Ədəbiyyatşünas alim, gözəl pedaqoq, istedadlı təşkilatçı olan şəhid atası Kamran Kazımov 2023-cü ildən Astara Pedaqoji Kollecinə direktor təyin olunub. Özü kimi həyatının mənasını Vətəninə, xalqına təmənnasız xidmətdə görən pedaqoji kadrların potensial imkanlarını bir yerə toplamaqla bu təhsil ocağına yeni bir nəfəs gətirib. Odur ki, kollec qazandığı uğurlarına görə respublikada yaxşı tanınır. Burada gələcəyin savadlı, vətənpərvər mütəxəssislərini yetişdirmək üçün pedaqoji kollektiv bütün imkanlardan səmərəli istifadə edir.
Elə bu günlərdə kollecdə Riyaziyyat və informatika fənn birləşmə komissiyasının təşkilatçılığı ilə baş tutan "Kiber-Zəka" adlı viktorina İnformatika fənninə marağın artırılması və tələbələrin məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədini daşıyırdı.
İştirakçıların hər birinə uğurlar arzulayan kollecin direktoru, professor Kamran Kazımov bildirdi ki, texnologiya artıq həyatımızın bir hissəsi deyil, həyatımızın mərkəzidir. Bu gün burada göstərəcəyiniz hər bir bilik, gələcəkdə imza atacağınız böyük uğurların kiçik bir göstəricisidir: “Bu cür viktorinalar tələbələrin biliklərini möhkəmləndirməklə yanaşı, onların elmi dünyagörüşünün genişlənməsinə və intellektual potensialının inkişafına böyük töhfə verir. Bir daha bütün iştirakçılara uğurlar arzulayıram, viktorinanın təşkilində əməyi olan müəllimlərə təşəkkür edirəm”.
Kollecin Maliyyə-informatika və qida məhsullarının təhlükəsizliyi şöbəsinin müdiri Nuranə Fərəcova, Sosial-aqrar və turizm şöbəsinin müdiri Aygün Səfərova tədrisin keyfiyyətinin yüksəldilməsi və tələbələrin hərtərəfli inkişafı məqsədilə belə viktorinaların keçirilməsinin tələbələrin biliklərinin yoxlanılması və möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malik olduğunu dedilər. Eləcə də viktorinanın bilikləri yoxlamaqla yanaşı, məntiqi düşüncəni və elmi marağı da inkişaf etdirmək üçün gözəl bir fürsət yaratdığını vurğuladılar.
Bilik yarışmasına təhsil ocağının 6 komandadan ibarət II kurs tələbələri qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışmanın birincisi "Python gücü” (Kompüter sistemləri və kompleksləri) komandası olub, hər bir üzvünə sertifikat verilib.
Həmçinin maraqlı təqdimatlarla yaddaşlara yazılan viktorinada İnformatika müəllimi İranə Məmmədova öz yenilikçi yanaşması sayəsində müasir texnologiyanın gücünü göstərib, riyaziyyat-informatika müəllimi Aynur İbrahimzadə isə zamanın rəqəmsal dəhlizlərində səyahətə çıxaraq informatika dünyasının keçmişi ilə gələcəyini təqdim edib.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü