Netflix şirkəti "Tamerlan: Son Fatehin Yüksəlişi" filminin çəkilişlərini başa çatdırıb.
Hafta.az-ın yazdığına görə, 2022-ci ilin sonunda başlayan bu layihə Əmir Temurun həyatına həsr olunub, çəkilişlər Özbəkistan və Qazaxıstanda aparılıb.
"Film Əmir Temurun hakimiyyətə gəlişindən və qoyub getdiyi irsdən bəhs edir. Çəkiliş prosesinin mərkəzi Özbəkistan olub. Onun yaşayıb mübarizə apardığı bölgələrdə biz regionun ən mühüm tarixi şəxsiyyətlərindən biri haqqında film yaratdıq. Bu çəkiliş prosesi bizim üçün çox dəyərli idi", - deyə layihə müəllifləri qeyd edirlər.

Çəkiliş qrupuna Özbəkistan, Qazaxıstan və ABŞ-dan olan mütəxəssislər daxil idi. Rejissoru Cekob Şuartz, ssenari müəllifi Metyu Qrin olan filmdə Əmir Temur rolunu Kristian Mortensen, Əmir Hüseynin rəqibini Maheş Kadu, Alcayın həyat yoldaşını isə özbək aktrisa Yulduz Rəcəbova ifa ediblər.
Kaskadyorlar qrupuna əfsanəvi Nomad Stunts komandası rəhbərlik edib - onlar süvari döyüşü səhnələrini canlandırıblar.

“Özbək tarixçi- alimlərlə sıx əməkdaşlıq edən komandamız o dövrə aid dekorasiyalar və gözəl geyimlərlə Orta Asiyanın əzəmətini göstərməyə çalışıb”, - layihənin yaradıcı qrupunun üzvləri deyiblər.
Filmin çəkilişləri ötən ilin payızında başa çatıb və hazırda post-produksiya mərhələsindədir. Premyeranın bu ilin yayın sonunda baş tutacağı gözlənilir.