yaxın münasibətlər qurub. Ayətullah Xomeyni 1989-cu ildə vəfat etməzdən qısa müddət öncə vəkili olaraq yerinə gələcək Hüseyn Əli Müntəzeri ilə fikirayrılığı yaranmışdı və bu səbəbdən, Xomeynidən sonra dini liderin seçilməsi ilə bağlı ilk etapda razılığa varmaq mümkün olmadı. Əli Xamenei Ekspertlər Məclisinin 4 iyun 1989-cu ildə keçirilən iclasında 50 yaşı olduğunu nəzərə alaraq “Mənə bu vəzifəni təklif etmək texniki və əsaslı olaraq qeyri-qanunidir” deməsinə baxmayaraq, Məclisin spikeri Haşimi Rəfsəncaninin məsləhəti ilə o, rəhbər seçilib. Ekspertlər Məclisindəki əmisi Şeyx Əli Tehrani və Ayətullah Əli Müntəzeri isə onun seçilməsinə qarşı çıxıblar.

Xamenei seçildikdən sonra xüsusi şura dərhal İran konstitusiyasına yenidən baxaraq ali liderə hökmranlıq etmək üçün görünməmiş mütləq səlahiyyət verib və bu, sonradan “mübahisəli” referendumda təsdiqlənib. Xamenei vəzifəyə gəldikdən sonra onun üçün “problem” yarada biləcək adları yüksək səviyyəli postlardan tez bir zamanda yığışdırdı. İslam İnqilabı Keşikçiləri Korpusnun bəzi əsas fiqurlarını vəzifədən uzaqlaşdıran Xamenei cəmi bir neçə il ərzində İranın şəksiz ağası oldu və bu günədək hakimiyyətini qoruyub saxlayıb.

Xameneinin ölümü ilə İranda 1989-cu ildən bəri ən böyük hakimiyyət boşluğunun yaranacağını düşünənlər ali liderin vəfatından sonra ölkədəki bir çox güc mərkəzlərinin hakimiyyət uğrunda hərəkətə keçəcəyini proqnozlaşdırırlar. İranın yüksəksəviyyəli məmurlarının etirazlara müdaxilə üsulunu çox sərt hesab edənlər elitanın dini liderin ölümündən sonra baş verəcək böhrana hazır olmadığını bildirir və keçid prosesinin ağrılı keçəcəyini düşünürlər.

Üç nəfərin sirri

Bu arada, Fars Xəbər Agentliyinə danışan İran Ekspertlər Məclisinin üzvü Ayətullah Möhsin Əraki Ekspertlər Məclisində 3 nəfərdən ibarət xüsusi komissiyanın ölkə rəhbəri olmaq səlahiyyətinə malik adları bir araya gətirdiyini bildirib. Əraki, "İstintaq Komissiyası olaraq xarakterizə edilən sözügedən xüsusi komissiyanın vəzifəsi ölkənin lideri olan şəxslərin adlarını bir araya gətirməkdir. Ekspertlər Məclisinin üzvləri bu komissiyaya adlar təklif edə bilərlər" deyib.

Əraki siyahıdakı adların çox məxfi saxlanıldığını və lazım gələrsə, ölkə rəhbərinin təyin edilməsi vəzifəsi daşıyan Ekspertlər Məclisi tərəfindən onların qiymətləndiriləcəyini bildirib. Adların Ekspertlər Məclisindən olması şərtinin olmadığını qeyd edən Əraki, xüsusi komissiyanın 3 üzvü ilə bağlı hər hansı açıq məlumat verməyib.

Dörd ssenari

Bildirək ki, Xamneinin postu ilə bağlı ən azı dörd ssenari mövcuddur:

Birincisi, dini liderlik vəzifəsinin ləğvidir. Bu ehtimal Qumdakı mollalardan tutmuş Konstitusiya Mühafizə Şurasına qədər bir çox güclü qrupların maraqlarını təhlükə altına atacaq. Belə bir vəziyyət hətta İranda teokratiyanın özünün ölümü anlamına da gələ bilər. Bu ssenari qeyri-mümkün görünməsə də, asan və zorakı olmayan seçim də deyil.

