Moskva Bələdiyyəsi iyunun 1-dən metro və digər ictimai nəqliyyat vasitələri üçün qüvvədə olan daşıma tariflərini artırmağa qərar verib.Moskva Nəqliyyat Departamentindən verilən açıqlamaya görə, birdəfəlik daşıma tarifləri orta hesabla 4-6 rubl artacaq. Ən sərfəli variant yenə də biometrik ödəniş olacaq. Bu üsulla bir səfər 59 rubldan 63 rubla qədər artacaq.
Hafta.az-ın yazdığına görə, ən çox istifadə edilən “Troyka” kartının tək gedişhaqqı 63 rubldan 67 rubla yüksələcək. Bank kartı ilə ödəniş edənlər üçün qiymət 70 rubldan 74 rubla qədər qalxacaq. Aylıq limitsiz “Troyka” abunə haqqı 3070 rubldan 3160 rubla, üç aylıq abunə haqqı isə 7650 rubl olacaq. Şəhərətrafı ərazilər üçün bu rəqəm müvafiq olaraq 3940 və 10080 rubl olaraq müəyyən edilib. İllik abunə kartının qiyməti mərkəzi bölgə üçün 22 min rubldan 22650 rubla qədər artacaq, şəhərətrafı xətt üçün isə bu rəqəm 29400 rubl olacaq.
Nəqliyyat Departamenti bildirib ki, artımların məqsədi infrastrukturu gücləndirməkdir. Açıqlamada, əldə ediləcək gəlirlə yeni metro stansiyalarının açılacağı, tramvay xətlərinin yenilənəcəyi, metro və şəhərlərarası qatarlarda yeni nəqliyyat vasitələrinin istifadəyə veriləcəyi və elektrik avtobus parkının genişləndiriləcəyi bildirilib. Sərnişinlər üçün daha müasir və asan ödəniş sistemlərinin hazırlanacağı da vurğulanıb.