Mövcud dərs vəsaitləri 6-17 yaşında olan insanın beyninə uyğun deyil - Problem

14:46 08.07.2019 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Artıq 2 aya yaxın bir müddətdən sonra yeni tədris ili başlayacaq. Hər il dərslər başlamadan öncə geniş ictimai müzakirələrə səbəb olan məsələlərdən biri də, yeni dərsliklərlə bağlıdır. Keçən il mətbuatda gedən müzakirələrdə dərsliklərdə mətnlərin zəifliyi, tarix kitabının üz qabığının erməni bayrağının rəngləri ilə üs-üstə düşməsi və s. problemlər var idi. 

Təhsil eksperti Kamran Əsədov mövzunu hafta.az-a şərh edərkən dedi ki, təhsil sistemində dərslik siyasəti Azərbaycan hökumətinin strateji fəaliyyət dairəsinə daxil olan prioritet istiqamətlərdən biridir:

“Amma etiraf edək ki, hal-hazırda təhsil sistemində istifadə olunan dərsliklərin əksəriyyəti strateji vəzifəni yerinə yetirmir. Dərsliklərin məqsədi məktəbliləri müasir standartlara uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək, Vətəninə, xalqına, onun adət-ənənələrinə bələd olan, milli və ümumbəşəri dəyərlər zəminində formalaşan, fiziki və mənəvi cəhətdən sağlam, müstəqil həyata hazır və demokratik düşüncəli vətəndaşlar kimi yetişdirməkdir. Amma real vəziyyət budur ki, dərsliklər öz funksiyasını yerinə yetirə bilmir. Dərsliklərdə şagirdlərin Azərbaycan xalqının milli, mənəvi və mədəni dəyərləri ruhunda tərbiyə olunmasına, onların öz ailəsini, xalqını, vətənini sevməsinə, insan haqlarına və bəşəri dəyərlərə hömrət etməsinə yönələn ideyalar olmalıdır. Şagirdlərin yaş psixologiyası və fizioloji xüsusiyyətləri nəzərə alınmalı, dünyəvilik prinsipinə riayət edilməli, elmin, texnikanın və mədəniyyətin müasir nailiyyətləri haqqında yoxlanılması mümkün olan və səlahiyyətli mənbələrdən götürülmüş məlumatlar öz əksini tapmalı, illüstrasiyalar yığcam və mövzulara uyğun olmalı,  Azərbaycan Respublikasının konstitusiyasına, qanunlarına, ölkənin qoşulduğu beynəlxalq hüquqi aktlara zidd olan fikirlərə yer verilməməli, milli, dini, irqi, cinsi və siyasi ayrıseçkilik təbliğ edən fikirlər, mübahisə doğuran məlumatlar olmamalı, elmi mübahisə doğuran məsələlərə yer verilməməlidir. Amma son dövrlərdə çap olunan dərsliklərin böyük əksəriyyətində bu tələblər gözlənilmir. Dərsliklər şagirdlərə müstəqil tədqiqatçılıq və yaradıcılıq vərdişləri aşılanmalı, onları düşünməyə sövq etməli, məntiqi təfəkkürü inkişaf etdirməli, tətbiqi xarakter daşımalı, interqrativ xüsusiyyətə malik olmalı, şagirdlərdə demokratik dünyagörüşü formalaşdırmalıdır. Amma orta məktəb dərsliklərini oxuyan şagirdlərdə qeyd olunan bilik və bacarıqların heç biri formalaşmır. Yəni bu gün dərsliklər şəxsiyyət yetişdirə bilmir. Qeyd edim ki, ümumtəhsil məktəblərinin dərslikləri əsasən beş il müddətinə təsdiq olunur. Hər il korlanan dərsliklər redaktə xarakterli dəyişikliklər edilməklə az sayda nəşr olunur. 2008-ci ildən kuriklum tətbiq edildikdən sonra yazılan dərsliklərdə varislik və vahidlik pronsipi gözlənilmədi. Bu da nəsillər arasında əlaqələri pozdu. Əvvəlki illərdə məzun olanlar yeni kitabları oxuyub anlamaqda çətinlik çəkməyə başladılar. 2004-cu ildə ölkə prezidentin dərsliklərin şagirdlərə pulsuz verilməsi haqqında sərəncamından sonra təhsilin əlcatımlığında cidi irəliləyiş oldu. Amma hal-hazırda dərsliklərimiz keyfiyyət baxımından müasir tələblərə cavab vermir”

Ekspert dərsliklərlə bağlı Avropa praktikasında yeniliklər məsələsinə də toxundu:

“Avropa dərsliklərinə fikir verin, maraqlı, rəngarəng mətnlər, şəkillər, yaradıcı tapşırıqlarla zəngindir. Müəllim bunların 100-də 10-nu istifadə edə bilər. Dərslik fikir laboratoriyasıdır, tapşırıqlarda əlavə göstərişlər olmalı, şagirdə seçim imkanı verilməlidir. O zaman şagird riyaziyyatı yox, riyaziyyatın köməyi ilə həyatı öyrənəcək. Bizdə isə dərsliklərə jarqon ifadələr, vulqar cümlələr verilib, guya ki, uşağa seçim imkanı yaradılır. Halbuki mahiyyətindən asılı olmayaraq, dərsliklərdə jargon ifadələr, küçə sözləri işlədilə bilməz. Çünki bu ifadələr şagirdlərə pis nümunə ola bilər. Hesab edirəm ki, hazırda orta məktəb şagirdləri üçün nəzərdə tutulmuş dərs vəsaitləri 6-17 yaşında olan insanın beyninə uyğun deyil. Dərsliklərin məzmunundan belə məntiq çıxır ki, bu dərslikləri oxuyub başa vuran şagirdin elmi dərəcəsi olmalıdır. Çünki dərsliklərə demək olar ki, bakalavr, magistr pilləsində keçilən mövzular daxil edilib”.