“Ömrüm də Şuşamla birlikdə işğal olunmuşdu”

16:09 02.01.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildə 44 günlük Vətən Müharibəsi işğal altında olan torpaqlarımızın, Şuşanın azad olunması ilə Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. İgid oğullarımız  öz qanları bahasına  Vətən həsrəti ilə yanan ana -bacılarının ürəyini sərinlətdi. Ana Vətənimizin bütövlüyünü təmin etməklə, böyük tarix yazdı və  Vətən həsrətinə son qoydu...

Bu gün hafta.az 28 il Şuşasızlıq ömrü yaşayan həkim Yeganə Rəhimovanın xatirələri və düşüncələrində Şuşaya səyahət edəcək. 

-Yeganə xanım, bu gün Şuşanı səndən soruşsam nə deyərdin?

-Bu suala cavab  vermək üçün mən 28 il yarımdan öncəyə dönərək , Şuşasız qaldığım illəri, ayları, günləri xatırlayıram . Şuşa onu yaradılışından ta bu günlərə kimi, tarixin bütün qanlı - qadalı illərini görüb yaşamış, qədim və ulu Şəhər, İgidlərin ər meydanı, dünyanın gözü, üzüyün mirvari qaşı, elmin, mədəniyyətin beşiyidir. Özü ilə bərabər bütün həsrətləri yaşadan Şuşa. Qarabgin qeyrət qalası olan, namusumuz Şuşa. Pənahəli xanın vurğun olduğu, bizlərin, mənim illərlə həsrətini çəkdiyim gözümün nuru Şuşam. Havasına, suyuna, dumanına, çiskininə həsrət qaldığım, bütün tərifləri sanına yaraşdırdığım gözəl Vətənim Şuşam. Əvvəllər dərdinlə yanıb- qovrulduğum Vətənim, Xarı bülbülün vətəni Şuşa. Onun həsrətinə dözməyin nə qədər çətin olduğunu ancaq bu həsrətlə yanan ürəklər bilər. Şuşanı məndən   soruşsalar, deyərdim ki, ən böyük dərd, ancaq səni-sənsiz olaraq yaşamaqdır. Şuşasızlıq qəlbimi elə yandırıb, yerində elə bil dərin külün qoydu ki, bu bir ömürə  bədəl oldu. Bu illər Şuşanı kimlərdən soruşmadım ki! Dağları aşıb, qoynuna gəlib, orda ölmək istədim. Niskilin, dərdin ,qəmin, göz yaşların, başını üstünü alan dağlarının dumanıydı Şuşam! Vətənimizin üç rəngli bayrağının rənglərini özündə cəmləşdirən Vətən dərdiylə heç bir yerdə qərar tuta bilmədiyim, hər günümü gozyaşlarimla keçirdiyim, musiqi beşiyim, Şuşam. Daş küçələrindən belə, bütün gözəlliklərini qəlbimdə sevib-əzizlədiyim hər əzaba dözüb, sinə gələn Vətənim , Şuşa!  Cıdır düzü, Topxana meşəsi, butun səfali yerləri ilə butun könülləri fəth edən, başımızın tacı Şuşa! Tarixin əsl üzü, yaddaşı dərin olan Vətən. Düşmənin namərdliklərini, xainliklərini, sinəsinə yazan qədim Vətənim.

-28 il vətənsiz qalan şuşalı qızı, Azad vətənin illərdir ürəyində saxladığın o həsrət hissini ovundura bildimi?

- Şuşasızlığın ağrısı həm də, qaçqın, məcburi köçkün adını alıb, onu daşımaq idi. Allah bizə elə bir dərs verdi ki, bu unudulan deyil. Yenə də Allaha Şükürlər olsun, duman-çən artıq vətənimdən uzaq durdu, artıq Şuşamız özümüzə qayıtdı. Sevgisi ilə ovundurdu qəlbimi.  Ağılları başdan aparan Vətənimin, Qarabağın mirvarisi, zümrüd qaşı Şuşam bizimdir. Mən illərdir ürəyimdə Şuşamla danışıram. Bu gün də o sözlərimi ona deyirəm. Ağlayaraq, sevinərək, gülərək: Artıq sən azadsan Şuşa! Bizi bağışla Şuşa! Mən səndən heç vaxt ayrılmaq istəməmişəm ki, bizi zülmlə ayırdılar.

Cənab Prezidentimizin, Ali Baş Komandanımızın, cənab İlham Əliyevin rəşadətli ordumuzun sayəsində Şuşam işğaldan azad olundu. Bu tarixin yeni səhifəsi, yeni üzü oldu. Şuşa, demək, Azərbaycan deməkdir. Qarabağ Azərbaycandir! Nə gözəldir azad olmaq, gözəl Vətənim. Həmişə qəlbimdə Şuşamla dərdləşmək istədim, halından xəbər bilmək istədim. Acılarına, dərdlərinə, yaralarına məlhəm olmaq istərəm, mənim dərdli Vətənim!

