Münhen gündəliyi - TƏHLİL

10:52 22.02.2024 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Son həftə Azərbaycanın siyasi həyatında mühüm hadisələrlə yadda qaldı. Xüsusilə Prezident İlham Əliyevin öncə Münhen Təhlükəsizlik Konfransında iştirak üçün Almaniyaya, daha sonra isə qardaş Türkiyəyə rəsmi səfər proqramı xeyli zəngin idi. Dövlət başçısının Münhen səfəri və orada keçirdiyi görüşlər yeni dövr Azərbaycanın xarici siyasət kursunun, gözləntilərinin və bölgədəki reallıqların qarşı tərəfdən necə qəbul edildiyini bir daha aydınlaşdırmaq baxımından mühüm əhəmiyyət daşıyırdı.

Qeyd edək ki, Prezident İlham Əliyevin Münhenə sonuncu səfəri əvvəlkilərdən fərqli olub. Budəfəki səfərə İlham Əliyev Azərbaycanın bütün ərazilərində keçirilən prezident seçkilərinin qalibi, bütöv, suveren Azərbaycanın Prezidenti kimi getmişdi. Artıq dünya birliyi Azərbaycanın gücünü, qüdrətini daha yaxından hiss etdi.

Münhen Təhlükəsizlik Konfransı istər yüksəksəviyyəli təmsilçilik baxımından, istərsə də müzakirəyə çıxarılan məsələlərin aktuallığı nöqteyi-nəzərindən əhəmiyyətli beynəlxalq platformalardan biri hesab olunur. Prezident İlham Əliyev ötən həftə bu mühüm platformanın yaratdığı imkanlardan istifadə edərək, ölkəmizin haqlı mövqeyini və beynəlxalq aktorlardan legitim gözləntilərini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Prezidentinin ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borq və qarşı tərəfin müraciətinə əsasən ATƏT-in Baş katibi, Münhen Təhlükəsizlik Konfransı Fondu Şurasının vitse-prezidenti xanım Helqa-Mariya Şmid ilə görüşdə səsləndirdiyi fikirlər, ortaya qoyduğu birmənalı mövqe xüsusilə diqqət çəkir.

Bu mövqe ATƏT-in Minsk qrupu, şəxsi nümayəndəlik institutunun, artıq keçmişin qalığı olmasının xatırlanması idi. Dövlət başçısının açıq şəkildə ATƏT rəsmilərinə, avropalı siyasətçilərə düşdükləri çətin vəziyyəti xatırlatması, ciddi maliyyə sıxıntıları fonunda xərclərin optimallaşdırılmasına çağırış etməsi, bunun yolunun isə Minsk qrupu kimi lazımsız təsisatların ləğvindən keçdiyini xatırlatması məntiqli və birmənalı mövqe kimi qiymətləndirilir.  

Prezident İlham Əliyev kifayət qədər açıq olan bu mövqeyi ilə opponentlərinə faktiki o mesajı verdi ki, 28 il boyunca vasitəçilik institutunun sığındığı siyasi mandatın gündəliyi 44 günlük Vətən müharibəsi nəticəsində öz aktuallığını itirib, Azərbaycan savaş meydanında Ermənistanın işğalına son qoymaqla Cənubi Qafqazda beynəlxalq hüquqa söykənən yeni siyasi reallıq yaradıb.

Rusiyalı politoloq Sergey Osinkinin də qənaətincə, Ermənistandan fərqli olaraq Azərbaycan Münhen Təhlükəsizlik Konfransına avropalı “cənablar”dan hər hansı yardım, vasitəçilik xahiş etməyə deyil, dünyanın siyasi və iqtisadi xəritəsinin yenidən cızıldığı bir vaxtda ölkəmizin xarici siyasətinin əsas konturlarını çatdırmağa, qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməyə, Avropanın enerji təhlükəsizliyi ilə bağlı məsələlərdə öz fikir və təkliflərini bölüşməyə gedib. Hansı ki, Rusiya–Ukrayna müharibəsi fonunda “enerji aclığı” yaşayan Avropa üçün bu, daha vacibdir.

Hər bir görüşdə Azərbaycanın bu ilin dekabr ayında ev sahibliyi edəcəyi COP29 mötəbər beynəlxalq tədbiri əsas müzakirə mövzularından biri oldu. Bu tədbirin timsalında Azərbaycana inamın, etimadın, dövlət başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüsün, qəbul etdiyi qərarın beynəlxalq əməkdaşlığa böyük töhfə olduğu xüsusi qeyd edildi.

