Küçə heyvanlarının artımı hansı yolla əngəllənir?

16:22 01.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Son illər paytaxtda və ətraf rayonlarda sahibsiz heyvanların sayının artmasını müşahidə edirik. Bu hal həm əhali arasında narazılığa səbəb olur, həm də heyvanların rifahına mənfi təsir göstərir. Üstəlik, belə heyvanların antisanitar vəziyyətdə yaşadığı və ac-susuz qaldığı da hər kəsə məlumdur. Zaman-zaman küçə itlərinin populyasiyasının qarşısının alınması, onlara lazımi qulluq üçün müxtəlif addımlar atılsa da, təəssüflər olsun ki, bu sadəcə çox kiçik bir qism heyvanı əhatə edir.

Günbəgün artan sahibsiz heyvan sayı onların müəmmalı və acınacaqlı taleyini bir daha gündəmə gətirir. Səssiz-sədasız dostlarımız doğulduqları andan etibarən, həm təbii şəraitlə, həm də insanların mənfi rəftarı ilə mübarizə aparmağa məhkumdur.

Hazırda küçə heyvanlarının nəsilartırmasının qarşısını almaq üçün onların qısırlaşdırıldığı, lakin prosesin ağrılı olduğu söylənilməkdədir. Bir qrup insan düşünür ki, prosesdən sonra küçə heyvanlarını ağrı-acılı günlər də gözləyir. Hafta.az-ın əməkdaşı məsələyə aydınlıq gətirmək üçün mütəxəssisə müraciət etdi.

“Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzinin baytar həkimi Cəlal Məlikov söylədi ki, istər küçə, istərsə də sahibli heyvanlara “qısırlaşdırma” prosesinin icrasının heç bir fərqi yoxdur. Ağrı isə cərrahi prosedur keçmiş hər bir canlıda olduğu kimi, bir neçə gün davam edir:

“Əməliyyat narkozla həyata keçirilir. Ardınca isə vəziyyətə uyğun olaraq, antibiotik – müalicə kompleksi yazılır. Bundan sonra, təxminən, 1 həftə-10 gün müddətində heyvanda ağrı olur. Bu da normal haldır”.

Baytar qısırlaşdırma prosesindən sonra küçə itlərinə qulluğun hansı formada olduğu mövzusuna da münasibət bildirdi. Onun sözlərinə görə, sahibsiz itlər yalnız 3 gün klinikada müalicə ala bilir:

“Mən özəl müəssisədə baytar işlədiyim üçün bura adətən ev heyvanları gətirilir. Küçə heyvanları gətirildikdə isə onlara 3 gün müddətində vitamin kompleksi və başqa müalicə vasitələri tətbiq olunur, ardınca isə küçəyə buraxılır”.

Diqqətinizə çatdıraq ki, hazırda dünyada heyvan haqlarının yüksək səviyyədə qorunduğu ölkələrdən İsveçrə və İngiltərə ön sıralardadır. İsveçrə 1992-ci ildən etibarən heyvanları konstitusiya olaraq tanıyan ilk ölkədir. Hər iki dövlətdə heyvanlar “hiss edilə bilən” canlılar olaraq qəbul edilmişdir. Heyvanları qoruma qanununa görə, onlardan sui-istifadə edən şəxslər cinayətin ağırlığından asılı olaraq, cərimə və ya  3 ilədək həbs cəzası alırlar.

Bu qanunlar dünyanın hər yerində eyni deyildir. Elə inkişaf etmiş ölkələr var ki, burada hətta küçə heyvanları öldürülür. Misal olaraq deyək ki, Avropa və Ameriakada küçə heyvanları yığılaraq sığınacaqlara qoyulur. Burada hər heyvana 2 həftə müddət verilir (bu müddət sığınacağa və ölkəyə görə dəyişə bilər). 2 həftənin tamamında sahiblənilməyən heyvanlar yatırılır (öldürülür).

Ölkəmizdə isə sahibsiz heyvanlarla bağlı problem hər zaman ən aktual məsələlərdən biri hesab edilmişdir.  Bunun nümunəsi kimi, 2009-cu ildə Bakı-Şamaxı magistral yolunun 15-ci kilometrliyində yerləşən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinin (AARC) açılmasını göstərmək olar.

Bundan başqa, 2014-cü ilin oktyabr ayında Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyeva tərəfindən IDEA Heyvanlara Qayğı Mərkəzinin təməli qoyulmuşdur. 2016-cı ilin sonunda Mərkəzin inşası başa çatdırılmış, 10 noyabr tarixində isə Leyla Əliyevanın iştirakı ilə kompleksin rəsmi açılışı olmuşdur. 2017-ci ilin 1 mart tarixindən etibarən Mərkəz rəsmi fəaliyyətə başlamışdır. Mərkəzdə müasir avadanlıqla təchiz olunmuş klinika, it və pişiklər üçün sığınacaq blokları, ayrı karantin blokları, himayə bölməsi, oyun meydançası, yataqxana, konfrans zalı və s. mövcuddur.

Qeyd edək ki, dünyada küçədə yaşayan sahibsiz it və pişiklərin ümumi sayının təxminən 600 milyon olduğu görünməkdədir. Hər il 4 aprel tarixi dünyanın hər yerində həyatlarını çox çətin şəraitdə keçirməyə çalışan küçə heyvanlarının qorunması, sığınacağı və qidalanması kimi ehtiyaclara diqqət çəkmək üçün "Dünya Küçə Heyvanları Günü" olaraq qeyd olunur.