Mühafizə orderi ilə təmin olunan zorakılıq qurbanlarının sayı artıb

13:56 17.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda mühafizə orderi ilə təmin olunan zərərçəkmişlərin sayı ildən-ilə artır. Məsələn, ötən il Azərbaycanda mühafizə orderi verilən zərərçəkmişlərin sayı 40 nəfər olub. Həmin orderin 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. 2013-2014-cü illər ərzində isə Azərbaycanda məişət zorakılığının qurbanı olan 9 qadın barəsində mühafizə orderi tətbiq olunub. 2015-ci ildə 6 uzun müddətli, 2016-cı ildə 3 uzun müddətli, 7 qısa müddətli mühafizə orderi verilib. 2017-ci ildə isə yerli icra hakimiyyətlərində 34 icra sənədi verilib. Bunlardan 10-u uzun müddətli, 24-ü isə qısa müddətli mühafizə orderi olub. 2018-ci ildə isə icraatda 19 mühafizə ordeninin verilməsi ilə bağlı iş olub, onlardan 14-ü həmin il daxil olub, 5 iş isə 2017-ci ildən qalıb. Onlardan 12-si qısa müddətli, 7-si uzun müddətli mühafizə orderləri olub. 2019-cu ildə  isə mühafizə orderi verilən zərərçəkmişlərin sayı 40 nəfər olub.

Bəs, görəsən, mühafizə orderləri məişət zorakılığının qarşısının alınmasında nə dərəcədə effektiv rola malikdir? Bu istiqamətdə daha hansı addımların atılmasına ehtiyac var?

Məlumat üçün bildirək ki, Azərbaycanda 2010-cu ildən “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qüvvədədir. Bu qanun yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, hüquqi yardımla təmin edilməsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirləri müəyyən edir və tənzimləyir. Qanunun 10-cu maddəsi zərərçəkmiş şəxslərə mühafizə orderinin verilməsini nəzərdə tutur. Zərər çəkmiş şəxsə qısamüddətli və ya uzunmüddətli mühafizə orderi verilə bilər.

Qısamüddətli mühafizə orderində məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrar törədilməsi, yeri məlum olmadıqda həmin şəxsin axtarılması, ona qarşı narahatlıq gətirən digər hərəkətlərin edilməsi qadağan edilir. Uzunmüddətli mühafizə orderində isə əlavə olaraq məişət zorakılığını törətmiş şəxsin yetkinlik yaşına çatmamış uşaqları ilə ünsiyyət, yaşayış sahəsindən və ya birgə əmlakdan istifadə qaydalarının müəyyən edilməsi əksini tapıb.

Qanunun tələbinə görə məişət zorakılığı törətmiş şəxsin hərəkətləri cinayət məsuliyyəti yaratmadıqda, lakin bu hərəkətlər nəticəsində zərər çəkmiş şəxsin hüquqları və qanuni mənafeləri pozulduqda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsə yazılı xəbərdarlıq edilə və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderi verilə bilər.  Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər. Uzunmüddətli mühafizə orderi isə 30 gündən 180 gün müddətinə verilir. Bu orderin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Tərəflərin şəxsi və ailə həyatı sirrinin yayılmasının qarşısını almaq, habelə yetkinlik yaşına çatmamış şəxslərin maraqlarının təmin edilməsi məqsədi ilə uzunmüddətli mühafizə orderinin verilməsi barədə işə qapalı məhkəmə iclasında baxıla bilər. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarı qanunvericiliyə uyğun olaraq qüvvəyə minir və müddəti hesablanır. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Azərbaycanda 2013-cü ildən başlayaraq zorakılığa məruz qalan şəxslərə mühafizə orderi verilir.

Onlardan 2-si uzunmüddətli, 38-i isə qısamüddətli olub. Bildirilib ki, mühafizə orderi verilənlərin qadın, kişi sayına görə bölgüsü aparılmır.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, mühafizə orderlərinin verilməsi ilk baxışdan qurbanın təhlükəsizliyinin təmin edilməsi üçün müsbət addım kimi qiymətləndirilə bilər: “Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında" qanunda mühüm bir alət var. Əgər şəxs gender əsaslı zorakılığa məruz qalırsa, həmin şəxs sığınacaqlarda yerləşdirilir və dərhal mühafizə ordeni ilə təmin edilir. Bir çox ölkələrdə isə qurbanı ailədən kənarlaşdırmırlar, məhz zorakılıq etmiş şəxsi uzaqlaşdırırlar. Onun müəyyən radiusda əraziyə daxil olması qadağan edilir. Bizdə mühafizə ordeninin tətbiqində də problemlər var. Çünki heç kim evinin sirrini çıxartmaq istəmir, məlumat verməkdən çəkinirlər, biabır olmaqdan qorxurlar. Ona görə də burada daha təsirli metodlardan istifadə etmək məqsədəuyğundur. Belə ki, mühafizə orderləri verilən şəxslər, yəni qurbanlar öz evlərinə, işlərinə rahat şəkildə gedib-gələ bilmirlər. Əslində qurbana təziq göstərilən şəxs və ya şəxslər nəzarətə alınmalıdır. Başqa sözlə desək, təcridetmə prosesi həyata keçirilməlidir. Qurbanın ev, iş yerlərinin perimetrtləri müəyyənləşməli və xüsusi qolbaqlardan istifadə etməklə təzyiq göstərən şəxslərin qurbana yaxınlaşması məsafə baxımından məhdudlaşmalıdır. Doğrudur, bu, vəsait tələb edir. Qurbanın təhlükəsizliyinin təmin edilməsi üçün daha effektli vasitədir”.

