Koronavirus peyvəndini almaq Azərbaycana neçəyə başa gələcək? - Araşdırma

10:36 25.08.2020 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dünya təxminən 7 aydan çoxdur ki, gözəgörünməz düşmənlə-koronavirusla mübarizə aparır. Hələlik bu mübarizədə üstünlük COVİD-19-un tərəfindədir. Dünya əhalisi isə səbirsizliklə koronavirus infeksiyasına qarşı effektli peyvəndin hazırlanacağı günü gözləyir. Artıq bu istiqamətdə aparılan çalışmalar sürətlənməkdədir və bəzi ölkələr COVİD-19-a qarşı peyvəndin hazır olduğunu bəyan ediblər. Məsələn, Oksford Universiteti və İtaliyanın “Irbm” şirkətinin müştərək hazırladığı yeni növ koronavirus infeksiyası (COVID-19) əleyhinə peyvəndin payız və ya qışda əlçatan ola biləcəyi deyilir.

Çində əczaçılıq şirkəti tərəfindən istehsal edilən koronavirus peyvəndinin ilin sonuna qədər bazara çıxarılacağı açıqlanıb. Bu barədə peyvəndin istehsalçısı “SinoPharm” şirkətinin direktoru Lyu Tzinçjen “Guangming” qəzetinə açıqlama verib. O, ilin sonunda buraxılacaq COVID-19 peyvəndinin qiymətinin 140 dollardan aşağı olacağını və 28 gün fasilə ilə iki dozada tətbiq olunacağını qeyd edib. Peyvəndin əsasən böyük şəhərlərdə yaşayan işçilərə və tələbələrə vurulmasının vacibliyini bildirən Tzinçjen sıx məskunlaşmamış kənd yerləri üçün belə bir tələbin olmadığını söyləyib: “1,4 milyard əhalinin hamısı peyvənd almağa məcbur deyil”.

Yeni tip koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd işlərinə görə, Türkiyə Ümumdünya Səhiyyə Təşkilatının siyahısında yerli peyvənd inkişaf etdirən ölkələr arasında ABŞ və Çindən sonra üçüncü sıradadır. Bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məlum pandemiya ilə bağlı ölkədəki vəziyyətdən bəhs edərkən bildirib. Koronavirus peyvəndi üzərində çalışmaların daha da sürətləndiyini ifadə edən dövlət başçısı vurğulayıb ki, Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK) tərəfindən yaradılan “COVID-19” Türkiyə Platforması 8 müxtəlif peyvənd və 10 fərqli dərman layihəsi üzərində çalışır. Bu sahədə iki peyvənd nümunəsi heyvanlar üzərində uğurla təcrübədən keçirilib. Onlardan biri təsdiqlənərək insanlar üzərində klinik sınaq işi mərhələsinə gətirilib.

Avropa İttifaqı hökumətləri isə “AstraZeneca” şirkətinə 300 milyon doza koronavirus peyvəndi üçün 750 milyon avro ödəyəcək. Bir doza peyvənd üçün qiymət 2.5 avro (4.78 manat) təşkil edəcək. İtaliya Səhiyyə Nazirliyindən bildirilib ki, şirkətlə əldə olunan razılaşmaya əsasən, daha 100 milyon doza peyvənd alına bilər.

Rusiyada isə COVID-19 əleyhinə peyvənd qeydiyyata alınıb. Peyvənd üzərində 17 elmi institutdan olan onlarla ən yaxşı hərbi virusoloq və biokimyaçılar çalışıb. Koronavirus peyvəndi üçün platforma Ebola virusu dərmanı olub. İki qrup könüllülər üzərində 42 gün davam edən klinik tədqiqatlar nəticəsində müəyyən edilib ki, hər kəsin virusa qarşı immuniteti yaranıb. Yeni dərmanın təsirini sınaqdan keçirənlər arasında kişi və qadın, hərbçi və mülki şəxslər var. Təcrübə xatirinə onlar bir aydan çox müddətə təcrid olunmuş vəziyyətdə qalıblar. Vladimir Putinin qızı da peyvəndin effektivliyini özündə sınayıb.

Rusiyada peyvənd istehsalı qısa müddətdə başlayacaq. İlin sonunadək istehsalın ayda 10 milyon dozaya çatdırılması planlaşdırılır. Peyvənd ilk olaraq, həkimlər, müəllimlər və yaşlı insanlara vurulacaq. Rusiya əhalisinin kütləvi pulsuz peyvəndi oktyabr ayında başlayacaq. İndi Rusiyaya dünyanın 20 ölkəsindən 1 milyard doza dərman preparatının alınması üçün müraciətlər daxil olub.

Bəs, görəsən, Azərbaycan peyvəndin alınması uçün hansısa ölkələrlə danışıqlar aparırmı? Bu peyvəndlərin effektivliyi nə qədər ola bilər? Azərbaycanın koronavirus peyvəndini alması üçün nə qədər vəsaitə ehtiyacı var?

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva hər bir peyvəndin geniş istifadəyə başlamadan öncə 3 əsas mərhələdən keçməli olduğunu bildirib: “Beynəlxalq səviyyədə tanınan, beynəlxalq təşkilatlarla əlaqəli olaraq hansısa peyvəndi alıb Azərbaycana gətirməyi düşünürük. Avropada olan məşhur istehsalçılarla da əlaqəyə də girmişik. Rusiyada olan peyvəndlə bağlı gözləmək lazımdır. Məlumatlar çox ümidvericidir. Amma konkret söz demək çox tezdir”.

