Pakistanda keçmiş baş nazir İmran Xanla bağlı bütün xəbərlərin əsas kanallardan silindiyi iddia edilib.
Hafta.az-ın “Foreign Policy”a istinadən yazdığına görə, Pakistan Elektron Media Tənzimləmə Təşkilatı (PEMRA) ötən həftə yayım qadağası ilə bağlı qərar qəbul edib.
“Reuters”in nəzərdən keçirdiyi qərar mətnində Xanın adı birbaşa qeyd edilməsə də, “nifrət nitqi yayanlara, üsyançılara və bu insanlara kömək edənlərə mediada yer verilməməsi” tələb edilib.
Agentlik bu qərardan sonra Xanın şəkillərinin və adının yerli mediadan silindiyini bildirib. Bundan başqa, xəbər saytlarından keçmiş liderə istinadlar da silinib. Qadağanın yalnız Xana yönəldiyi, yoxsa genişmiqyaslı tətbiq olduğu hələlik dəqiqləşdirilməyib.
Xan korrupsiyada ittiham edilərək mayın 9-da həbs olunub, bundan sonra ölkədə kütləvi etirazlar başlayıb. Etirazlarda azı 9 nəfər ölüb, 1400 nəfər saxlanılıb.
Mayın 11-də paytaxt İslamabadın Ali Məhkəməsi Xanın həbsini “qanunsuz” adlandırıb və onun zaminə buraxılmasına qərar verib.
Xan hökuməti ötən il aprelin 10-da etimadsızlıq səsverməsindən sonra yıxılıb. Ölkədə üç müddət baş nazir vəzifəsini icra edən Nəvaz Şərifin qardaşı Şahbaz Şərif ertəsi gün parlamentdə keçirilən seçkidə 174 səslə baş nazir seçilib.
Koalisiya hökumətinin erkən seçkilər elan etməməsindən sonra Xan 28 oktyabr 2022-ci ildə Lahordan İslamabada yürüşə başlayıb.
Keçmiş lider 2022-ci il noyabrın 3-də Vəzirabadda konvoyu atəşə tutularkən hər iki ayağından yaralanıb. Hücum nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.
70 yaşlı siyasətçi hücumda ordunu və kəşfiyyatı günahlandırıb, ona sui-qəsd edildiyini bildirib. Ordu və kəşfiyyat xanın açıqlamalarının həqiqəti əks etdirmədiyini əsas gətirərək onu qınayıb. Bu açıqlamalardan sonra PEMRA da Xanın çıxışlarının televiziyada yayımını qadağan edib.