Hindistanla Pakistan arasında mübahisəli Kəşmir bölgəsində baş verən hücumdan sonra yaranan gərginlik hərtərəfli müharibəyə çevrilməmişdən əvvəl dayandırılıb. Nüvə silahına malik iki ölkə mayın 10-da ABŞ-ın vasitəçiliyi ilə atəşkəs elan edib.
Hafta.az-ın yazdığına görə, “The Guardian” dünyanı qorxuya salan münaqişəni dayandırmaq üçün həyata keçirilən atəşkəs prosesinin pərdə arxasından yazıb.
Qəzetə adının açıqlanmasını istəməyən iki Pakistan kəşfiyyat rəsmisi bildirib ki, ABŞ dövlət katibi Marko Rubio mayın 10-da səhər saatlarında Pakistan ordusunun rəisi Asim Munirlə telefonla danışıb.
Rəsmilər ABŞ-ın vasitəçiliyi ilə keçirilən atəşkəs danışıqlarının təxminən 8 saat davam etdiyini bildirib.
Təhlildə Trampın əvvəlcə müdaxilə etmədiyi və vitse-prezident J.D.Vensin münaqişələrlə bağlı “Bizim problemimiz deyil” dediyi xatırladılır. Bununla belə, iki nüvə dövləti arasında gərginliyin bütövlükdə müharibəyə çevrilməsi ehtimalının Vaşinqtonu qorxutduğu və Trampın nəhayət hərəkətə keçməyə qərar verdiyi yazılır.
Bildirilir ki, ABŞ prezidenti Rubioya Pakistan rəhbərliyi, Vensə isə Hindistanın baş naziri Narendra Modi ilə görüşməyi tapşırıb.
Rubionun təkcə Munirlə deyil, Pakistanın baş naziri Şahbaz Şərif və Kəşfiyyat Baş direktoru, general Asim Maliklə də əlaqə saxladığı bildirilir.
Pakistan rəsmiləri Vaşinqtonun bu işə qarışmasından məmnun olduqlarını deyiblər: "ABŞ-ın müdaxiləsini alqışladıq. Müharibə istəmirik, lakin bu, bizə məcbur edilirsə, o zaman təcavüzlə cavab verməkdən başqa çarəmiz qalmır".
Bildirilir ki, ABŞ-dan başqa, Səudiyyə Ərəbistanı, İran və Birləşmiş Ərəb Əmirlikləri tərəflərlə əlaqə saxlayır, Böyük Britaniya isə diplomatik kanallarla təzyiq göstərir.
İslamabad administrasiyası ABŞ-ın vasitəçiliyi ilə atəşkəsin əldə edildiyini ictimaiyyətlə bölüşsə də, Dehli Vaşinqtonun prosesdəki rolu ilə bağlı açıqlama verməyib. Modi atəşkəslə bağlı çıxışında təklifin Pakistandan gəldiyini iddia etmişdi.
BBC-nin təhlili göstərir ki, Hindistan Kəşmir məsələsinə üçüncü tərəfin müdaxiləsinə icazə vermək istəmir və məsələyə tabu kimi baxılır. Buna görə də Trampın müdaxiləsinin Modi administrasiyasını çətin vəziyyətə saldığı vurğulanır. Bildirilir ki, rəsmi Dehli bir tərəfdən Vaşinqtonun vasitəçiliyini istəmir, digər tərəfdən isə Tramp administrasiyası ilə yaxşı münasibətləri davam etdirməyi hədəfləyir.
Hindistanın idarə etdiyi Cammu və Kəşmirin Pahalqam rayonunda aprelin 22-də həyata keçirilən hücumda 26 turist həlak olub, Pakistanda qadağan olunmuş Laşkar-e-Tayyiba (LET) təşkilatının uzantısı olan Müqavimət Cəbhəsi (TRF) hadisəyə görə məsuliyyəti öz üzərinə götürüb. “Kəşmir Müqaviməti” olaraq da bilinən radikal islamçı təşkilat verdiyi açıqlamada bölgədəki “demoqrafik dəyişikliyə” qarşı olduğunu bildirib.
Bunun ardınca Yeni Dehli administrasiyası hücumun səbəbkarlarını Pakistandan ittiham edib, İslamabad isə bu iddiaları təkzib edib.
Hindistan ordusunun mayın 6-da Pakistana və İslamabad administrasiyasının nəzarəti altında olan Azad Kəşmir bölgəsinə raket zərbələri endirməsindən sonra gərginlik daha da artıb.