Heç kim o qənaətə gəlməməlidir ki, biz İranı hədəfə almışıq.
Bu fikirləri hafta.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib:
“Əksinə, bu gün bizim bir təmənnamız var ki, bütün qonşularımızla normal mehriban bir mühitdə yaşayaq və birlikdə inkişaf edək. İrandan da təmənnamız bu olar ki, öz konstitusiyasının 152-ci və 154-cü maddələrindəki bütün dünya müsəlmanlarının haqlarının qorunması və dəstəklənməsi prinsiplərinə sadiq qalaraq Azərbaycana bu bu prizmadan yanaşsın. Lakin təəssüf ki, rəsmi Tehran da, İranın idarəçiliyinin radikal kəsimi də hələlik arzu etdiyimiz mühitin yaradılmasına maraq göstərmir.
Bizim tələbimiz nədir? Biz əvvəlcə xahiş edirdik, indi isə tələbimiz budur ki, İran ərazi bütövlüyümüzə hörmətlə yanaşıb separatizmi dəstəkləməsin, İran bölgədə sülh platformasının kökündə dayanacaq Zəngəzur dəhlizindən qorxmasın. İran öz dövlət ideologiyasına, İslam dəyərlərinə sadiq qalaraq məsciddə donuz saxlayıb müsəlmanları təhqir edilməsi, dini abidələrin dağıdılması faktlarına susmasın, münasibət bildirisin”.
B.Məhərrəmov bildirib ki, 30 il müddətində İran Ermənistanla əlaqəyə girərək işğal altında olan yaşayış məkənlərimizi söküb apararaq viranə qoyub, 60 min hektardan çox meşəmizin məhvinə rəvac verib, Şuşada məscidimizi mənəvi terrora məruz qoyub fars abidəsinə çevirib, 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib. Deputat hesab edir ki, bütün bunlar dinimizdə də dünyəvi hüquqda da yol verilməyən hallardır.
“Təbii ki, bu məsələlər də səngiyəcək, Azərbaycan istənilən halda bu prosesdən qalib kimi çıxıb istər kommunikasiyaların açılması, istər bölgənin əməkdaşlıq mühitinə çevrilməsi kimi mütərəqqi və taleyüklü məqsədlərə nail olacaq. Sadəcə İran elə etməlidir ki, bir il əvvəl olduğu kimi, bölgədə ikinci dəfə proseslərdən, oyundan kənarda qalmasın. İranın regionda nüfuzunu qorumaq üçün üçüncü şansı olmayacaq. Əminliklə deyirəm ki, proseslərin bu cür inkişafından sonra, əgər seçim qarşısında qalsa Ermənistan özü də İrandan üz çevirib Türkiyə və Azərbaycanla əməkdaşlığa üstünlük verəcək”.