“Kəlbəcər-Göyçə şərti sərhəddində baş verən təxribata Vaşinqtonun özünün də reaksiyası prinsipial olmadı. Halbuki, Arlinqton danşıqları bitən gün Ermənistan baş nazirinin Rusiyanın sülhdən çox indiki vəziyyətin dondurulmasına yönələn variantını öyməsi, Avropa Birliyi missiyasına bəslənən ümidlərin özünün doğrultmadığını deməsi, yerlərinə başqalarının gətirilə biləcəyinə eyham vurması, Moskvadakı paraddan dönər-dönməz isə güc strukturları ilə keçirdiyi qapalı toplantıdan da bəllidir ki, təxribatı kim, nə məqsədlə və hansı gücdən güc alaraq törədib”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sahib Alıyev bildirib.
S.Alıyev hesab edir ki, kimin necə davranmasından asılı olmayaraq dövlət başçısının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı çıxışında vurğuladığı kimi heç kəs bizi yolumuzdan döndərə bilməz.
“İlk növbədə ona görə ki, güclü ordumuz var və bu ordu Prezidentimizin təbirincə desək, "gücünü paradda yox, döyüş meydanında göstərib”. Yaxşı olar ki, tək haylar deyil, güvəndikləri də Müzəffər Ali Baş Komandanımızın bu sözlərindən düzgün nəticə çıxarsınlar.
Əslində həmən nitqdə səsləndirilən -Pənahəli xan, 8 Noyabr, Dəmir yumruq, Zəfər, Atatürk və Heydər Əliyev – küçə adları göstərir ki, biz Pənahəli xanın saldırdığı Şuşanı 8 Noyabrda “Dəmir Yumruğa” çevrərək dünya hərb tarixinə qızıl hərflərlə yazılan Zəfərlə azad etmişik. Və bu qələbənin təməlində Ulu Öndər Heydər Əliyevin siyasəti, Müzəffər Ali Baş Komandana verdiyi tapşırıq, “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir”,- deyən Atatürk Türkiyəsinin qardaşlıq dəstəyi durur. Ona görə də neçəki Şuşa bizdədir, orada Heydər Əliyev və Atatürk küçələri yan-yana duracaq, nə qədər ki, Atatürk küçəsi Şuşadadır, bu müqəddəs şəhərdə imzalanan Müttəfiqlik Bəyannaməsi də qüvvədə qalacaq. Şuşa isə artıq əbədi bizdədir”.
Deputat qeyd edib ki, türk dünyasının birləşməsini istəməyən güclərin diqtəsilə, yaxud da onlara xoş getsin deyə Türkiyənin özündə də bəziləri bu əbədi müttəfiqliyə kölgə salan açıqlamalar verir, ölkəmizi qaralayır, Azərbaycandan yan keçən "türk yolu"ndan dəm vururlar.
“Amma dərk etmirlər ki, o yol çoxdan var və cənab İlham Əliyevin də Şuşaşda qeyd etdiyi kimi hələ Ulu Öndərin zamanında təməli qoyulub. Və biz bu gün əminliklə deyə bilərik ki, o yol Zəngəzurdan, Qarabağdan, Şuşadan, Şuşadakı Atatürk və Heydər Əliyev küçələrindən keçir”