Özbəkistanın İT sahəsində uğrları: ixrac 5 milyard dollara çatdırılacaq

11:30 16.10.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Günümüzdə dünyada informasiya texnologiyası ən sürətlə inkişaf edən sahə olduğundan, dövlətlər bu istiqamətdə böyük layihələr icra edirlər. Bu olkələrdən biri də qardaş Özbəkistandır.

Hafta.az-ın yazdığına görə, Özbəkistanın Rəqəmsal Texnologiyalar Nazirliyinin məlumatında deyilir ki, 2023-cü ildə İT-park 1 milyard dollar dəyərində xidmət göstərib. Bu da 2022-ci illə müqayisədə 1,9 dəfə çoxdur.

İT sektoru Özbəkistanda iqtisadi artımın əsas katalizatorlarından birinə çevrilib. Hökumət onu yeni stimullarla dəstəkləyir və 2030-cu ilə qədər təkcə İT xidmətlərinin ixracının 5 milyard dollar təşkil edəcəyini gözləyir.

Özbəkistan hökuməti daha yaxşı vergi şəraiti yaradır və şirkətləri dəstəkləmək üçün bir çox proqramlar həyata keçirir. Məqsəd ölkə iqtisadiyyatını dəstəkləmək və 30 yaşadək savadlı gəncləri, o cümlədən xarici dilləri bilən gəncləri işlə təmin etməkdir.

Bununla belə, ekspertlər hesab edirlər ki, hazırda Özbəkistanda 110 mindən çox gənc istedadlı İT mütəxəssisi var.

Özbəkistan 5 ildə nəyə nail olub?

2023-cü ilin sonunda Özbəkistanın İT parkında rezidentlərin sayı 1652 nəfərə çatıb ki, onlardan 426-sı xarici kapitalın iştirakı ilə işləyir. Texnologiyalar parkı 26 min nəfəri işlə təmin edib, onlardan 3641-i regionlarda işləyir.

2030-cu ilə qədər texnopark ixrac rəqəmlərini 5 milyard dollar (2023-cü ildə 344 milyon dollar) artırmağı planlaşdırır. İT-park rezidentləri artıq öz xidmətlərini ABŞ və Böyük Britaniyaya ixrac edirlər.

Texnoparkın rəhbərliyi 2030-cu ilə qədər rezidentlərin sayını 10 minə çatdırmağı və 300 mindən çox yeni iş yeri yaratmağı planlaşdırır.

Bundan əlavə, Özbəkistanda İT kəndi, uşaqların 1-9-cu siniflərdən başlayaraq informasiya texnologiyaları və İT bacarıqlarını öyrənə biləcəyi xüsusi mərkəzlər tikilir. Özbəkistan prezidenti bütün regionlarda belələrinin yaradılması barədə göstəriş verib. İlk İT kəndi Səmərqənd vilayətinin Nurabad rayonunda yaradılıb.

Məqsədlərinə çatmaq üçün Özbəkistan texnoparkı xarici rezidentlərə əsas proqramlar təqdim edir: xarici İT şirkətləri üçün “Sıfır Risk” və qlobal bazara çıxmaq istəyən yerli şirkətlər üçün Local2Global.

“Sıfır Risk” proqramında şirkətlərə 1 il müddətinə regionlarda pulsuz ofislər açılır, onların texniki təchizatında köməklik göstərilir və güzəştlər edilir, yerli işçilərin əməkhaqlarının ödənilməsinə töhfə verir, şçilərinin peşəkar inkişafı üçün 5 min dollara qədər vəsait xərcləyir.

Proqram bizneslə bağlı riskləri və xərcləri azaltmağa, innovasiya və ixrac fəaliyyətlərinə diqqət yetirməyə kömək edir.

Local2Global proqramının isə Özbəkistan vətəndaşları üçün üstünlüklərinə məhsul ixracı üzrə mentorların xərclərinin 50 faizinin ödənilməsi, xarici səfərlər, beynəlxalq konfranslarda iştirak, həmçinin Coursera kurslarına pulsuz giriş və ixrac mentorluğu daxildir.

İT-parkın rezident statusu sizi bütün növ vergilərdən azad edir: bura korporativ vergi, gəlir vergisi, sosial ayırmalar və idxal olunan mallar üzrə ƏDV daxildir. Şəxsi gəlir vergisi 7,5 faiz məbləğində ödənilir.

Xarici investorlar, İT mütəxəssisləri və startap təsisçiləri üçün iş icazəsi tələb olunmur və İT vizaları üç ilə qədər etibarlıdır.

Bir pəncərə xidməti əcnəbilərə şirkəti qeydiyyatdan keçirməyə, vergi bəyannamələrini, bank hesablarını və ofis sahəsini əldə etməyə kömək edir.

Daşkənddəki texnopark 2019-cu ilin yayında Mərkəzi Asiya ölkələrinin əksəriyyətinə nisbətən gec fəaliyyətə başlayıb, lakin qısa müddət ərzində sakinlərə güzəştlər və üstünlüklər təqdim edərək regionun liderlərindən birinə çevrilib.

Qazaxıstanda ilk İT parkı hələ 2003-cü ildə Almatıda yaradılıb. Daha sonra digər bölgələrdə də eyni platformalar işə salınıb və hazırda bütün sistem ölkədə fəaliyyət göstərir. İlkin məlumatlara görə, 2023-cü ildə park 500 milyon dollar dəyərində İT xidmətləri ixrac edib.

Sentyabrda İT Park Özbəkistan və Astana Hub arasında yeni vahid brend olan Mərkəzi Asiya İnnovasiya Qovşaqları altında assosiasiya memorandumu imzalanıb. İki İT qovşağının liderləri bu əməkdaşlığın məqsədinin regional kimliyin formalaşdırılması, startap ekosistemlərinin və vençur fondlarının inkişafı sahəsində təcrübə mübadiləsinin aparılması, həmçinin Mərkəzi Asiyada perspektivli layihələrin təşviqi üçün bir sıra birgə təşəbbüslərin həyata keçirilməsi olacağını bəyan ediblər.

Sonda qeyd edək ki, Özbəkistanla qonşu Qırğızıstanda xüsusi qanuni və güzəştli vergi rejimi ilə Yüksək Texnologiyalar Parkı 2013-cü ildə açılıb. 2023-cü ilin sonuna xidmət ixracı 87,1 milyon dollar təşkil edib.

Türkmənistanda isə “Türkmən İT Parkı” 2018-ci ildə yaradılıb, lakin parkın ictimai sahədə fəaliyyəti haqqında məlumat yoxdur…