KTMT-nin qapıları Azərbaycan üçün açıqdır... - Müzakirə

11:48 25.05.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenkonun Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qapılarının Azərbaycan da daxil olmaqla hər kəsə açıq olması siyasi müstəvidə yeni gündəm yaradıb. Rusiya rəsmisinin bəyanatında Azərbaycanın bu təşkilata inteqrasiyası üçün ilk növbədə, Ermənistanla diplomatik münasibətlər qurulması zərurəti önə çəkilir və gec-tez buna gediləcəyini deyir. Ümumiyyətlə, Azərbaycanın KTMT-yə qoşulması bizə nə verə bilər?

Bu, Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmağı, türk hərbi  standartları və NATO səviyyəsində yeni bir ordu yaratmağı hədəfləyən Azərbaycanın maraqlarına nə dərəcədə uyğundur. Azərbaycanın KTMT-yə qoşulması bizə nə verə bilər?

Politoloq Qabil Hüseynli hafta.az-a şərhində bildirib ki, Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olması özündən çox Rusiyanın strateji maraqlarına uyğundur. Onun fikrincə, Azərbaycan hələ Rusiyanın NATO-ya alternativ kimi formalaşdırmağa çalışdığı bu quruma qoşula bilməz. Bu heç də Azərbaycan üçün xeyirli vədlər vermir.  Ona görə də “Bu Azərbaycanın strateji maraqlarına cavab verirmi?”  sualına cavab vermək çətindir.

“Bu gün Azərbaycanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulmağa heç cür imkanı yoxdur.  O, Qoşulmayanlar Hərəkatının sədridir. Bu sədrlik müddətinin bitməsinə isə 2 ilə yaxın vaxt qalıb.  Qoşulmayanlar blokuna daxil olan ölkə başqa bir təşkilata qoşula bilməz”. 

Politoloq digər tərəfdən hesab edir ki, Yerevanla Azərbaycan arasında diplomatik münasibətlərin yaradılması o qədər də asan görünmür.  Ermənistan kapitulyasiyaya imza atsa da, götürdüyü öhdəlikləri yerinə yetirmir, üstəlik, Rusiya bu məsələ ilə bağlı sülhməramlıların fəaliyyəti müstəvisində Ermənistana təsir göstərmir.

“Sərhədlərin demarkasiyası, bəzi torpaqların qaytarılması, Azərbaycanın ərazi bütövlüyünün tanınması və sair məsələlər həll olunmalıdır.  Ondan sonra sülh sazişi imzalana və iki ölkə arasında tədricən diplomatik münasibətlər qurula bilər. Azərbaycanın strateji üstünlüyü Türk Şurasının möhkəmləndirilməsi ilə bağlıdır. Azərbaycan Türk Şurasının sədridir. Azərbaycan Türk Birliyinin möhkəmləndirilməsi istiqamətində xeyli cəhd edir. Bu gün Türk Şurası genişlənməkdədir və öz sırasına yeni-yeni üzvlər qəbul edir. Yaxın gələcəkdə Azərbaycanın xarici strategiyasının istiqamətləri Türk Şurası Birliyinin yaradılması, bu birliyə digər türk ölkələrinin qəbul edilməsini hədəfləyib.  Rusiyanın özündə olan böyük türk millət və xalqları var ki, onlar da Türk Şurasına daxil ola bilər. Məsələn, Tatarıstan, Başqırdıstan, Çuvaşiya, Burvatiya, Altay Resbublikası, Qaraçərkəz, Kalmıkiya, Tula və bir neçə adını çəkmədiyim Rusiyada olan muxtar respublikalar. Vaxtı gəldikcə onlar da  böyük Türk Dünyasının, Turanın formalaşdırılmasının iştirakçıları olacaqlar. Ona görə də biz çox hay-küy qaldırmadan müəyyənləşdirdiyimiz strategiyaya doğru getməliyik”.

Hərbi ekspert Şair Ramaldanov hafta.az-a bildirib ki, Azərbaycanın geosiyasi nüfuzuna, Prezidentin diplomatiyada qazandığı uğurlarına görə  elə bir qurum yoxdur ki, ölkəmizi ora dəvət edilməsin. Onun fikrincə, bu mənada Rusiya rəsmisinin belə fikir deməsi təsadüfi deyil.

“Rusiya rəsmisi bu gün KTMT-nın qapılarının açıq olduğunu deyir. O təşkilatın qapıları çoxdan açıqdır və Rusiya artıq xeyli vaxtdır, Azərbaycanı o quruma dəvət etmək istəyir.  Azərbaycanın regionda yüksək iqtisadi potensialı var. Yəni erməni dövləti kimi dilənçi deyil”.

Bütün bunlarla yanaşı Ş.Ramaldanov hesab edir ki, Azərbaycanın müstəqil siyasəti var və gələcəkdə hansı təşkilatlarla əlaqələr quracağını özü müəyyənləşdirəcək.

“Prezident İlham Əliyevin bu məsələdə də müdrik qərar qəbul edəcəyinə inanıram. Burada Türkiyə, NATO faktoru da var. Hələlik isə Azərbaycan Qoşulmama Hərəkatının sədridir. Azərbaycanın öz siyasətində hansı seçimi edəcəyi barədə fikir söyləmək hələ tezdir”.

Ekspert bildirir ki, hələlik Azərbaycan o təşkilata can atmır.

“Eyni zamanda Azərbaycanın bütün dünya dövlətləri, təşkilatları ilə əlaqələri var. O cümlədən Azərbaycan Ermənistana qonşuluq münasibətləri təklif edir. Əgər Ermənistan sülh barışığına gəlib revanşist iddialarından əl çəkərsə, diplomatik münasibətlərdə müsbət gediş ola bilər. Hələlik isə əsas odur ki, biz işğalçını öz torpaqlarımızdan qovduq, ərazilərimizi təmizlədik”.