Münhen görüşlərində ən mühüm məqamlardan biri Prezident İlham Əliyevin görüşlərinin məhz qarşı tərəflərin istək və arzuları əsasında reallaşması idi. Bu məqam bir daha göstərir ki, Azərbaycanın artan nüfuzu, ölkəmizin sahib olduğu resurslar və nəqliyyat dəhlizi imkanları avropalı tərəfdaşlarımız üçün həyati əhəmiyyət daşıyır. Bunun məntiqi nəticəsi olaraq COP29 konfransının Azərbaycanda təşkil edilməsi ilə bağlı qərarın verilməsində nümayiş etdirilən yekdillik və dəstəyin heç də təsadüfi olmadığı bir daha təsdiqlənir. 

İstər Almaniya kansleri Olaf Şoltsun ev sahibi olaraq təşkil etdiyi, lakin ikitərəfli formatda aparılan Azərbaycan–Ermənistan danışıqları, istərsə də ABŞ dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevlə görüşündə də yuxarıda qeyd etdiyimiz məqamlar ciddi şəkildə nəzərə çarpdı.

“Münhen konfransı çərçivəsində Almaniya kansleri Şolsun təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü göstərdi ki, Azərbaycan istənilən platformada, istənilən vasitəçilərin iştirakı ilə görüşlərin tərəfdarıdır. Əsas odur ki, ədalətli olsunlar, sözün əsl mənasında  vasitəçilik missiyasını həyata keçirsinlər”.

Bunu hafta.az-a politoloq Rəşad Bayramov Almaniya kansleri Şolsun təşəbbüsü ilə Azərbaycan–Ermənistan liderlərinin görüşü zamanı ortaya çıxan məqamlarla bağlı bildirib.

R.Bayramov Almaniya görüşünü Ermənistanın bundan əvvəlki görüşlərdə götürdüyü öhdəlikərinin yenidən təkrarlanması, tərəflərə hər hansı  təzyiq edilməməsi baxımından normal hesab edib. Bildirib ki, xarici işər nazirlərinin sülh gündəliyi ilə bağlı görüşlərin bərpası, delimitasiya komissiyası və sair məsələlər bundan əvvəlki görüşlərdə razılaşdırılsa da, bir daha gündəmə gətirilməsi maraqlarımıza cavab verir. 

“Azərbaycan Ermənistandan fərqli olaraq istəniən platformada – Rusiyanın, ABŞ-nin, Avropa dövlətlərinin təşəbbüsü ilə keçirilən görüşlərdə öz mövqeyindən geri addım atmayaraq konkret maraqlarını gündəmə gətirib. Konkret Şolsun təşəbbüsünə gəlincə, o, tərəflər arasında vasitəçi kimi iştirak etmir. Görüşdə iki tərəf – Azərbaycan və Ermənistan var idi. Şols ev sahibi ölkənin nümayəndəsi  kimi görüşdə iştirak edirdi. Biz Almaniyanın bir tərəf kimi görüşdə iştirakından danışa bilmərik. Bizim üçün daha arzuolunan məqam hər hansı bir tərəfin iştirakı olmadan ikitərəfli görüşlərin keçirilməsidir. Əgər Ermənistan ikitərəfli görüşlərin keçirilməsindən özünü narahat hiss edirsə, kiminsə görüşə qatılması Azərbaycan üçün problem deyil. Problem Fransa kimi neytrallığını qorumayan, Ermənistandan çox ermənilik edən tərəflələrlə bağlıdır. Bizim hansısa platformalarda öz maraqlarımızdan geri çəkilməyimiz olmayıb, bundan sonra da olması mümükün deyil”.

R.Bayramov son görüşdə əldə olunan razılıqları ümumi mənada müsbət hesab edib. O, hər hansı yazılı sənəd ortaya qoyulmasa da, bundan əvvəl Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən görüşlərdə oxşar bəyanatların verildiyini qeyd edib: “Oxşar olsa da, bu məqamların yendən təkrarlanması ümidvericidir. Bu tərəfsizlik, lazımi şərtlər qorunacağı halda, danışıqların Qərb platformasına qayıtmasının mümkünlüyünə bir işarədir.  Bundan sonra biz Avropa İttifaqının vasitəçiliyi ilə də oxşar görüşlərə şahidlik edəcəyik. Eyni zamanda, əgər bütün görüşlər sülhün əldə edilməsi üçündürsə istənilən tərəf bir şeyi yadda saxlamalıdır: sülhü istəyən tərəf, sülh təklifi verən,  təkliflərlə bağlı uzun müddət cavab gözləyən Azərbaycandır. Əgər hər hansı beynəlxalq qurum, beynəlxalq vasitəçi Cənubi Qafqazda  sülh istəyirsə, təsir göstərməli olduqları ölkə Ermənistan olmalıdır. Ermənistan davamlı şəkildə sülh prosesindən yayınan tezislərlə çıxış edir, sülhü əngəlləyə biləcək mövqe sərgiləyir. O baxımdan beynəlxalq birliyin məhz Ermənistana təzyiq göstərməsi şərtdir”.

