Paytaxtdakı köhnə konsert afişaları – Niyə yığışdırılmır?

14:33 15.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın mərkəzi küçələrində tez-tez rastımıza çıxan, son zamanlar isə demək olar ki heç bir işə yaramayan reklam lövhələri, köhnə konsert afişaları. Baxmayaraq ki, artıq 8 aydan çoxdur ölkəmizdə kütləvi tədbirlərin, teatr və konsertlərin keçirilməsinə olan qadağa mövcuddur, lakin hələ də addım başı bu tip reklamlara rast gəlmək mümkündür.

Şəhərdə apardığımız müşahidələr zamanı sevindirici məqam ondan ibarət oldu ki, burada orduya dəstəklə bağlı plaktlar, videoçarxlar da az deyildi. Görəsən digər lazımsız reklamların yerinə vətənpərvərliklə bağlı afişalar asmaq olmaz? Ümumiyyətlə köhnə reklam afişalarının yeniləri ilə əvəz edilməsinə hansı qurumlar nəzarət edir?

Yaranmış suallara aydınlıq gətirmək üçün hafta.az-ın əməkdaşı ilk növbədə Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov ilə əlaqə saxladı. O, bildirdi ki, artıq 2018-ci ildən bu məsələyə Azərbaycan Dövlət Reklam Agentliyi baxır:

“Bunların bizə heç bir aidiyyatı yoxdur, reklam afişalarının yenilənməsi və hərbi vətənpərərliklə bağlı məlumatların yerləşdirilməsi ADRA-in səlahiyyətindədir”.

Elə mövzu ilə bağlı növbəti həmsöhbətimiz də, ADRA-ın mətbuat katibi Hüseyn Azəri oldu. H.Azəri bildirdi ki, şəhərin bir sıra hissəsində mövcud olan reklam xarakterli, film, konsert afişaları, mədəniyyət evlərinin nəzarətindədir:

“Buna misal olaraq deyə bilərəm ki, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının qarşısında yerləşən reklam afişalarına həmin teatr özü cavabdehdir. Biz də, açıq məkanlardakı reklamlara nəzarət edirik. Tutaq ki, siz, şəhərdə bilboardlar görürsüz. Onlar müxtəlif sahibkarların ola bilər. Bəzi sahibkarlarda 2 bilboard olur, bəzilərində isə, 10 dənə. Həmin sahibkarlar reklamı yerləşdirməmişdən əvvəl bizə eskizlərini göndərir, bizim qurum da icazəni verir ki, onu yayımlamaq olar yaxud olmaz. ADRA burada sadəcə icazə məsələlərinə baxır”.

Müsahibimiz onu da qeyd etdi ki, hazırda agentliyin təşəbbüsü ilə, tək paytaxtda deyil, eləcə də digər bütün bölgələrdə hərbi vətənpərvərlik mövzusunda bilboardlar, videoçarxlar var:

“Belə reklam lövhələrində Müdafiə Nazirliyinin paylaşdığı videolar, prezidentin tvitləri yayımlanır. Bunun üçün xüsusi video və şəkilli afişaları ölkənin hər yerində görə bilərsiniz”.

Əməkdaşımız şəhərdəki köhnə reklam afişalarının mövcudluğu haqqında Bakı Dövlət Universitetinin professoru, media eksperti Qulu Məhərrəmlinin də fikirlərini öyrəndi. O, söylədi ki, son 2 ildə bütün reklam lövhələri ADRA-ın nəzarətindədir:

“Elektron lövhələrdəki reklamlar tez-tez dəyişsə də, köhnələri hələ də qalmaqdadır. Əvvəllər Bakı şəhərinin xüsusi informasiya və reklam idarəsi var idi. Daha sonra prezidentin sərəncamı ilə ADRA yaradıldı və reklamla bağlı bütün məsələlər bu quruma daxil edildi. Mənə elə gəlir ki, Bakı Şəhər Mədəniyyət idarəsi, Mədəniyyət nazirliyi və reklam agentliyi arasında müəyyən edilməmiş sərhədlər var. Köhnə reklam afişalarının mövcudluğu da, bundan qaynaqlanır. Ayrı-ayrı mədəniyyət müəsisələrinin reklamlarını asmaq üçün ayrılmış xüsusi yerlər mövcuddur. Bunlar da konkret müəsisəyə aiddir”.

Ekspert onu da qeyd etdi ki, aidiyyatı qurumların, hərbi vətənpərvərliklə bağlı olaraq, son zamanlarda apardığı təbliğat işləri təqdirə layiqdir:

“Mən müşahidələrimə əsaslanaraq söyləyə bilərəm ki, hazırda hərbi vətənpərərliklə bağlı reklam agentliyinin hazırladığı çoxlu sayda afişalar mövcuddur. Bundan əlavə iri  ticarət mərkəzlərində qəbzlərdən tutmuş, səsləndirilən vətənpərvər çağırışlara qədər, çox şeylər düşünülüb, hazırlanıb. Əhalinin sıx olduğu yerlərdə, elektron lövhələr var ki, burada da, ordumuzun uğurları ilə bağlı dəqiq informasiyalar mövcuddur. Bütün bu işlər təqdirə layiqdir.

Növbəti müsahibimiz, Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Məhəmməd Həmzəyevin sözlərinə görə, köhnə reklam afişalarının mövcudluğu haqqında məlumatı olmasa da, hərbi vətənpərvərlik mövzusu hər zaman nazirliyin diqqətindədir:

“Cəbhədə əks-hücum əməliyyatları başladığı gündən isə, nazirlik tərəfindən xüsusi olaraq, çox saylı layihələrə start verilib. Bunlara misal olaraq, “Ordumuz üçün yarat” aksiyasını, “Qarabağ mədəniyyətimizin beşiyi”, “Qarabağnamə” layihələrini və yaxın vaxtlarda elan olunacaq “Mənim qəhrəman əsgərim” hekayə müsabiqəsini göstərə bilərik. Eyni zamanda internet aləmində də, nazirlik bir sıra təbliğatlar həyata keçirir”.

Paytaxtımızda apardığımız müşahidələrdən, ekspert rəyindən və eləcə də rəsmi qurumlardan aldığımız məlumatlar əsasında söyləyə bilərik ki, hazırda tək Bakıda deyil, bölgələrdə də, hərbi vətənpərvərliklə bağlı kifayət qədər, afişalar, çağırışlar, plakatlar mövcuddur. O ki qaldı köhnə film, teatr, konsert tipli lövhələrə, ümüd edirik ki, məsələ tezliklə öz həllini tapacaq.

Banu Hüseynli

 

Oxunma sayı 4906