Oleksiy Çernışev: “Türkiyə 2014-cü ildən Ukraynanın tərəfindədir”

09:05 23.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili Oleksiy Çernışev 1944-cü ildə Krım tatarlarının deportasiyası və soyqırımının 81-ci ildönümü münasibətilə səfirlikdə keçirilən anım proqramında deyib ki, Türkiyə 2014-cü ildən bəri Ukraynanın ərazi bütövlüyü və suverenliyini qətiyyətlə müdafiə edir.

Hafta.az-ın yazdığına görə, Çernışev, "Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı qətiyyətli və prinsipial mövqeyinə görə Türkiyəyə bir daha təşəkkür etmək istərdik. Çünki Türkiyənin xalqımıza dəstəyi 2022-ci ildə başlayan müharibə ilə məhdudlaşmır, Ankara həm də hər fürsətdə Krımın Ukraynaya məxsus olduğunu vurğulayır” deyib.

Çernışev həmçinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkiyə Xarici İşlər Nazirliyinin mayın 18-də verdiyi bəyanatların böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Ukrayna hökumətinin Krım tatar xalqının yanında olmağa davam etdiyini deyən Çernışev Ukrayna Xarici İşlər Nazirliyi və Parlamentinin bu il də anım günü ilə bağlı xüsusi açıqlamalar verdiyini xatırladıb. Çernışev sözlərini belə yekunlaşdırıb: "Ukrayna Parlamenti Krım tatarlarının deportasiyası cinayətini əvvəllər rəsmən soyqırım kimi tanıyıb. Hər il olduğu kimi, biz bu il də bütün ölkələri oxşar qərar qəbul etməyə çağırmışıq. Bu günə qədər Krım tatarlarının deportasiyasını soyqırım kimi tanıyan ölkələr arasında Latviya, Litva, Estoniya, Polşa, Kanada və sair var və biz bu rəqəmin artacağına ümid edirik”.