Kişi, yoxsa qadın müəllim? – Mütəxəssislər danışır...

18:21 14.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

“Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Amma biz kişi müəllimlərin çox olmasını istəyirik”. Bu sözləri Təhsil naziri Emin Əmrullayev, ötən gün mediaya açıqlamasında bildirmişdi. Onun sözlərinə görə, ölkədə hər 5 ildən bir 10 yaşlı şagirdlər arasında qiymətləndirmə keçirilir:

“Müəyyən edilir ki, qızlar oğlanlardan daha yaxşı nəticə göstərir. Onu da qeyd edək ki, qızlarda oxuyub-anlama bacarığı oğlanlara nisbətdə yaxşıdır. Növbəti qiymətləndirmə zamanı 15 yaşlı şagirdlər arasında qızların nəticələrinin aşağı düşdüyünü müşahidə edirik. Bunu təhlil etmək lazımdır. Düşünürəm ki, bu təhsil-pedaqoji məsələ ilə bağlı deyil, onların əhatə olunduqları insanların münasibəti və ünsiyyətə məruz qaldıqlarını hallarla bağlıdır”.

Hafta.az-ın əməkdaşı mövzunu mütəxəssislərlə müzakirə etdi.

İlk müsahibimiz təhsil eksperti Elçin Əfəndi oldu. O bildirdi ki, hazırda respublikanın təhsil ocaqlarındakı müəllimlərin təxminən 90 faizini qadınlar təşkil edir. Bu gələcəkdə çox ciddi fəsadlar verəcək:

“Təhsil müəsisələrində qadın müəllimlərin çoxluğu gələcəkdə şagirdlər arasında münasibətin daha irəli getməsinə, təhsildən yayınmaya səbəb olacaq.  Düzdür, bəzi məktəblərimizin rəhbər heyəti sırf qadınlardır və onların zəhmi yerindədir. Ancaq bunu bütün xanım müəllimlərə şamil etmək olmur. Düşünürəm ki, məsələ ilə bağlı ciddi addımlar atılmalıdır. Təhsil Nazirliyi  kişi müəllimlərin işə cəlb olunması, pedaqoji ixtisaslarda oğlanların təhsil alması istiqamətində işlər görməlidir. Bunun üçün, pedaqoji ixtisasların plan yerləri və məktəblərdə müəllimlərin əmək haqqı artırılmalıdır. Diqqətinizə çatdırım ki, orta məktəblərdə müəllimlərin qadın olması şagirdlərə dərs vaxtı hazırlıqlara getməyə şərait yaradır. Onlar məsələyə analıq instikti ilə daha həssas yanaşırlar, bəylərdə isə bu əksinədir. Kişi müəllimlər daha çox məsuliyyət hiss edib uşaqları buraxmırlar. Təsadüfi deyil ki, şagirdlər yuxarı sinifə çatdıqda onlarda dərsə qarşı məsuliyyətsizlik yaranır. Bu da onların nəticələrinin aşağı olmasına gətirib çıxarır”.

Ekspert məsələnin əsas həll yolunu müəllimlərin maaşının yüksəldilməsindı görür:

“Kişi ailə başçısıdır. Onları az əmək haqqı qane etmir. Xanım müəllimlər ailə büccəsinə qatqı olaraq işləsə də, kişilər ailə dolandırmalı olan əsas şəxslərdir. Fikrimcə müəllimlərin əmək haqqının qaldırılması, gələcəkdə kişilərin də bu sahəyə olan marağını artıracaq”.

Növbəti həmsöhbətimiz olan Təhsil eksperti Kamran Əsədov bildirdi ki, bu gün Azərbaycanın 4481 ümumtəhsil məktəblərində çalışan 149,602 müəllimin 71%-ni xanımlar, 29 %-ni isə kişi müəllimlər təşkil edir.Elə bu rəqəmlər vəziyyətin nə qədər təhlükəli olduğunu göstərir:

“Orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin xarakterinin formalaşmasına ciddi şəkildə təsir göstərir. Yəni hal hazırda təhlükə yalnız və yalnız təhsilin keyfiyyəti, dərsə davamiyyət və ən nəhayət, uşaq xarakterinin formalaşması ilə bağlıdır. Uşaqlar məktəbəqədər təhsil pilləsindən tutmuş, ali məktəbə qədər ancaq qadın müəllimlərin, evdə də analarının təsiri altında formalaşır ki, bu da onların xarakterinə təsirsiz ötüşmür. Etiraf edim ki, bu gün müəllimlərin aldığı əmək haqqı onların aylıq xərclərini ödəmir. Biz 1980-ci illərə nəzər salsaq görərik ki, bu rəqəm 50/50 vəziyyətindədir. Bəzi bölgələrimizdə isə kişi müəllimlərin say faizi daha üstün idi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ölkədə baş verən hadisələr, Qarabağ müharibəsi, iqtisadi çətinlik müəllim kimi fəaliyyət göstərən böyük sayda kişini bu sahədən uzaqlaşdırdı. 1995-ci ildən sonra ölkədə sabitlik yarandıqdan sonra da müəllimin əmək haqqının azlığı bu sahədən üz döndərən kişi müəllimlərin sayını azaltmadı”.

Kamran bəy, hazırda Bakıdakı orta məktəblərdə fəaliyyət göstərən müəllimlərdən 27 mininin qadın, 3600-nün isə kişilər olduğunu xüsusi vurğuladı. Rəqəmlər vəziyyətin nə qədər ciddi olduğunu deməyə kifayət edir. Dünya ölkələrində isə vəziyyət bir xeyli fərqlidir:

“Müəllimlərin məvaciblərinin azlığı kişi pedaqoqların təhsil sahəsindən uzaqlaşmasına səbəb olur. İş o yerə çatıb ki, paytaxt məktəblərində hətta bədən tərbiyəsi və idman dərslərini də qadın müəllimələr tədris edirlər. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın kənd rayonlarında qadın müəllimlər yox dərəcəsində idi. Bu boşluğu doldurmaq üçün Rusiyanın müxtəlif bölgələrindən, eləcə də paytaxt Bakı şəhərindən yerlərə kütləvi şəkildə qadın müəllimlər göndərirdilər. Müəllim kimi yeni işə başlayan gənc təbii ki, bu maaşla dolana bilməyəcəyinin fərqindədir və müəllimlik diplomunu bir kənara atıb, normal maaşlı iş axtarmağa məcbur olur.Dünyanın bir çox inkişaf etmiş ölkələrində uşaq bağçalarında tərbiyəçi qadın yoxdur.Uşaqları yalnız kişilər tərbiyə edirlər. Kişilərin tədrisə və uşaqların tərbiyə prosesinə yanaşması isə fərqlidir. Bunu müxtəlif cür izah etmək olar. Qadınlar bu məsələdən inciməməlidirlər. Bu göstərici onların kişilərdən xarakter baxımından zəif olmaları və ya kişilərdən aşağı səviyyədə tədris etmələri kimi qəbul edilməməlidir. Dünyada bu proses belədir. Hansı ölkələrdə ki, kişilərin sayı qadınların sayından üstündür, bu təhsilin keyfiyyətinə müsbət mənada təsir edir. Sovet hakimiyyəti dövründə müəllimin böyük güzəşt və imtiyazları var idi, nəqliyyat xərcləri də daxil olmaqla, digər kommunal ödənişlərdən azad idi. Dövlət büdcəsinin vəsaiti hesabına hər il istirahət mərkəzlərinə, sanatoriyalara göndərilirdi. Əlbəttə ki, Sovet hakimiyyəti sosialist ölkə idi, indi isə kapitalizm dövrüdür. Lakin bir çox ölkələrdə müəllimin dövlətin kadr potensialının gücləndirilməsi, formalaşdırılmasında xidmətini nəzərə alaraq, yüksək əmək haqqı ilə yanaşı, güzəşt və imtiyazlar saxlanılıb”.

Mütəxəssis kişi müəllimlərin sayının artırılmasını zəruri hal hesab edir. İndiki vəziyyətdə büdcə xərcləri nəzərə alaraq maaşların artırılmasından savayı, alternativ tədbirlər də görmək olar:

“Hesab edirəm ki, bu sahəyə yenidən kişi müəllimlərin cəlb edilməsi üçün zəruri olan addımların önündə müəllimlərə dövlət qulluqçusu statusunun verilməsi dayanır. Bundan başqa dövlət büdcəsinin vəsaiti imkan vermir ki, müəllimin əmək haqqı ciddi şəkildə artırılsın. O zaman, müəllimi müəyyən olunmuş xərclərdən azad etmək lazımdır. Yəni müəllim işıq, qaz, su kimi xərclərdən azad edilməlidir ki, aldığı az əmək haqqını sosial rifahına yönəldə bilsin. Bu gün müəllim gözünün işığını, sağlamlığını xalqın gələcəyinə sərf edir, ona ciddi şəkildə diqqət ayırmaq lazımdır. Azı hər altı aydan bir müəllimlərin pulsuz və yüksək səviyyədə tibbi xidməti həyata keçirilməlidir. Bilirsiz, müəllimə müqəddəslərə göstərdiyimiz ehtiramı göstərməliyik, səfirlərə verilən təhlükəsizlik və toxunulmazlığı həm də müəllimə verməliyik, deputata verilən əmək haqqını müəllimə verməliyik”.

Təhsil ekspertləri ilə müzakirənin ardından, problemə bir də psixoloji aspektdən yanaşaq dedik. Bunun üçün də, Psixoloq Gülər Məmmədovaya müraciət etdik. O, kişi müəllimlərin tədrisə cəlb edilməsinin xüsusilə oğlan uşaqlarının tərbiyəsində önəmli rol oynadığını söylədi:

“İbtidai siniflərdə sinif rəhbərləri qadınlar olur. Qadınların analıq instinkti, azyaşlılara qayğı göstərmələri tədris prosesinə məhz onları cəlb edir. Təbii ki orta məktəblərdə kişi müəllimlərin çoxluq təşkil etməsi sevindirici hal olardı. Bu həm məktəbin, həm də siniflərin psixoloji abhavasına çox müsbət təsir göstərərdi. Biz bilirik ki, oğlan uşaqlarının identifikasiyası ata ilə baş verir. Orta məktəblərdə kişi müəllimlərin olması natamamlıq kompleksi yaşayan uşağa yardım etmək baxımından yaxşı təsir göstərər. Ona görə də tədrisə kişi müəllimlərin cəlb edilməsi xüsusən oğlan uşaqlarının tərbiyəsində önəmli rol oynayır. Məktəblərdə kişi və qadın müəllimlərin birgə fəaliyyəti uşaqların düzgün  inkişafına və dünya görüşünün artmasına səbəb olur.  Bu səbəbdən yaxşı olardı ki, məktəblərdə kişi müəllimlərin sayı artırılsın. Sözügedn məqam uşaqların gələcəyə sağlam şəxsiyyət kimi yetişdirilməsinə birbaşa xidmət edəcək”.

Mütəxəssislərin fikrindən belə qənaətə gəldik ki, bu gün kişi müəllimlər sayca qat-qat az olması, gecikmiş həyəcan siqnalıdır. Tədbirlər vaxtında görülməsə nəticələr daha da ağırlaşa bilər.