MHX-nin rəsmisi: Ölkədə erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində iş aparılır

13:29 04.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Son 5 il ərzində Azərbaycanda ən çox dolu düşmə hadisəsi ötən il qeydə alınıb.

Hafta.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (MHX) rəsmisi Gülnarə Abbasova Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasının 80 illiyinə həsr edilən "Təbii fəlakətlər, ekoloji problemlər və yaşıl dünya" mövzusunda konfransda "Təbii fəlakətlərin idarə olunmasında erkən xəbərdarlıq sisreminin rolu" mövzusuna məruzəsində deyib.

O bildirib ki, 2019-cu ildə 58, 2020-ci ildə 53, 2021 və 2022-ci illərdə 34, 2023-cü ildə 150, 2024-cü ildə isə 158 dolu hadisəsi baş verib.

1966-cı ildən 2024-cü ilə qədər olan məlumata əsasən daşqın hadisələrinin sayında isə 2020-ci ildən etibarən nəzərəçarpan rəqəmlər müşahidə edilir. Belə ki, 2020-ci ildə 35, 2021-ci ildə 41, 2022-ci ildə 50, 2023-cü ildə 147, 2024-cü ildə isə 102 daşqın hadisəsi müşahidə olunub.Ötən il sel hadisələri ən çox Oğuz-Qəbələ-İsmayıllı-Şamaxı bölgəsində baş verib. Həmin bölgədə 28 belə hadisə qeydə alınıb.

Gülnarə Abbasovanın sözlərinə görə, son 100 ildə Azərbaycan ərazisində orta illik temperatur regionlardan asılı olaraq 0,4-1,3 dərəcəyə qədər artıb. Nəticədə son illər ərzində respublikamız iqlim dəyişmələri fonunda daşqınlar, qar uçqunları, tufanlar, qasırğalar, dənizdə yüksək dalğalanmalar, güclü küləklər, quraqlıqlar, şoranlaşma, torpaqların deqradasiyası, səhralaşma, yağıntıların və su ehtiyatlarının azalması və digər bu kimi ekstremal iqlim hadisələrinin təsirlərinə məruz qalır.

“Aparılmış təhlillərə əsasən qeyd edə bilərik ki, respublika ərazisində son 30 il ərzində yağıntıların miqdarı 10 faiz azalıb, havanın orta temperaturu isə 1,3 dərəcə artıb. Bununla yanaşı, 1961-1990-cı illərin baza məlumatları ilə müqayisədə son 10 il ərzində dolu düşən günlərin sayı təqribən 3, sürəti saniyədə 25 metrdən yuxarı şiddətli küləkli günlərin sayı orta hesabla 12, sel və daşqın hadisələrinin sayı 18, isti hava dalğası 6-13, güclü leysan yağışlı günlərin sayı 6 dəfəyədək, yanğın hadisələrinin sayı isə 2 dəfədən çox artıb. Hazırda iqlim dəyişmələrinin təsiri nəticəsində təhlükəli hidrometeoroloji hadisələrin başvermə intensivliyi yüksəlib, arealı daha da genişlənib. Bu səbəbdən təbii fəlakətlərin idarəolunması, gözlənilən ekstremal hava şəraitinin öncədən aşkar edilməsi çox önəmlidir. Bu məqsədlə ölkədə erkən xəbərdarlıq sisteminin yaradılması istiqamətində iş aparılır. Əhalinin sağlamlığının, əmlakının, eyni zamanda, iqtisadiyyatın ayrı-ayrı istiqamətlərini təbii fəlakətlərdən qorumaq, dəyən zərəri minimuma endirmək məqsədilə hidrometeoroloji məlumatların keyfiyyətini artırmaq və verilən proqnozların özünü doğrultma faizini yüksəltmək məqsədilə hidrometeoroloji şəbəkənin modernzasiyası işləri aparılır”, - deyə o vurğulayıb.