Onun fikrincə, məişət zorakılığının qarşısını almaq üçün profilaktik və önləyici tədbirlər çox vacibdir: “Biz adətən baş vermiş faktlara münasibət bildiririk. Önəmli olan baş verə biləcək hadisələrin, ona gətirib çıxaran səbəb və şəraitin qarşısını almaqdır. Birinci məişət zorakılığının hansı formada təzahür etdiyini öyrənmək lazımdır. Bu ilk növbədə fiziki zorakılıqla müşahidə olunur. Bununla yanaşı, seksual zorakılıq, iqtisadi zorakılıq, psixoloji zorakılıq da həyata keçirilir. Bəzi hallarda fiziki zorakılıq həm də psixoloji zorakılığa gətirib çıxarır. Bir çox hallarda bunlar kompleks şəkildə baş verir, bir-birindən təcrid olunmuş formada olmur”.

Ailədaxili zorakılıqların səbəblərinə gəlincə, mütəxəssis vurğulayıb ki, səbəblərdən ən başlıcası patriarxal mədəniyyət və ailədə rolların düzgün bölüşdürülməməsidir: “Məsələn, qadın nə qədər ki, iqtisadi baxımdan kişidən asılıdır, bir o qədər çox məişət zorakılığının qurbanı olacaq. Burada ailə üzvlərinin psixoloji uyğunluğun olmaması, boşanma mədəniyyətinin zəif olması məsələsi də var. Ailədaxili zorakılıq əsasən 3 mərhələdə baş verir. Birinci mərhələ gərginliyin toplanması və yüksəlməyə doğru getməsidir. İkinci mərhələ zorakılığın baş verməsidir. Üçüncü mərhələyə isə “bal ayı” da deyirlər, zorakılığa əl atan şəxs yumşalmağa , peşman olmağa başlayır, hətta qarşı tərəfdən üzr istəyir, hədiyyələr verir və beləliklə, ələ alır. Ancaq bunu ona görə edir ki, yenidən qadını özündən asılı vəziyyətdə saxlasın. Sonradan yenə zorakılıq halları davam edir”.

Məsələyə münasibət bildirən «Təmiz Dünya» Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə vurğulayıb ki, xarici ölkələrdə zorakılıqla bağlı elektron qolbaqlar mövcuddur: "Zorakılıq törədən şəxsə qolbaq taxılır və onun yenidən zərər verdiyi şəxsə yaxınlaşması mümkün olmur. Yaxınlaşsa belə, qolbaq vasitəsilə həmin an siqnallar ötürülür və bədbəxt hadisələrin qarşısı alınır. Bunun təbliği bizə də lazımdır. Hazırda bizdə mühafizə orderi tətbiq edilir, ancaq onun effektini elə də yüksək deyil. Digər bir məsələ social işçilərlə bağlıdır.Hər il universitetlərdən nə qədər sosial işçilər məzun olur. Buna baxmayaraq, onlar işləmirlər. Dünyada isə sosial işçinin hörməti böyükdür. Yəni, mühafizə orderi əvəzinə sosial işin təşkili və məcburi psixoloji yardım məsələsi gündəmə gəlməlidir”.

Psixoloq-psixoterapevt Fərqanə Mehmanqızı da  hesab edir ki, zorakılıq qurbanları mütləq psixoterapevt qəbulunda olmalıdır:

“Zorakılığa məruz qalmaları nəticəsində onlar xüsusi aqressiyası, cəmiyyətə qarşı kin-nifrət olur. Bu hal onları intihara və ya cinayətkarlığa sövq edə bilər. Çünki psixologiyası pozulmuş şəxslər mənfi hadisələrdə özlərini və ya ətrafını günahlandırır. Məişət zorakılığı hadisəsinin uşaqlara da çox böyük təsiri var. Bu onların gələcəkdə şəxsiyyətin formalaşmasına təsir edən arzuolunmaz haldır. Yaxşı olardı ki, psixoloji və fiziki zorakılığa məruz qalmış şəxslər müəyyən müalicə proseslərindən keçsin. Onlar psixoloji müalicə alandan sonra cəmiyyətə sağlam şəkildə qayıda bilərlər. Fəsadlar qalmamalıdır ki, onların həyata baxışı tamam başqa yöndən inkişaf etməyə başlasın”.

Oxunma sayı 1578