-Vətənimiz Azaddır. Amma yenə ona “dərdli vətənim” –dedin, niyə?..

-Vətənim düşmənin zülmündən azad oldu. Amma bunu hər gün deyirəm: Sənin hər halıma qurban olum, Vətənim. Sənin uğrunda canı - qanı bahasına, Şəhid olan, Azərbaycanin igid oğulları sizin özünüzə, ruhunuza qurban olum. Vətənim o igidlərin qanı, canı bahasına bu gün azaddır. Bəli, Vətənin azadlığı onun igid qəhrəmanları və canını fəda edən oğulları bahasınadır. Artıq bütün Türk dünyası azaddır. Azadlığı ilə birlikdə, bütün daşları yerinə oturan, hər şeyə son qoyub qələbəni çalan, Zəfər bayrağını qaldırıb, düşmənin xar edən Vətənim Şuşam! Tək bu günün şəhidləri deyil, həmçinin birinci Qarabağ döyüşlərindəki, şəhidlərimizin də ruhu qarşısında baş əyib, Allahdan onlara rəhmət diləyirəm. Artıq rahat yatın məzarlarınızda, çünki sizin qanımız yerdə qalmadı, artıq Azaddır Azərbaycan. Bütün bunlarla bərabər Dahi öndərimizin də ruhu şad olsun. Nə qədər aradan illər ötüb keçsə də bu illər adama sanki dünənki gün kimi gəlir, yəni elə bil sanki elə bil ki bu gün ayrılmışıq. Zaman nə qədər dərdlərə, yaralara məlhəm olsa belə , elə bil ki, qaysaq bağlamış yaraların, qayşağı yenidən qopur. Qayşaq bağlamayan bu yaraların adı həsrət, dərman isə Qarabağdır. Bəli, artıq bu gün sevincdən hər şey adama sanki, bir yuxu kimi gəlir. Bütün bunlar üçün biz bizim Ali Baş Komandanımız İlham Əliyev minnətdarıq.

Mən istərdim birbaşa cənab Prezidentimizə üzümü tutum: Cənab Ali Baş Komandan, siz onsuz da bizim üçün bir  dahi idiniz. Bu gün bu zirvə daha da ucaldı qəlblərdə bizim Qəhrəman Prezidentimiz. Mən həmişə sizin mövqeyinizi dəstəkləmiş, böyük bir ümidlə hər zaman sizə inanmışam. Bu il sanki elə bil qəlbim hiss etmişdi bu günü. Mən sizə sonsuz təşəkkür edirəm. Mən deyirəm ki, Şuşanı bizə qaytaran, buz bağlamış qəlblərin buzunu əridən, həsrətli gözlərə sevinc bəxş edən Prezidentimiz. Siz bizə elə bir xoşbəxtlik bəxş etdiniz ki… Siz Azərbaycanın qeyrətli övladı, Qəhrəman Ali Baş Komandanımızsız. Azərbaycanın gələcəyi uğurlu bir gələcək olacaq İnşallah! Şükürlər olsun ki,   bunlar sizin sayənizdə olacaq. Mənim sizə sualım belə olub ki : Mən sizin bir tarixə çevrilməyinizi, dahi bir döyüşçü kimi yazılmanizi arzu etmişəm! Dərdlərinin dərmanı, dilimizin əzbəri, yuxusuz illərimizin gözəl anını yazardınız bizlərə. Düşmənin dizini yerə qoyub onu məğlub edən, mərd Prezidentimiz.

Qoy bütün türk dünyası var olsun. Mən Azərbaycana vahid bir Türk  dünyası olmağıni arzu edirəm. Bu il deyərdim ki, tez-tez  yuxumda Şuşanı görürdüm. Hətta elə bil oranın iyi belə mənə oyan demisdi. Sənsiz bir bilsən necə darıxmışdım Susam.

-Necə hesab edirsən, Şuşa bunca ayrılıqdan sonra necə qarşılayacaq?

- İstərdim ki, bir döyüşçü kimi qarşılasın məni, Vətənim. Çünki məndə həsrətimlə döyüşmüşəm. O vaxt xoşbəxt olaram ki, qoynunda mənə yer versin. Bütün arzularım Şuşamla idi, sanki elə bil, ömrüm də Şuşamla birlikdə işğal olmuşdu.Ötüb keçən ömrüm belə Şuşamın yolunda fəda olsun. Mən səndən ayrılanda orta məktəbin sonuncu ilində idim. Kaş ki, o illərə dönə biləydim. Amma ona yenə deyirəm: Bizlərə yer ver Vətən! Allahın imtahanı böyük oldu sənsiz,  Vətən. Nə aciymis sənsiz ömür keçirmək. Elə bil ki, ömrümüz lənətlənmiş kimi gəlirdi adama, yaşamaq belə istəmirdi ki, insan. Çox ağır idi qaçqınlıq adı ay Vətən. Nələr var ürəyimdə sənə deyiləsi bir bilsən.