İkincisi, vahid dini lider seçmək əvəzinə Dini Rəhbərlik Şurasının yaradılması. Əslində bu ideya Xomeyninin ölümündən az sonra ortaya çıxıb və icrası nəzərdə tutulurdu, lakin 1989-cu ildə edilən düzəlişlə Konstitusiyadan çıxarılıb. Ötən avqustda dünyasını dəyişən keçmiş İran prezidentlərindən Haşimi Rəfsəncani həyatının son aylarında bu ideyanı canlandırmağa çalışıb. Texniki baxımdan, bu fikir, xüsusən üçüncü dünya ölkələrində çox da real görünmür. Bu, həmçinin tərəflərin maraqlarına uyğun gəlmir, çünki onlar tək bir şəxslə deyil, qrupla danışıqlar aparmalı olacaqlar. Bu həm də böyük qeyri-sabitliyin səbəbi olardı. Daha da önəmlisi odur ki, “şura” mexanizmi İranın teokratik quruluşunun avtoritar mahiyyətinə uyğun gəlmir, çünki o hakimiyyətin tək bir şəxsin əlində diktaturaya çevrilməsinin qarşısını almağa yönəlmiş demokratik anlayışdır.

Üçüncüsü, ali rəhbər öləndə yerinə başqa bir ayətullah keçir. Bu ssenari texniki cəhətdən mümkün olsa da, bu şanslı insanın kim olacağı sualını doğurur. Gözünü dini liderliyə dikənlər çoxdur: Həsən Ruhani, Ayətullah Sadiq Laricani, Haşimi Şahrudi və bir çox başqa mollalar. Amma bu mollaların hamısı özləri hakimiyyət nərdivanını dırmaşmaq əvəzinə başqalarını yırğalamağa çalışırlar. Üstəlik, bu mövqe sövdələşməni çox çətinləşdirir, çünki təbiətinə görə ömürlük məsuliyyəti öz üzərinə götürmək deməkdir.

Dördüncüsü, ən uyğun ssenari Müctəba Xameneinin atasını - dini lideri əvəz etməsi olardı. Hər ata qızının və ya oğlunun özünə varisi olmasını, ya da hər oğul və ya qızn atasının varisi olmasını istəyir. Ayətullah Xomeyni və oğlu Əhməd də bunu nəzərdə tutmuşdu. Xomeyni oğlunun yolunu açmaq üçün müavini Ayətullah Müntəzeri vəzifəsindən azad etdi. Lakin o, gözlənilmədən dünyasını dəyişəndə ​​planı iflasa uğradı. Həmçinin, Əhmədin atasının ölümündən 5 il sonra (1995) müəmmalı ölümü Xamneinin oğlu Müctəbanı növbəti dini liderin mərhəmətinə buraxmaq istəməməsinin başqa bir səbəbidir. Hər halda, atası öləndə Müctəba İran hakimiyyəti üçün Əhməddən daha əziz olmayacaq. Keçmiş inqilabçıların bir çoxu atasına görə Əhmədə bir az emosional bağlılıq hiss edirdilər, amma atasına görə Müctəbaya bir zərrə qədər sədaqət hiss olunmur.

Liderlər adətən övladlarından birini seçir və hələ sağ ikən onu ön plana çıxarmağa başlayırlar. Amma bu cəhd bəzən gələcək varis mübahisəyə çevriləndə əks nəticə verir. İranlılar arasında daha bir məşhur üsul “qarpızı kəs ki, rahat satasan” deyimidir. Görünür, dini lider bu üsuldan istifadə edib. Müctəbaya rəsmi vəzifə verilməyib, o, nadir hallarda ictimaiyyət qarşısına çıxır, hətta onun fotoşəkilləri də nadir hallarda görünür.

