Müharibə təcrübəmiz dünyada öyrənilir – Hərbi ekspert - VİDEO

17:06 25.05.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən Müharibəsindən sonra Azərbaycanın hərb sistemində dünyaya təqdim etdiyi təcrübə xüsusilə qeyd olunur.  Dünya ekspertləri Azərbaycanın XXl əsrdə apardığı müharibədə qazanılan uğuru hələ də araşdırmaqdadır.

Bu gün Bakıda keçirilən Texnofest festivalını şərh edən ekspertlər, məsələyə birmənalı yanaşır.

Ümumən, Texnofest festivalının əhəmiyyəti, rolu nədir? Bayraktar başda olmaqla dron zərbələri müharibənin taleyində hansı rolu oynadı? Bu suallar qoyularkən, önə çəkilən yeni nüanslar ilə  xüsusilə diqqət çəkir.

Hərbi ekspert Emin Həsənli hafta.az-a bildirib ki, 44 günlük Vətən Müharibəsi dronların istifadə olunması baxımdan çox önəmli idi. Onun sözlərinə görə, dronlar bu müharibədə uğurla sınaqdan çıxdı.

“Xüsusən də bütün dünya Türkiyə dronlarının gücünün nədən ibarət olduğunu gördü. Dünyanın ən məhşur hərbi ekspertləri, hərbi akademiyaları bəyan etdilər ki, artıq müharibəyə yeni baxış var.   Bu dronlar dünyada hərb sənayesinə milyardlarla ziyan vurdu. Yəni, dünyada silah istehsal edən dövlətlərin bir çoxunun artıq yeni müharibədə silaha, texnikaya baxışında dəyişiklik yarandı. Biz bunu bu gün Ukrayna müharibəsində də görürük”. 

Hərbi ekspert qeyd edib ki, Azərbaycan-Ermənistan müharibəsindən sonra bir çox ölkələr Azərbaycanın hərbi taktikasından istifadə edir. Onun sözlərinə görə, ABŞ, Böyük Britaniya və Fransa bu müharibəni təhlil edir, müdafiə və dronlardan istifadə qaydaları öyrənilir.

“Təsəvvür edin ki, pilotsuz təyyarələrin, helikopterlərin istehsalına başlanacaq. Türkiyə hərbi sənayesi daha da güclənir və bu da bizi sevindirir. Türkiyə bizim qardaş dövlətdir.  Azərbaycanla hərtərəfli, o cümlədən hərbi əməkdaşlığı yüksəkdir. Gələcəkdə bizdə də pilotsuz uçuş aparatlarının birgə istehsalı nəzərdə tutulur.  Azərbaycanın da pilotsuz uçuş aparatları var. Müharibədə cənab Prezidentin "İti qovan kimi qovuruq" fikrini əsas götürərək, pilotsuz uçuş aparatına "iti qovan " adı da verilmişdi.  Azərbaycan da pilotsuz uçuş aparatlarının müasirləşməsi, yenilənməsi istiqamətində xeyli addımlar atır və Türkiyə ilə bir yerdə layihələr həyata keçirdir. Hər bir dövlət çalışır ki, onun ordusu güclü olsun, müasir silah-sursata malik olsun”.  

E.Həsənli qeyd edib ki, dünyada əsas uğurlu amillərdən biri ordunun silahının həmin dövlətin özünün istehsal etməsidir.  Onun sözlərinə görə, bu proses qardaş Türkiyədə də 80 faizə çatıb.  Yaxınlarda qarşıya məqsəd qoyulur ki, öz hərbi sistemini 100 faiz öz texnikası ilə təchiz etsinlər. 

“Azərbaycan dövləti də bu istiqamətdə xeyli addımlar atır.  Cənab Prezidentin sərəncamı ilə yaradılan Müdafiə Sənayesi Nazirliyinin xeyli uğurları var.  Dünyanın bir çox ölkələrinə silah ixrac edir və gələcəkdə  Azərbaycanın da qarşısına qoyduğu hədəflərdən biri ondan ibarətdir ki, öz silahı, öz texnikası ilə ən güclü ordusunu, hərbi sistemini yaratsın”.  

Hərbi ekspert hesab edir ki, bu gün Bakı şəhərində keçirilən “Texnofest”in çox böyük əhəmiyyəti var. Bu, Azərbaycan dövlətinin bir çox istiqamətlərdə, o cümlədən silah sərgilərinin, festivalların keçirilməsi baxımından orduya, müasir texnologiyaya verdiyi qiymətdir. Türkiyə ilə Azərbaycan qardaşlığına verilən qiymətdir. 

“Bu, Azərbaycan gənclərinin, tələbələrinin  gələcəkdə bu sahəyə marağının artırılması baxımından önəmlidir. Səlcuq Bayraqdarın məşhur bir çıxışı var. Deyir ki, qarşıya məqsəd və hədəflər qoyularsa və bu hədəflərə doğru düzgün gedirlərsə, istənilən problemləri həll etmək olar, istənilən nailiyyətlərə çatmaq olar. O bildirir ki, biz vaxtında bu işlərə başlayanda Türkiyədə bir çox bürokratlar deyirdi ki, biz bunu Amerikadan alsaq yaxşı olar, biz özümüz bu cür müasir silahlar istehsal edə bilmərik. Amma zaman və mətinliklə çalışmaları onu göstərdi ki,  bütün hədəflərə çatdılar. Azərbaycan gəncləri də bu istiqamətdə uğurlu addımlar atacaqdır”.