-Şuşaya ilk ayaq basanda nə edəcəksən?

-Şuşaya ayaq basan kimi, ilk növbədə torpağından öpüb, orada namaz qılıb, qəbiristanlığı ziyarət edəcəm. Şuşa Məscidinə gedəcəm, Şuşanı başdan ayağa gəzəcəm. Dünyanın baş tacı olan, tayı-bərabəri olmayan Vətənim. Gəlişi ilə qəlbləri sevindirən Vətənim, nə yaxşı ki varsan , sən Azadsan. Bundan belə sənə toy-duyun yaraşır Vətən! Qədəmin mübarək ay Vətən!

-Şuşadan ayrıldığın o son günlər yadına düşürmü, yoxsa azadlığı o dərdi unutdurdu?

-Bütün Şuşalilardan, Şuşadan ayrıldığı günü soruşsan ancaq gözlərdən axan yaşı, yarımçıq qalan həyat hekayələrini dinləmiş olarsan. Yaddan çıxmaz oradan çıxmağın o anları.

 Mən heç çıxmaq istəmirdim, məcbur olduq. Şuşadan çıxanda "akara"- yol deyilən, yolla çıxdıq. Atam isə orada qaldı, çünki o hərbiçi idi. Son dəfə geri dönüb Şuşaya baxdım, inanmaq olmazdı ki, bu qədər zaman keçərdi. Nə etmək olardı ki, bu da mənim ömrümə yazılan bir həsrət və bir imtahan idi.

 Artıq o illər geridə qaldı. Şuşanı şuşalılar çox mərdi- mərdanə qoruyurdu. Həyat nə qədər ağrılı- acılı keçsə də belə, səhər hamı öz iş- gücü ilə məşğul olardı, sanki elə bil, heç nə olmamışdı. Buna baxmayaraq Şuşa xəyanətin qurbanı oldu. Biz Prezidentə ona görə minnətdarıq ki, 200-ildən artıq tarixlə bərabər, bütün tarixin qisasını aldı. Bu torpağın vətənpərvər oğlu, elmi ilə dünyanı mat edən, Heydər Əliyev siyasətinin davamçısı olan fəxrimiz, cənab İlham Əliyev. Bu günün Azərbaycanı üçün onunla qürur duyuram. Nə yaxşı ki, sənin Vətəndaşınam, sənin qoynunda böyümüş, sənin suyunu içmiş, çörəyini yemişəm, Azərbaycanım. Qəlbimdə sənə sonsuz bir məhəbbətim var, Vətənim Azərbaycan, elim, yurdum, sevincim Şuşam. Dünən əsir olan Şuşa, bu gün azaddır. Başını  dik tut Azərbaycan! Çünki, sənin üçün canını fəda edən Şəhidlərin var, qoynunda uyuyan. Şuşa bizimdir! Qarabağ Azərbaycandir!

-Mədəniyyət beşiyi olan Şuşa böyük sənətkarlar yetişdirib. Hər bir Şuşalıda Qarabağn avazı var, deyirlər.

-Mənim də bir şuşalı kimi elmə, musiqiyə çox böyük bir hörmətim var. Muğamı da çox sevirəm. Şuşa ilə bağlı o, niskilli vaxtlarının birində bir gün efirdə İlkin Məmmədovun bir segahına qulaq asdım. O, belə deyirdi: Nədəndir yığışmır bu yollardan gözlərim. Görəsən bu yollarda kimim var mənim. Buna qulaq asdıqda, yamanca ağladım. Çünki, onun sözlərinə cavab olaraq dedim ki, o yollarda həsrətim, olan Şuşam var mənim. Şükür Allaha ki, bu günləri yaşatdı bizlərə. Zəfərin mübarək Azərbaycan! İki dövlət bir millət olan türk dünyası, gözüm aydın . Torpaq uğrunda ölən varsa, Vətəndir. İgidlərin var olsun, Vətən! Azad olan nəfəsinə qurbanam sənin ay, Şuşam. Noyabrın 8- indən azadsan Şuşam. Bütün hisslərimi, arzularımı, sənlə bağlamışdır ay, Şuşam. Sanki, elə bil, yenidən doğulmuşam. Butun sabahların aydın olsun qədim Vətən! Fəxr edirəm ki, mən Şuşalıyam. Burda məndən bir yadigar, sənə Vətən!