Əhmədinejad-Laricani faktoru

Yuxarıdakı dörd mümkün ssenariyə nəzər saldıqda, Əhmədinejad faktorunun son iki ssenariyə daha uyğun gəldiyi görünür. Əhmədinejadın özü dini liderlik vəzifəsinə uyğun olmasa da, Ayətullah Laricani potensial namizədlərdən biridir. Amma Xamenei və Əhmədinejadın maraqları burada üst-üstə düşür: heç biri Laricanini növbəti dini lider kimi görmək istəmir. Əhmədinejad üçün bu, ölüm-dirim məsələsidir. İranın keçmiş prezidenti bilir ki, Laricani növbəti dini lider olarsa, bir gün də yaşamayacaq. Laricaninin əlində olsaydı, bu dəqiqə Əhmədinejadı həbs edib asmaqdan çəkinməzdi. Bildirilir ki, Laricani Əhmədinejadın həbsi üçün Xameneiyə üç dəfə müraciət edib, lakin ali lider onunla razılaşmayıb.

Şübhəsiz ki, siyasət qeyri-müəyyənliklərin hökm sürdüyü və heç bir ehtimalın istisna oluna bilməyəcəyi sahədir. Yenə də hadisələrin dönüşü belə bir hiss yaradır ki, Əhmədinejadı hansısa formada ali lider qoruyur. Xamneinin fikrincə, Əhmədinejad onun varisi üçün gələcək planlarına Laricanidən daha az təhlükə yaradır. Müvafiq olaraq, dini lider Əhmədinejadın davranışına mümkün qədər dözə və ondan Laricaninin blokunu açmaq üçün istifadə edə bilər ki, bu da oğlu Müctəbanın dini liderlik postunu tutmasının qarşısını alır.

Son söz SEPAH-ındır

İranəsilli amerikalı tədqiqatçı və Beynəlxalq Yaxın Şərq Şurasının Amerika prezidenti Məcid Rəfizadənin sözlərinə görə, SEPAH elitası öz səlahiyyətlərinə qarşı çıxan bələdçi, SEPAH-ın fəaliyyətini, siyasi və iqtisadi inhisarını tam dəstəkləyən tanınmış din xadimi deyil, nəzarət edə biləcəkləri birini axtarır. O bildirib ki, Xamenei 1980-ci ildə keçmiş ali rəhbər Xomeynini əvəz edəndə Ayətullah Müntəzeri kimi nüfuzlu şəxslərlə müqayisədə ən aşağı ixtisaslı namizədlər sırasında olub. Onun müqəddəs nüfuzu, qanuniliyi və etibarlılığı Qum şəhərində yüksək rütbəli ruhanilər tərəfindən ciddi şəkildə şübhə altına alınıb. Xamenei, hətta fətva verəcək səlahiyyətli və ya müctəhid deyildi. O, həm də Xomeyni ilə müqayisədə zəif və çatışmayan xarizmatik şəxs kimi görünürdü. “İran konstitusiyası Ali Rəhbərin dini səlahiyyətlərini və keyfiyyətlərini təsdiqləsə də, Xameneinin təyinatı dini deyil, ciddi şəkildə siyasi addım idi. Əvvəlcə zəif olsa da, Xamenei gözlənilmədən uğur qazandı və ona qarşı olan yüksək rütbəli din xadimlərini özündən kənarlaşdırdı”, - deyə Rəfizadə bildirib.

Xameneinin ölümündən sonra rejimin rəhbərliyi mənasını verən “İnqilab Rəhbərliyi” mövqeyinin aradan qaldırılmasının mümkünlüyünü görən Rəfizadə bu mövqenin İslam Respublikasının və şiə İslamının əsasını təşkil etdiyini xatırladıb. Amerikalı tədqiqatçı Ayətullah Xomeyninin irəli sürdüyü “Vilayəti Fəqih” konsepsiyasına diqqət çəkərkən, bu səbəbdən belə bir ssenarinin mümkün olmadığını vurğulayıb. "Lakin İslam İnqilabı Keşikçiləri Korpusunun liderləri daha zəif və az nüfuzlu namizəd axtaracaqlar ki, SEPAH siyasi və iqtisadi nəzarəti həyata keçirmək azadlığına malik olsun", - Rəfizadə bildirib.

Siyasət rubrikasından digər xəbərlər