“Ermənistan Respublikasında yalnız bir hökumət var və bu zalda o hökumət oturub. Qarabağdan köçkün düşmüş bəzi qruplar istər-istəməz Ermənistanın milli təhlükəsizliyinə təhlükə yaradan hərəkət və addımlar atırlar, bəziləri “mühacirətdə hökumətləri”ni elan edirlər və s. Bəli, Ermənistan Respublikasında hökumət var və bu zalda o hökumət oturub”.
Hafta.az xəbər verir ki, “Hraparak”ın yaydığı məlumata görə, bunu bir az əvvəl Ermənistan hökumətinin iclasında Azərbaycan ərazisində ləğv olunmuş separatçı-terrorçu rejimin sonuncu qondarma “prezidenti” Samvel Şahramanyanın son açıqlamalarına münasibət bildirən baş nazir Nikol Paşinyan söyləyib.
“Ehtiyac olarsa, müvafiq addımlar atılmalı və müvafiq tədbirlər görülməlidir ki, xarici qüvvələr müəyyən dairələrdən istifadə edərək Ermənistanın təhlükəsizliyinə təhdid yaratmasın. İstər-istəməz, bu başqa sualdır, amma cavab vermək lazımdır. O mesajlarla çıxış edənlərin məsuliyyətlə hərəkət etmək imkanı var idi və biz onların ilk fürsətdə nə etdiklərini gördük. Tutaq ki, hamı gedir, kirayə mənzil alır, bir lövhə vurub deyir ki, “bunun hökuməti bizik”. Onsuz da dövlətə qarşı sırf hörmət-hörmətsizlik xəttini keçən bu cür hərəkətlər Ermənistan respublikası tərəfindən reaksiyasız qala bilməz”, - deyə Paşinyan vurğulayıb.
Xatırladılır ki, Fransanın “Le Figaro” nəşrinin müxbirinin “Qarabağdan köçmüş ermənilərin mühacirətdə dövlət və hökuməti varmı” sualına Şahramanyan belə cavab verib:
“Bəli, İrəvanda sizi qəbul etdiyim binada artsax prezidentinin ofisi və məhkəmə və qanunvericilik strukturlarının ofisləri yerləşir. Parlament üzvləri səs vermək üçün buraya toplaşa bilərlər. Oktyabrda mən fərman imzaladım ki, bütün hökumət nazirləri könüllülük əsasında öz vəzifələrində qalsınlar”.