Pakistanın “National Herald Tribune” qəzeti Azərbaycanın hərbi Zəfəri barədə AZƏRTAC-ın məqaləsini dərc edib

14:51 11.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Geniş oxucu auditoriyasına malik “National Herald Tribune” qəzeti AZƏRTAC-ın İdarə Heyətinin sədri, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) vitse-prezidenti Aslan Aslanovun Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən bəhs edən publisistik-analitik məqaləsini ingilis dilində yayıb.

“Qüdrətli sərkərdə və müdrik Prezident İlham Əliyev bizi qalib xalqa çevirdi, regionda yeni reallıqlar yaratdı” sərlövhəli məqalədə rəşadətli Azərbaycan Ordusunun böyük zəfəri, o cümlədən müasir hərb tarixində misli görünməmiş Şuşa əməliyyatı haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, 44 gün davam edən müharibə nəticəsində işğalçı Ermənistan kapitulyasiya aktı imzalamağa və üç rayonu döyüşsüz təhvil verməyə məcbur edilib, bununla da Azərbaycanın ərazi bütövlüyü təmin olunub.

Məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin informasiya məkanında və diplomatik müstəvidə nail olduğu uğurlardan, habelə bölgədə yaranan yeni reallıqlardan bəhs edilir.

Qeyd edək ki, “National Herald Tribune” qəzeti Pakistanın ən populyar KİV-lərindən biridir. Onun çap və elektron variantda gündəlik 300 minə yaxın oxucusu var.

Azərbaycanla dost ölkə olan Pakistan mediası ilə AZƏRTAC arasında geniş əlaqələr mövcuddur. Xatırladaq ki, bu ilin fevralında Bakıya gələn bir qrup pakistanlı jurnalist - “İslamabad Post”, “National Herald Tribune”, “Daily Azkaar”, “Pakistan Observer”, “Morning Mail” qəzetlərinin, “24 News”, “HUM News” telekanallarının, “BOL News Network”, “Express” media qurumlarının, “Pakistan in the World”, “Centreline” jurnallarının nümayəndələri AZƏRTAC-da olub, iki ölkənin media qurumları arasında əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə edilib. Bunun nəticəsi olaraq hazırda qarşılıqlı informasiya mübadiləsi geniş vüsət alıb və AZƏRTAC-ın materialları Pakistan KİV-lərində mütəmadi yayılır.