Politoloq son görüşdə mühüm məqama diqqət çəkib: “Prezident İlham Əliyev indiyə qədər Azərbaycanın irəli sürdüyü təklifləri və şərtləri yenidən təkrarladı. Almaniyanın timsalında Şolsun bu məsələdə Azərbaycana qarşı mövqe tutmaması, müsbət irəliləyişin olması ilə bağlı mövqe sərgiləməsi onu göstərir ki, Avropa da Azərbaycana təzyiq göstərməklə nəyəsə nail olmayacağını anlayıb”.

“ABŞ anlayır ki, Azərbaycan Cənubi Qafqazın ən əhəmiyyətli ölkəsidir. Cırtdan Ermənistan üçün Türkiyə kimi strateji müttəfiq olan bir ölkəni itirmək ABŞ üçün yaxşı deyil. Ona görə də ABŞ-nin Azərbaycanla münasibəti, yanaşma tərzi dəyişməlidir. Əgər əməkdaşıq istənilirsə, bu, səmimi, qarşılıqlı maraqlar müstəvisində təmin olunmalıdır”. Bunu hafta.az-a politoloq Natiq Miri deyib.

N.Miri bildirib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) qlobal güc olaraq hər zaman iqlim dəyişikliyi ilə bağlı olan bütün konfranslarda, tədbirlərdə maraqlı olmaqla yanaşı, iştirakçı, təşəbbüsçü olub. O, bu baxımdan COP29 kontekstində Azərbaycan-ABŞ əməkdaşlığını müsbət amil kimi dəyərləndirib.

N. Miri bununla yanaşı hesab edir ki, bunu ABŞ-nin geosiyasi maraqları ilə qətiyyən qarışdırmaq olmaz: “Azərbaycan ABŞ-la münasibətlərin, əməkdaşlığın normal müstəvidə inkişaf etməsində maraqlıdır.  ABŞ-nin ölkəmizə mövqeyi ədalətli, beynəlxalq hüququ çərçivəsində olmadıqca sərin münasibətlər davam edə bilər. ABŞ-nin Azərbaycandan istəkləri və yerinə yetiriləcək bəzi tələbləri var. Azərbaycan bunu özünün milli maraqlarına uyğun hesab etmir və bu da ABŞ–Azərbaycan münasibətlərinə kölgə düşürürdü. Bu gün bu kölgənin tamamilə aradan qaldırıldığını söyləmək mümkün deyil. ABŞ-nin Azərbaycanın ərazilərini 30 işğalda saxlayan bir dövlətə deyil, Azərbaycana qarşı bu cür davranışı anlaşılan deyil. Xüsusilə də ABŞ dövlət katibinin köməkçisi Obraynın Azərbaycana açıqlamaları Bakının səbir kasasını daşırdı, Azərbaycan–Ermənistan danışıqlarında vasitəçiliyinin üzərindən xətt çəkildi. Təbii ki, bitərəfliliyi pozan tərəf bu prosesdə vasitəçi ola bilməz. Eyni davranışla Fransa da özü-özünü oyundankənar vəziyyətə saldı. Təbii ki, münasibətlər beynəlxalq hüquqa söykənən ədalətli, qərəzsiz yanaşma, əməkdaşlıqla genişlənə bilər. ABŞ o dövlətdir ki, hər zaman özünün qərarlarının başqa dövətlər tərəfindən qəbul olunmasını istəyir. ABŞ hegemon güc olaraq daim özünün qərarlarını ədalətli, normal hesab edir və bunu bütün dünyanın, bəşəriyyətin qəbul etməsini istəyir. Bu, tək Azərbaycanla deyil, qardaş Türkiyə ilə münasibətdə də belədir. ABŞ–Türkiyə münasibətləri uzun illərdir normal səviyyədə tənzimlənə bilmir. ABŞ Türkiyəni NATO-nun əlavəsi, vassal dövləti kimi görür.  Türkiyə isə o Türkiyə deyil. ABŞ oyunlarını pozan, özü də oyunçu olan güclü Türkiyənin varlığını qəbul etmədikcə, ABŞ–Türkiyə münasibətlərinə müsbət mənada yanaşmaq mümkün olmayacaq. Türkiyə dünya çapında özünə yer etmiş güclü bir dövlətdir. Azərbaycan da artıq müstəqil, güclü dövlətdir. ABŞ Azərbaycanla əməkdaşlıq etmək istəyirsə, bu məqamları nəzərə almalıdır”.

Oxunma sayı 68
Siyasət rubrikasından digər xəbərlər