Məsələ ilə bağlı fikirlərini hafta.az-la bölüşən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib ki, hələlik dünyada koronavirus peyvəndi ilə bağlı konkret müsbət nəticələr yoxdur: “Düzdür, artıq bəzi ölkələr bu virusun peyvəndini hazırladıqlarını bəyan ediblər. Amma hazırlanan pereparatların nə dəcədə effektli, yan təsirlərinin nədən ibarət olduğu ilə əlaqədar konkret rəylər yoxdur. Bizdə olan məlumata görə, hazırda Azərbaycan höküməti bu istiqamətdə müvafiq araşdırmalar aparır. Peyvəndin təsiri, hansı dozada tətbiq olunacağı kimi məsələlər araşdırılır”.

Ekspert vurğulayıb ki, əgər koronavirus peyvəndlərinin ayrı-ayrı ölkələrdə aparılan sınaqları uğurlu olarsa, bu pereparatlar Azərbaycana yalnız 2021-ci ilin ikinci rübündən çatdırıla bilər: “Hesab edirəm ki, peyvəndlə bağlı sınaqlar bu ilin sonunda başa çatacaq və konkret rəyə gəlinəcək. Əgər aparılan sınaqlar uğurlu olarsa, 2021-ci ilin ikinci rübündən vaksin Azərbaycana çatdırıla bilər ”.

Peyvəndin alınması üçün Azərbaycana nə qədər vəsait lazım ola biləcəyinə gəlincə, iqtisadçı deyib ki, hazırda bununla bağlı konkret rəqəm söyləmək çox çətindir: “Peyvəndlərin geniş şəkildə tətbiqi ilə bağlı hələlik çoxsaylı suallar mövcuddur. Məsələn, ən ciddi suallardan biri bu peyvəndin hansı dozada, hansı qrafiklə vurulacağıdır. Bildiyimiz kimi bəzi xəstəliklərlə bağlı peyvəndlər var ki, onlar insana bir dəfə vurulur. Bəzi xəstəliklərlə bağlı peyvənlər isə müəyyən qrafiklə bir neçə dəfə vurulur. Yəni, peyvəndin hansı dozada, hansı qrafiklə vurulacağı qiymətə təsir göstərir. Ona görə də koronavirus peyvəndinin alınması üçün Azərbaycana nə qədər vəsait tələb olunacağını proqnozlaşdırmaq çətindir. Lakin bununla yanaşı, məlumatlar var ki, dünya bazarında bu peyvənd  3-5 dollar civarındadır. Sözsüz ki, bir müddət keçdikdən sonar həmin məbləğ hətta 1-2 sentə qədər ucuzlaşacaq. Ümumilikdə peyvəndi almaq və bütün ölkə əhalisini peyvənd etmək üçün Azərbaycana təqribən 50-85 milyon manat vəsait lazım olacaq. Bu vəsaiti də növbəti 2 ilin büdcə sənədində nəzərə almaq mümkündür. Burada əsas düşündürən sual isə ondan ibarətdir ki, peyvəndləmə tədbiri dövlətin yoxsa vətəndaşın vəsaiti hesabına baş tutacaq? Təbii ki, indiki halda ola bilər ki, dövlət ancaq həssas qrupların, aztəminatlı ailələrin, risk qrupuna daxil olan insanların peyvəndləmə tədbirini öz üzərinə götürsün. Digər vətəndaşlar isə vaksini öz vəsaitləri hesabına vurdursunlar. Düşünürəm ki, əgər koronavirus peyvəndinin kütləvi tətbiqinə müsbət cavab verilərsə, çoxlu sayda vətəndaşımız bu vaksini vurdurmaqda maraqlı olacaq. Çünki insanlar artıq bu şəraitdə yaşamaqdan yorulublar, onlar tez bir zamanda əvvəlki həyat tərzlərinə qayıtmaq arzusundadır”.

Mövzu ilə bağlı bizimlə fikrlərini bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, koronavirusun müalicəsi Ümumdünya Səhiyyə Təşkilatının təlimatları əsasında həyata keçirilməlidir. Xəstələr qətiyyən özbaşına müalicə qəbul etməməlidir. Konkret peyvənd də bu virusa təsir etməyəcək.

Virus mutasiya olunduğu üçün o qədər ştamlara malikdir ki, konkret peyvəndin buna təsir etməsi real görünmür. İkinci tərəfdən peyvənd ortaya çıxıb, sınaqdan keçirilib insanlarda tətbiq ediləndən sonra onun hansı effekti verməsi də sual altındadır. Məsələn, RNT daşıyan virusların demək olar ki, əksəriyyətinin peyvəndi yoxdur. Bundan başqa, qripin özünün də indiyə qədər normal bir vaksini tapılmayıb. Hər il bir ştam peyda olur və ona qarşı olan vaksin də demək olar ki, effekt vermir. Bu baxımdan vaksin illuziyasından çəkinmək lazımdır. Hesab edirəm ki, vaksin ortaya çıxana kimi virus yox olacaq. Virusun bu ştamının konkret olaraq uzun müddət mövcud olması mümkün deyil. Hər halda elmi proqnozlar bunu deyir. Bu səbəbdən insanların özünü qoruma tədbirlərinə üstünlük verməsi daha məqsədəuyğundur. Yəni, vaksinlə bağlı şox seylər yazıla bilər. Vaksin illüziyasına çox fikir vermək lazım deyil. Rusiya da vaksin istehsal edir, amma görürsünüz, ciddiyə alınmadı. Dünya Səhiyyə Təşkilatı onların qarşısına şərt qoydu. Əvvəla, virus davam eləsə də, vaksinin necə təsir edəcəyi məsələsi var. Vaksin həmişə uğurlu olmur”.

Sosial rubrikasından digər xəbərlər