Məktəb direktoru olmaq istəyənlərin nəzərinə

17:37 17.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

“Məktəb direktorları ilə bağlı imtahanlarda bütün namizədlər iştirak edə bilərlər”.

Hafta.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov nazirliyin rəsmi Feysbuk hesabında canlı yayımda məlumat verib. O qeyd edib ki, əvvəllər müsabiqədə yalnız yerli idarəetmə orqanlarının namizədləri iştirak edə bilirdi, daha sonra bu məhdudiyyət aradan qaldırılıb:

“Son illərdə imtahanlarda daha çox namizəd iştirak edir. Vakant yerlərin sayı illər üzrə 600, bəzən 700-ə çatıb. Bu il 2000-dən çox direktorluğa namizəd test imtahanında iştirak edib, bu mərhələdə 1500-dən çox namizəd keçid balını toplayaraq növbəti mərhələyə dəvət olunacaqlar. Müsahibə mərhələsində bu il keçid balına müəyyən olunarkən namizədlərin seçdikləri vakant yerlərdə təhsil alanların sayı təsir edib. Növbəti həftədən başlayacaq müsahibə mərhələsində ən yüksək bal toplayan namizədlər dəvət olunacaq”.

Eşqi Bağırov deyib ki, pedaqoji təhsili olmayan namizədlər də məktəb direktorluğuna iddia edə biləcəklər.


“Direktorluğa qəbul üzrə müsahibələrə ilkin mərhələdə dəvət olunan namizədlər 1000 nəfərdən çox şagirdi olan məktəblərə iddia edəcəklər. İkinci mərhələdə 500-1000, üçüncü mərhələdə 100-500, sonuncu mərhələdə isə 100-ə qədər şagird sayı olan məktəblərə iddia edəcəklər.

Test imtahanı mərhələsində daha çox nəzəri biliklər yoxlanılıb. Növbəti mərhələlərdə namizədlərin daha çox ümumi dünya görüşü, idarəçilik səriştəsini yoxlayacağıq. Yay aylarında müsahibələrin böyük hissəsini bitirib, vakant yerlərin bir hissəsinə təyinatları həyata keçirmək istəyirik”.

Oxunma sayı 688