“Azərbaycanda orta məktəblərdə kişi müəllimlərin sayı çox azdır”. Bunu Milli Məclisin deputatı Aydın Mirzəzadə parlamentdə çıxışı zamanı bildirib. Deputat qeyd edib ki, bu məsələ yalnız Elm və Təhsil Nazirliyinin deyil, cəmiyyətin ümumi problemidir: “Bu məsələ öz həllini tapmalıdır. Təklif edirəm ki, məktəb direktorları xüsusi olaraq kişi müavinlər təyin etsin. Hər bir məktəbdə həm qadın, həm də kişi psixoloq olmalıdır”.
Onun fikrincə, bu yanaşma tərbiyə və tədris prosesində kişi faktorunun rolunu artırmağa kömək edə bilər: “Uşaqlar günün böyük hissəsini məktəbdə keçirirlər. Məktəb təkcə təhsil deyil, tərbiyə prosesində də ciddi rol oynayır. Kişilərin bu prosesdə fəal iştirakı artırılmalıdır”.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov bildirib ki, məktəblərdə kişi müəllimlərin azlığı sadəcə Azərbaycanda deyil, bir çox bənzər ölkələrdə problemdir: “Burada əsas səbəb təbii ki, maddi məsələlərlə əlaqəlidir. Yəni kişilər ailə başçısıdır və ailənin iqtisadi yükünü çəkən insanlardır. Ona görə daha qazanclı işləri seçirlər və son illərdə bu tendensiya artıb. Qeyd edim ki, artıq müəllimlərin sertifikasiyası, MİQ prosesindən sonra son illərdə müəllim seçilənlərin içərisində kişilərin sayı artmağa başlayıb. Ümid edirəm ki, bu tendensiya davam edəcək”.
Ekspert qeyd edib ki, başqa bir səbəb isə qadınlar üçün pedaqoji sahədə çalışmağın daha münasib olmasıdır: “Qadın anadır, eyni zamanda tərbiyəçidir, onların çalışacağı bir neçə istiqamət var: tibb, təhsil, mədəniyyət sahələri və s. Amma düşünürəm ki, kişilərin məktəbə qayıtması müəyyən qədər təşviq edilə bilər. Xüsusilə əksəriyyəti xanım olan kollektivlərə mütləq bir neçə kişi müəllimə üstünlük verilə bilər. Çünki bəzi məktəblərdə hətta bədən tərbiyəsi üçün, ibtidai hərbi çağırışa hazırlıq fənni üçün belə kişi müəllim tapıla bilmir. Düşünürəm ki, müəyyən bir proqram həyata keçirilməlidir. Bu şagirdlərin psixologiyası və onların yetişməsi üçün də faydalı olar”.
Təhsil eksperti Nadir İsrafilov da hesab edir ki, məktəblərdə kişi müəllimlərin sayının artırılmasına böyük ehtiyac var: “Düşünürəm, şagirdlərin, xüsusilə də oğlanların həm kişi, həm də qadın müəllimlərin təsiri altında formalaşması daha doğru olar. Ailədə də uşaq ata zabitəsi və ana mehribanlığı görür. Bu da onların kamil, məsuliyyətli bir sözlə əsl vətəndaş kimi formalaşmasına kömək edir. Ancaq məktəbdə bu tənasüb gözlənilmir. Elə məktəblər var ki, orada pedaqoji kollektiv yalnız qadınlardan ibarətdir. Belə olan halda burada təhsil alan şagirdlər ancaq qadınlarla ünsiyyətdə olurlar. Qarşılıqlı ünsiyyətdə onların özünəməxsus çılğınlığını, bəzi hallarda aqressiv münasibətini, əksər hallarda mehribanlığını görürlər və bu da şagirdlərin tərbiyəsinə, məsuliyyətli insan kimi formalaşmasına müəyyən qədər öz mənfi təsirini göstərir. Bütün bu sadalananları nəzərə alaraq mütləq şəkildə məktəblərdə kişi müəllimlərin sayı artırılmalıdır. Qadınların gələcəyimiz olan uşaqları yetişdirmək, tərbiyə etmək, formalaşdırmaq və hər bir gənci xalqa, cəmiyyətə təqdim etmək məqsədilə müəllim peşəsini seçməsi çox müsbət və təqdirəlayiq haldır. Ancaq uşaqların güclü vətənpərvərlik ruhunda böyümələri üçün kişi müəllimlərə də ehtiyac var”.
Sosioloq Üzeyir Cəfərovun fikrincə, kişilərin müəllimlik peşəsinə o qədər də maraq göstərməməsinin əsas səbəbi əməkhaqqının aşağı olmasıdır: “Düzdür, son vaxtlar müəllimlərin əməkhaqqısının artırılması istiqamətində müəyyən addımlar atılıb. Ancaq Azərbaycan cəmiyyətində hər bir ailəni kişi saxlayır, evə əsas qazancı kişi gətirir. Müəllim qazancı isə aləni dolandırmaq üçün yetərli olmadığından, kişilər müəllimlik peşəsindən uzaqlaşır. Müəllim maaşı ailəni dolandırmağa yetmədiyi üçün onlar bu peşəni atıb daha artıq qazanc üçün başqa işlərdə çalışırlar. Əgər aldıqları məvacib dərs deyənləri qane etsə, zəruri ehtiyaclarını ödəsə, o zaman bu peşəni seçən kişi müəllimlərin sayı da sürətlə artar. Əməkhaqqının az olması kişiləri müəllimlik peşəsindən uzaqlaşdıran ən başlıca səbəbdir”.
Sosioloq bildirir ki, hər bir gənc oğlan ona daha çox gəlir gətirəcək ixtisası seçməyə üstünlük verir. Müəllimlik gəlirli sahə olmadığı üçün onlar da digər ixtisasları seçirlər: “Bu gün çox az sayda oğlan gəliri olmayan müəllimlik peşəsini seçir. Seçsə belə, bir neçə ildən sonra maddi problemlərlə üzləşəndə müəllimliyi atır, məcbur qalıb başqa işlə məşğul olmağa başlayır”.
Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucovun sözlərinə görə, bir çox ölkələr kimi, Azərbaycanda da kişi müəllimlərin sayının çox olmasına çalışmalıyıq: “Bunun üçün bütün müvafiq addımlar atılmalıdır. Tədris prosesində kişi müəllimlərin olması şagirdlərin, xüsusilə oğlanların psixoloji cəhətdən formalaşmasına müsbət təsir göstərir”.
İ.Orucov qeyd edib ki, kişiləri məktəbə qaytarmağı hər hansı inzibati metodla tənzimləmək mümkün deyil: “Kişi müəllimlərin təhsil prosesinə cəlb olunmasına müəllimlik peşəsinin cəmiyyətdə nüfuzunu artırmaq, bu peşə sahiblərinin sosial müdafiəsini daha da gücləndirməklə nail olmaq olar. Bu problem təkcə orta məktəblərdə deyil. Ali təhsildə, elmdə də kişilərin sayı azdır. Kişi müəllimlərin məktəblərə cəlb edilməsinin müsbət tərəfləri var. Qadın müəllimlər bir müddət sonra ana olaraq işə fasilə verirlər. Elmdən kənarlaşaraq daha çox ailəsinə vaxt ayırırlar. Amma kişi müəllimlərdə bu mənada davamlılıq var. Məktəb idarəçilərinin də arasında kişi müəllimlərin sayı artırılmalıdır. Bu, məktəblərdə şagirdlər arasında neqativ davranışların da sayının azalmasına təsir göstərər”.