Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi, Qurban bayramından sonra ölkə daxilində dabaq xəstəliyinin artması səbəbindən 81 əyalətdə bütün heyvan bazarlarının növbəti xəbərdarlığa qədər bağlandığını açıqlayıb.
Hafta.az-ın yazdığına görə, Qida və Nəzarət Ümumi Müdirliyi tərəfindən "təcili" kodu ilə əyalət müdirliklərinə göndərilən məktubda xəstəliyin sürətlə yayılma riski daşıdığı və bu səbəbdən təcili müdaxilənin lazım olduğu bildirilib.
Baş direktor Ersin Dilərin imzaladığı açıqlamada Qurban bayramı ilə əlaqədar heyvan hərəkətlərində ciddi dövriyyənin olduğu, bəzi bölgələrdə epidemiya olan dabaq xəstəliyinin yenidən ortaya çıxdığı vurğulanıb.
Məlumat verilib ki, nümunə götürülən xəstə heyvanlar üzərində aparılan araşdırmalarda virusun genetik və antigen strukturunda dəyişikliklər aşkar edilib. Bildirilib ki, bu yeni virus növünə qarşı qoruyucu vaksin istehsal edilib və sahədə tətbiqinə başlanılıb.
Bununla belə, bütün heyvanları qısa müddətdə peyvənd etməyin mümkün olmadığı və heyvanların hərəkətinin məhdudlaşdırılmasının xəstəliyin yayılmasının qarşısının alınmasında daha təsirli üsul olduğu vurğulanıb.
Heyvan satış məntəqələrində həm heyvanların, həm də ziyarətçilərin sıx hərəkəti səbəbindən xəstəliyin yayılma riskinin yüksək olduğu bildirilib və bütün heyvan bazarlarının, canlı heyvan birjalarının, satış mərkəzlərinin, parkların və yarmarkaların dərhal bağlanması tələb olunub.
Nazirlik həmçinin xəstəliyin yayılmasının qarşısının alınması üçün karantin tədbirlərinin həyata keçirildiyini, təlim və səhra təlimlərinin davam etdirildiyini, yoxlamaların artırıldığını açıqlayıb.
Dabaq xəstəliyi dırnaqlı heyvanlarda müşahidə olunan çox yoluxucu viral xəstəlikdir. Qızdırma, ağız və dırnaq zədələrinə səbəb olan virus heyvanlar arasında sürətlə yayılaraq məhsuldarlığın itirilməsi və müalicə xərclərinə görə heyvandarlıq sektorunda ciddi iqtisadi itkilərə səbəb ola bilər.
Ət və süd istehsalının azalmasına səbəb olan daban xəstəliyi ixrac məhdudiyyətlərinə də yol aça bilər. Mütəxəssislər bu proses zamanı istehsalçıların və istehlakçıların daha diqqətli olmasının vacibliyini vurğulayırlar.