Kollec diplomu olanlara BƏD XƏBƏR  

15:27 12.05.2025 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Kollecləri bitirən şəxslərin məktəbəqədər təhsil müəssisələrinə və məktəbəqədər hazırlıq qruplarına müəllim və ya tərbiyəçi kimi işə qəbul olunması praktik olaraq dayandırılıb. Məlumatlara görə, artıq kollec məzunlarının diplomları pedoqoji sahələrdə işə qəbul prosesi zamanı yetərli sayılmır. Halbuki əvvəllər kolleclərin məktəbəqədər təhsil ixtisasını bitirənlər rahat şəkildə dövlət və ya özəl bağçalarda iş tapa bilirdilər.

Xatırladaq ki, bir müddət əvvəl elm və təhsil naziri Emin Əmrullayev  məsələyə münasibətində müəllim hazırlığının yalnız ali təhsil müəssisələrinin səlahiyyətində olmasının zəruriliyini vurğulamışdı. Onun sözlərinə görə, kolleclərdə pedaqoji hazırlığın keyfiyyət səviyyəsi gözləntiləri qarşılamır və bu səbəbdən belə ixtisasların universitetlərdə cəmlənməsi daha məqsədəuyğundur. Bu yanaşma həm də müəllim peşəsinin peşəkarlıq səviyyəsini yüksəltmək məqsədi daşıyır: “Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə əsasən ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır. Kolleclərdə ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı da məhdudlaşdırılacaq”.

Nazir qeyd etmişdi ki, gələcəkdə orta ixtisas təhsilli mütəxəssislərin bağçalarda işləməsinə icazə verilməyəcək: “Biz artıq ümumi təhsildə orta ixtisaslı mütəxəssislərin fəaliyyətini dayandırmışıq. Bu, məktəbəqədər təhsildə də olacaq”.

Maraqlıdır, bu vaxta qədər kollec diplomu olanlar nə etməlidirlər? Onların işə götrülməməsi nə dərəcədə doğru addımdır?

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil eksperti Məzahir Məmmədli deyib ki, orta ixtisas təhsilli şəxslərin gələcəkdə bağçalarda da pedaqoji fəaliyyətdən uzaqlaşdırması böyük narahatlıq yarada bilər: "Bilirsiz ki, bu məsələ elm və təhsil nazirinin məlum çıxışından sonra həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş müzakirə olunmağa başladı. Hesab edirəm ki, nazirin fikri müəyyən qədər düzgün anlaşılmayıb. Orada tövsiyə olunur ki, bağçalarda da müəllimlər ən azı bakalvr səviyyəsində olmalıdır. Qərar müzakirə edilən səviyyədə başa düşülsə ki, onlar hamısı işdən azad edilməlidir, yaxud ediləcəklər, onda bu sahədə ciddi bir boşluq yarana bilər. Bildiyiniz kimi, məktəbəqədər təhsil müəssisələrində, yəni bağçalarda əksər tərbiyəçilər, müəllimlər, hətta müəyyən direktorlar kollec təhsillidir, onlar orta ixtisas müəssisələrinin məzunlarıdırlar. İkinci bir məsələ isə odur ki, əgər bu cür planlar varsa əvvəlcə kolleclərdə pedaqoji yönümlü ixtisasları ləğv etmək lazımdır. Bundan sonra bu addımı atmaq olar. Çünki Bakıdakı kolleclərin çoxunda, regionlarda fəaliyyət göstərən orta ixtisas müəssisələrinin demək olar ki, hamısında pedaqoji fakültələr var. Bugünə qədər pedaqoji ixtisas üzrə qəbula da heç bir məhdudiyyət yoxdur. Bundan sonrakı mərhələ üçün bu məsələnin izahı bir qədər çətin olacaq”.

