Rusiya hərbi kontingentinin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində varlığını sürdürməyə çalışan separatçı rejimin təmsilçiləri arasında "hakimiyyət davası" pik həddə çatıb. Artıq məsələ ilə bağlı erməni mətbuatında ilginc məlumatlar yayılmaqdadır.
Hafta.az bildirir ki, “Hraparak” qəzeti bir neçə gün əvvəl separatçı rejimin "təhlükəsizlik şurasının keçmiş katibi" Samvel Babayanın tam fiaskoya uğradığını bəyan edib:
"O, aylardır böyük bir mitinqə hazırlaşırdı, amma Stepanakert (Xankəndi red .) meydanına bir neçə yüz, ən yaxşı halda min adam toplaya bilmişdi. Hakimiyyətə qarşı tənqidlərə, sərt addımlar atmaq təhdidlərinə baxmayaraq, onun təzyiq göstərə bilmədiyi və məqsədinə, xüsusən də dövlət naziri təyinatına nail ola bilmədiyi aydındır. Lakin Artsax (Qarabağ red) hakimiyyəti təslim oldu və siyasi sahənin bütün nümayəndələri ilə məsləhətləşmələrə başladığını elan etdi. Bəzi məlumatlara görə, Qarabağ hakimiyyəti Ermənistanın təzyiqi altında idi.
Qarabağdadakı mənbələrimiz qorxur ki, on günlük məsləhətləşmələrdən sonra Babayan dövlət naziri təyin olunacaq və Babayanla qohumluq əlaqələri olan hazırkı dövlət naziri Qurgen Nersisyan yenidən baş prokuror postuna qayıdacaq. Yeri gəlmişkən, baş prokuror vəzifəsi hələ də boşdur. Onlar deyirlər ki, bir gün əvvəl Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağa razılıq verən Nikol Paşinyan Babayanı təyin etməklə Qarabağı Azərbaycana təslim etmək kimi sonuncu aktı həyata keçirməyə çalışacaq.
Artıq müxtəlif ssenarilər müzakirə olunur ki, əvvəlcə “dövlət naziri Samvel Babayanın tələbi ilə” azərbaycanlılar keçid məntəqəsini açacaq, bu da onun nüfuzunu artıracaq, lakin çoxlu sayda insan Qarabağı tərk edəcək. Sonra o, Rusiya sülhməramlılarının təhlükəsizliyini təmin etmədikləri üçün onların getməsini tələb edəcək. Sonra o, Azərbaycan şirkətlərinə Qarabağ yataqlarının istismarına icazə verəcək və bütün hallarda pulun büdcəyə daxil olacağını əsaslandıracaq. Və azərbaycanlılar buranın sahibi kimi yaşamağa başlayacaqlar. Amma məlumatlı mənbə bildirib ki, Samvel Babayanın dövlət naziri təyin olunması istisna olunur. Ən azı nə qədər ki, Arayik Arutyunyan ölkə prezidenti kürsüsündə oturub”, – qəzet yazır.
Göründüyü kimi, ermənilər arasında isterik vəziyyət hökm sürür. Azərbaycan isə onsuz da bu əraziləri nəzarətində saxlayır və baş verənlərdən tam xəbərdardır. Qarabağda nəzarətin bərpa olunması və qanunun aliliyin təmini üçün isə rəsmi Bakının hansısa separatçı "generalla" danışıqlar apararaq sövdələşməyə getməsinə heç bir ehtiyac yoxdur. Onsuz da bütün proseslər separatçıların tam təslimiyyətinə doğru aparır.