Elektrik enerjisiylə əlaqədar sabit aylıq tarif tətbiq ediləcək.
Hafta.az xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Elektroenergetika haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, sabit tarif elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementidir.
Qeyd edilib ki, qanun layihəsi elektroenergetika sektorunda tarif tənzimləmələri istiqamətində sabit tarifin tətbiqi məqsədilə hazırlanıb. Beynəlxalq təcrübədə elektrik enerjisinin tarif və qiymətlərinin tənzimlənməsi zamanı sabit tarifin tətbiqi halları mövcuddur. Sabit tarifin əsas mahiyyəti şəbəkəyə qoşulan istehlakçıların sabit xərc şəklində aylıq müəyyən vəsait ödəməsindən ibarətdir. Sabit tarif istehlak miqdarı ilə bağlı deyil, istehlakçı kateqoriyasından asılı olmayaraq tətbiq edilir və paylayıcı sistem operatorunun müəyyən xərclərinin qarşılanması üçün istifadə olunur.
Qanun layihəsi sabit tarifi elektrik enerjisinin istehlak səviyyəsindən asılı olmayan sabit xarakterli xərclərin tənzimləyici tərəfindən müəyyənləşdirilən hissəsinin qarşılanması məqsədilə hər bir istehlakçı üzrə tətbiq olunan aylıq tarif elementi kimi təsbit edir.
Qanun layihəsində həmçinin sabit tarifin tətbiqi ilə bağlı elektrik enerjisi təchizatçısının və istehlakçının hüquq və vəzifələri, eləcə də sabit tarifin tətbiqindən irəli gələn məsələlər tənzimlənib.
***
Qaz təchizatı sektorunda qiymətlərin tənzimlənməsi qaydası müəyyənləşir.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında” yeni qanun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) tənzimləyici tərəfindən müəyyən ediləcək və onun rəsmi internet saytında dərc olunacaq.
Qaz təchizatı sektorunda tənzimlənən qiymətlər (tariflər) aşağıdakılardır:
- qazın topdansatış tarifləri;
- qazın nəqli tarifləri;
- qazın saxlanması xidmətlərinin tarifləri;
- qazın paylanması tarifləri;
- istehlakçılara qazın pərakəndə satış tarifləri;
- qazın nəqli şəbəkəsinə qoşulma xidmətlərinin qiymətləri;
- qazpaylayıcı şəbəkəyə qoşulma xidmətlərinin qiymətləri;
- sabit tarif.
Qaz təchizatı subyektləri və onlarla istehlakçılar arasında qarşılıqlı hesablaşmaların aparılması məqsədilə qazın ölçülməsi ilə bağlı məsələlər kommersiya uçotu qaydaları ilə tənzimlənəcək.