Özəl tibb müəssisələrində vahid qiymət siyasəti tətbiq oluna bilərmi?

16:19 29.10.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

“Dövlət xəstəxanalarında vahid qiymət siyasətinin tətbiq olunması bu sahədəki boşluğu aradan qaldıracaq. Əvvəllər Azərbaycanda dövlət səhiyyə müəssisələrində tibbi xidmətlər pulsuz idi. Lakin müəssisələrin publik hüquqi şəxsə çevrilməsindən sonra xəstəxanaların büdcədən maliyyələşməklə yanaşı, özlərinin əlavə pullu xidmət göstərmək imkanları da yarandı. Amma bu məsələdə sui-istifadə hallarına yol verilirdi. Nəticədə xəstə və həkim arasında qiymət məsələsində müəyyən konfiliklər ortaya çıxırdı. Vahid qiymət tarifi məhz bu kimi problemlərin aradan qaldırılmasına imkan yaradacaq”. Bu fikirləri hafta.az-a açıqlamasında sosial məsələlər üzrə ekspert İlqar Hüseynli bildirib.

Gələcəkdə vahid qiymət siyasətinin özəl tibb müəsisələrinə də tətbiq olunması ehtimalına gəlincə, ekspert bunu mümkünsüz sayır. Onun sözlərinə görə, bu bazar iqtisadiyyatı prinsiplərinə zidd addım ola bilər: “Özəl sektora belə bir müdaxilə qeyri-mümkündür. Bu təxminən Tarif Şurasının dərmanların qiymətinə müdaxilə kimi bir sistemin formalaşmasına gətirib çıxara bilər. Zaman göstərir ki, strateji əhəmiyyətli məhsulların qiymətlərini istisna etsək, özəl sahibkarlıq subyektlərində hər hansı xidmətlərin dövlət tərəfindən tənzimlənməsi effektiv deyil. Çünki qiymətlərə bir neçə faktorlar ciddi şəkildə təsir göstərir. Bura icarə, ən son tibbi avadanlıqlar, peşəkar xidmət və s. Ona görə də bu sahədə vahid tarifin tətbiq oluna bilmə ehtimalı demək olar ki, yoxdur”.

Qeyd edək ki, bu gün ”Milli Məclisin plenar iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” qanuna təklif edilən dəyişiklik layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verərək deyib ki, dəyişikliklər qüvvəyə minəndən sonra tibb müəssisələrində fərqli qiymətlərin olması problemi aradan qaldırılacaq. Dəyişikliyə əsasən, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edəcək. Dəyişiklik icbari tibbi sığorta ilə əhatə olunmayan və dövlət tibb müəssisələri üzrə əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin təsdiq edilməsinin hüquqi əsasının yaradılması məqsədilə hazırlanıb. Dəyişiklik “Tibbi sığorta haqqında” qanuna uyğun olarsa, xidmətlər zərfinə daxil olmayan və dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərinin, habelə həmin qanuna əsasən sığortaolunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) - TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə münasibətdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA), digər tibb müəssisələrinə münasibətdə isə tabe olduqları dövlət orqanları (qurumları) tərəfindən təsdiq edilməsi ilə bağlı münasibətləri tənzimləyəcək. Qanun layihəsi müzakirələrdən sonra üçüncü - sonuncu oxunuşda qəbul edilib.