Pandemiya dövründə ikinci Ramazan bayramı

14:41 10.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gün sonra – 14 aprel Azərbaycanda müqəddəs Ramazan ayı başlayır. Qafqaz Müsəlmanlar İdarəsindən verilən məlumata görə, Azərbaycanda Ramazan ayının ilk günü aprelin 13-nə düşəcək. Qeyd olunub ki, bu barədə məlumat Azərbaycan Astrofizika Rəsədxanasından verilib. QMİ-dən bildirilib ki, bəzi ölkələrdə Ramazan ayı aprelin 14-də, çox ölkələrdə isə 13-də başlayacaq.

Bu da o deməkdir ki, artıq 1 ildir dünyanı cənginə alan koronavirus pandemiyasında keçirəcəyimiz ikinci Ramazanı qarşılamağa hazırlaşırıq. Bəs görəsən bu günlərdə ən çox nələrə diqqət etmək lazımdır? Virusa yoluxmuş şəxsin oruc tutması nə dərəcədə doğrudur? Oruc tutan şəxs peyvənd etdirə bilərmi? Hafta.az-ın əməkdaşı bu mövzuda yaranmış suallarını mütəxəssisə ünvanladı.

Həmsöhbətimiz Heydər məscidinin axundu ilahiyyatçı Hacı Rüfət Qarayev oldu. Onun sözlərinə görə İslamın təmizliklə bağlı şərtləri var. Təbii ki pandemiyadan əvvəl də bütün insanlıq üçün buyurulub ki, “təmizlik imandandır”. Yəni pandemiyaya görə tez-tez əlləri yumaq, gigiyenaya fikir vermək lazımdırsa bu müsəlmanlar üçün hər dövrdə keçərlidir. Bu baxımdan koronavirusla bağlı da qoyulan qızıl qaydalardan biri sayılan təmizlik islamda əsas vəzifələrindən hesab olunur.

İlahiyyatçı bildirdi ki, müsəlmanlar üçün pandemiya dövründə oruc tutmaqla bağlı heç bir qadağa yoxdur. Hətta, öncədən peyvənd etdirmiş yaxud da oruclu ikən vaksinasiya olunan adamlar da rahatlıqla oruclarına davam edə bilərlər:

“Oruclu olduğu halda iynə vurdurmağın da qəbahət yoxdur. Şəriyyətimizə görə oruclu şəxs iynə vurdura bilər. Hətta zəruri hallarda qidalandırıcı iynələrdən də istifadə edilə bilər. Yoluxucu xəstəliklərdən qorunmaq üçün edilən bütün tədbirlər ramazan ayında müsəlmanların ibadətinə təsir etmir. Sosial məsafə və digər qaydalar isə, bütün vaxtlarda keçərlidir”.

Həmsöhbətimiz Ramazan ayı boyunca tərkibində spirt olan antibakterial maddələrdən istifadə edib-etməmək məsələsinə də toxundu. Onun fikrincə, belə vasitələrdən istifadə etmək olar. Lakin, bir şərtlə... Belə ki, burada məqsəd sadəcə həmin vasitələrin boğaza getməməsinə diqqət etməkdir. Buruna və əllərə vurulan ətirlərin iyindən çəkinmək lazımdır. Bunlar orucu pozan anmillər sayılmasalar da, bəyənilmir.

R.Qarayev bir məqamı da vurğuladı ki, virusa yoluxmuş şəxs həkim icazə verdiyi təqdirdə, müalicə davam edərkən oruc tuta bilər. Təbii ki burada da müəyyən məqamlara diqqət etmək lazımdır:

“Bu artıq həkimlərin biləcəyi məsələdir. Əgər həkim tövsiyyə edərsə ki, oruc tutmaq müalicə prosesinə  və xəstənin səhhətinə mənfi təsir göstərməz bu zaman oruc tutmaq üçün də problem olmaz. Ola bilsin həkim deyər ki, oruc tutmaq xəstənin səhhəti üçün daha yaxşıdır. Yaxud da əksini bildirsin. Həkim icazə verərsə xəstə dərmanları gün boyu deyil, sahur və ya iftar vaxtı qəbul edə bilər. Lakin bir dasha qeyd edim ki, gün boyu iynə vurmaqla bağlı heç bir problem yoxdur”.

Mütəxəssislər isə bu günlərdə əvvəllər qurulan qalabalıq bayram süfrələrindən çəkinməyə dəvət edir. Xüsusən də, virusun mutasiyaya uğramış növlərinin yayıldığı zamanda qapalı məkanlarda çox adamın iştirakı ilə ediləcək iftar süfrələri insan həyatı üçün təhlükəlidir.

Xatırladaq ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, mayın 13-14-ü Ramazan bayramı ilə əlaqədar ölkədə qeyri-iş günləridir.

Allah oruclarınızı qəbul etsin, bayramınız mübarək!