Ekspert vurğulayır ki, hazırda xüsusilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdindəki kollecin məzunu olan məktəbəqədər müəssisələr üçün hazırlanan müəllimlər çox yüksək nəticələrə müvafiq müəssisələrdə işə qəbul olunurlar: “Həmin namizədlər ali təhsil müəssisəsini bitirən məzunlarla rəqabət apara bilirlər. Yəni, bu məsələdə söhbət heç də kolleclərin müvafiq standartlara cavab verməməsindən getmir. Burada standart deyil, beynəlxalq təcrübə nəzərə alınaraq planlanır ki, gələcəkdə bu istiqamətdə çalışan müəllimlər ali təhsilli olsunlar. Ola bilər bəzi müəssisələr nazirin çıxışına istinad edərək kollec məzunlarını işə götürməsinlər. Bunu bəhanə gətirə bilərlər. Elm və təhsil naziri açıq şəkildə bəyan edib ki, bu o vaxt baş verəcək ki, həmin müəssisələrə qəbul dayandırılacaq. Bilirsiniz ki, hələ bu il də qəbul dayandırılmayıb və davam edir. Çünki Nazirlər Kabinetinin və Elm və Təhsil Nazirliyinin bu məsələ ilə bağlı indiyə qədər tapşırığı, göstərişi, sərəncamı, təlimatı yoxdur. Başqa sözlə, hazırda kollec məzunlarının işə qəbulu və hansısa vəzifə tutmasına məhdudiyyət yoxdur".

M.Məmmədlinin qeyd etdiyinə görə, bu məsələdə ədalət prinsipi qorunmalıdır: “Hər halda, ədalətlilik prinsipini qorumaq üçün yeganə vasitə budur ki, bu il qəbul olan şəxslər məzun olandan sonra MİQ (Müəllimlərin İşə Qəbulu) imtahanında iştirak etsinlər və özlərinə əmək bazarında iş tapa bilsinlər. Burada bir məsələ də var ki, aztəminatlı ailələrin övladları, eləcə də orta biliyi olan gənclər pedaqoji yönümlü kolleclərə, pedaqoji yönümlü orta ixtisas fakültələrinə üz tuturdular. Bu da yaxşı hal idi ki, pedaqoji kadrlara olan tələbat ödənilirdi. Deyim ki, bizim ali məktəblərdə hələlik o qədər kadr hazırlayan bakalavr potensialımız yoxdur. Bu halda biz hələ ki, kollec təhsili alan pedaqoji kadrlardan istifadə etməliyik. Amma əgər məktəbəqədər təhsil müəssisəsində də o kadrlardan istifadə edilməyəcəksə, onda gərək pedaqoji yönümlü kolleclər bağlansın. Əks halda başqa cür mümkün deyil”.

Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi bildirir ki, artıq kolleclərdə bəzi fənlər üzrə hazırlıq tamamilə ləğv olunub: “Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə əsasən ibtidai sinif, məktəbəqədər təhsil, fiziki tərbiyə, təsviri incəsənət və digər fənn müəllimləri hazırlığı saxlanılmışdı. Amma son illər aparılan islahatlar çərçivəsində kolleclərdə yalnız məktəbəqədər təhsil və fiziki tərbiyə ixtisasları üzrə kadr hazırlığı saxlanılıb. Əlbəttə bu həm zamanın, həm də müasir çağırışların tələbidir. Eyni zamanda, hazırda bizə daha çox ixtisaslı, ali təhsilli kadr lazımdır. Dünyanın əksər ölkələrində pedoqoji sahədə fəaliyyət göstərmək üçün bakalavr deyil, magistr təhsili tələb olunur. Ola bilər ki, yeni tədris ilindən kolleclərdə məktəbəqədər təhsil üzrə qəbul dayandırıla bilər. Bu il olmasa da, növbəti ildən bununla bağlı çox güman ki, müvafiq addımlar atılacaq. Ona görə də kolleci bitirən məzunlar gələcək fəaliyyətləri barədə ciddi düşünməlidirlər”.

“Kollec məzunları nə etməlidir?” sualının cavabında isə ekspert həmin kadrlara ali təhsil müəssisələrinə qəbul olunaraq təhsillərini bakalavr səviyyəsində davam etdirməyi tövsiyə edib: “Kollec məzunları bakalavr səviyyəsində ali təhsilə davam edərək müəllimlik ixtisası üzrə təhsil ala bilərlər.  Bu, onların əmək bazarında rəqabət qabiliyyətini artıracaq.

Eyni zamanda, peşə yönümlü ixtisaslara keçid də çıxış yoludur. Kolleclərdə digər sahələr üzrə ixtisaslara yönəlmək və ya əlavə təhsil proqramlarına qatılmaq da bir seçim ola bilər. Bundan başqa, müxtəlif təlim və sertifikat proqramlarına qatılaraq bilik və bacarıqlarını artırmaq, fərqli sahələrdə iş imkanlarını genişləndirə bilər”.